GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan və İran şəhərlərində müəllimlərin etiraz aksiyası fevralın 22-i səhər saatlarından başlayıb.
Güney Azərbaycanın Təbriz, Ərdəbil, Zəngan, Qəzvin, Həmədan və başqa şəhərlərində də azərbaycanlı müəllimlər aksiyaya qoşulub və başqa şəhərlərdə olan narazı əməkdaşları ilə həmrəy olduqlarını bildiriblər.
Şəhərlərdə Təhsil Nazirliyinin yerli bölmələri və Baş Təhsil İdarələri qarşısına toplaşan müəllimlər bundan öncə irəli sürdükləri istəklərin yerinə yetirilmədiyi, pozulan hüquqlarının bərpa olunmadığı üçün son həftə ərzində ikinci dəfə aksiya keçirməyə məcbur olduqlarını deyiblər.
Fevralın 19-da İran Təhsil İşçiləri Koordinasiya Şurasının çağırışı ilə onlarla şəhərdə etiraz aksiyası keçirən müəllimlər əmək haqlarının qaldırılmasını, rütbələndirmə qanununun icrasını, siğorta xidmətlərindən istifadə şərtlərinin asanlaşdırılmasını və məhbus müəllimlərin azadlığa buraxılmalarını tələb ediblər.
Xatırladaq ki, son günlər müəllimlər Güney Azərbaycan və İranın bir sıra şəhərlərində davamlı olaraq etiraz aksiyası keçirirlər. Rejim isə çox sayda müəllim həbs və təzyiqlərə məruz qoyur.