Kənani Tehranda Azərbaycan səfirliyinin açılması üçün danışıqlar aparıldığını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani deyib ki, Azərbaycan və İran xarici işlər nazirləri arasında müxtəlif fasilələrlə 4 dəfə danışıqlar aparılıb.

O bildirib ki, sonuncu danışıqlar zamanı gərginliyi idarə etmək və mübahisələri həll etmək üçün iki ölkə arasında texniki nümayəndə heyətlərinin mübadiləsi və digər addımlar razılaşdırılıb.

Kənaninin sözlərinə görə, Tehranda Azərbaycan səfirliyinin yenidən açılması üçün danışıqlar aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub. Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İyunun 5-də Ceyhun Bayramov bildirib ki, İran Azərbaycan səfirinin geri qayıtmasını istəyir: “İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə hələ danışmaq tezdir. Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”.

Xatırladaq ki, bu ilin mart ayında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra rəsmi Bakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasına qərar verib. Başda səfir Əli Əlizadə olmaqla, bütün diplomatlar və onların ailə üzvləri İrandan təxliyə olunub.

Həmçinin yoxlayın

Urmiya gölü ətrafındakı ağaclar talan edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ekofəal Behzad Nəbi Qədim bitkilərin tozlanmasında vacib …

Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İranda məcburi hicab qaydalarının tətbiqi …