GADTB: Pyetro della Valle ilə yanaşı, I Şah Abbasın sarayına Avropa dövlətlərindən göndərilmiş elçilərin çoxu eyni durumla qarşılaşmışdılar. İspaniyalı elçi Don Qarsiya de Silva Fiqeroa 1618-ci ildə I Şah Abbas tərəfindən qəbul edildiyi rəsmi məclislərin birində Osmanlı, Lahor, Özbək, Venesiya, İngiltərə elçilərinin iştirak etdiyini və burada danışıqların türk dilində getdiyini, bu dilin Səfəvi sarayında işlək dil olduğunu öz şəxsi müşahidəsi əsasında görüb yazmışdı.
E.Kempfer də yazırdı ki, İsfahanda Səfəvi sarayında işlək dil türk dili olub, Səfəvi sülaləsinin də doğma ana dilidir. Türk dili saraydan dövlətin böyükləri və hörmətli adamların da evlərinə yayılmış və şahın mərhəmətini qazanmaq istəyənlərin hamısı bu dildə danışırlar. Bu gün iş belə bir duruma çatmışdı: «Kim istəyir başı bədənin üstündə salamat qala, onda türk dilini bilməlidir». Bu dil həddən çox ciddi, ahəngdar və əzəmətli olduğuna görə də sarayın danışıq dili olmuşdu. Dövrün tarixi gerçəkliklərinin əsas göstərciləri olan belə məlumatlar zərbaycan Səfəvi dövlətinin tarixini təhrif edən tarixçilərin iqqətindən kənarda qalmış, elmi dövriyyəyə cəlb olunmamışdı.
1636-1639-cu illərdə Qolştiniya elçilərinin tərkibində Səfəvi sarayına gəlmiş Adam Olearinin burada dil haqqındakı qeydləri emək olar ki, Pyetro della Valle və E.Kempferin bu barədə yazdıqlarının üzgünlüyünü təsdiq edərək tamamlayır. O, səyahətnaməsində Şamaxıda elçilərin türk dilində «xoş gəldin» deyə qarşılandığı və bütün Şirvan, Ərdəbil əhalisinin bu dldə danışdıqlarını qeyd edir. Gördüklərinə obyektiv münasibətini bildirən A.Oleari yazır: «Hazırda farslar çalışırlar ki, nəinki öz doğma dillərində, daha çox türk dilində danışsınlar». Şirvan, Azərbaycan, İraq, İrəvanda uşaqları daha çox türk dilində tərbiyə edirlər, xüsusən Şah türk dilində həvəslə danışır, İsfahanda Şah sarayındakılardan təsadüfən fars sözü eşitmək olur. Onun müşahidələrinə görə divanxanada rəsmi görüşdə, sarayda əcnəbi elçilərə verilən qonaqlıqda süfrə xeyir-duasının türkcə oxunması, dövlət nazirlərinin də türkcə danışmaları bu dilin gerçək dövlət dili statusunda olduğunu göstərir.
Adam Oleariyə görə qədim Persiya Səfəvilər dövründəki mərkəzi Şiraz şəhəri olan Fars əyaləti idi və təmiz fars dilində yalnız bu əyalətdə yaşayan əhali danışırdı. Ancaq onun əsərində Fars əyaləti əhalisinin etnik tərkibi haqqında məlumat verilmir. Məlum olduğu kimi, I Şah İsmayılın dövründən başlayaraq bura Zülqədər və başqa türk elləri, oymaqları köçürülüb yerləşdirilmişdilər ki, onların da gerçək danışıq dili özlərinin doğma türk dili idi. (Adam Oleari yazır ki, 16 avqust 1637-ci ildəİsfahanda şahın iştirakı ilə əcnəbi elçilərin şərəfinə təşkil olunmuş ziyafətdən sonra, böyük marşal (eşikağasıbaşı) türkcə “Süfrə haqqını, Şahın dövlətini, qazilər qüvvətini Allahdan diləyəlim” deyə, süfrə xeyir-duası verdikdən sonra, ziyafət iştirakçılarının hamısı Allah, Allah deyərək bu istəyin həyata keçməsini Allahdan arzu etdilər – Z.B.)
I Şah Səfinin (1629-1642) hakimiyyəti illərində Azərbaycanın Şərqlə yanaşı, Avropa ölkələri ilə əlaqələri getdikcə möhkəmlənirdi. Səfəvi sarayında rəsmi qəbullarda danışığın Azərbaycan türk dilində getməsi ilə yanaşı, bəzi sənədlər də bu dildə yazılırdı. I Şah Səfi 1635-ci ildə Venesiya hakiminə Baba Əli adlı bir nəfərlə məktub göndərmişdi. Bu məktubda göstərilir ki, bir neçə il əvvəl İstanbula elçiliyə göndərilən Ağarza İsfahaninin satmaq üçün apardığı ipəyi iki məmurla Venesiyaya göndərilib. İpək satılıb, vəsait Venesiya bankına qoyulub və Baba Əli həmin vəsaiti gətirmək üçün Venesiyaya göndərilib. Baba Əli Şahın məktubunu Venesiya dojuna təqdim etdikdən sonra, vəsaiti götürmək üçün türk dilində aşağıda göstərilən məzmunda qəbz yazıb banka vermişdi: «Vəche təhrir in horuf budur ki, işbu min qırx üç tarixində Şah Səfi həzrətlərinin name-yi şəriflərilə Venedik divanına gəlib səadətli və izzətli doj həzrətlərinin hüzur şəriflərinə sunub zərrəbxanada Mirzə Əli Təbrizi və Baba Əli Ərdəbili əmanət qoyduğu axça iyirmi doqquz min doqquz yüz riyal quruş tələb elədikdə məzkur vokəla-yi doj moşarəleyh qanunları və məhəbbət üzrə məbləğ iyirmi doqquz min doqquz yüz riyal quruş verilsin deyib buyurdular zərrəbxanada olan bəyləri itaət edib biqüsur və bikəsir məbləğ məzkuri bizə təslim elədilər. Biz də dəxi qəbz etdik və bu quruşdan qeyri çuxa bahasın eyni hesabla elədik bankda üç min iki yüz qırx dukat on altı suti on bir qəbati bizə vasil oldu və dəxi bir sandıq moğəvva ayna və çeşmək və doqquz tüfəng və bir kon sandıq puç inci… və bir kon sandıq xurde batəmam bizə vasil oldu və üzərində bir axça bir həbbe qaldı. Əzəldən işbu təzokkore təhrir qılınıb və yədlərinə təməssuk üçün verilmişdir təhrirən fi şəhr rəcəb səne 1045… Əli».
Belə ki, bir sıra Şərq dövlətlərindən fərqli olaraq Səfəvilər dövlətində inşa divanında və bu ölkədə ədəbi-bədii yaradıcılıqda türk dilinin nüfuzu artmış, onun işlənmə dairəsi daha da genişlənmişdi. I Şah Abbas və I Şah Səfi dövründə türk dilindəki diplomatik yazışmalar, rəsmi sənədlər Səfəvi dövlətində XVI əsrdə olduğu kimi, XVII əsrdə də türk dilinin fars dilinə nisbətən daha çox işlək olmasından xəbər verir.
XVII yüzilliyin ortaları və ikinci yarısında Avropa ölkələrindən müxtəlif məqsədlərlə Azərbaycana gələn səyyahların, elçilərin xüsusi təlimat əsasında yazdıqları səyahətnamələr, hesabatlarda, dövlət dili haqqındakı zəngin məlumatlar tarixi gerçəkliklərin üzə çıxarılması üçün çox böyük əhəmyyətə malikdir. Fransa taciri Jan Battist Tavernye və Jan Şarden, almaniyalı bilim adamı Engelbert Kempfer fransalı missioner Sanson və Venesiyalı səyyah Cemelli Karerinin əsərlərində Səfəvi dövlətinin saray dili, ölkə əhalisinin ana dili, diplomatik danışıq dili haqqında zəngin faktiki material var. 1631-1668-ci illərdə Şərq ölkələrinə səfəri zamanı dəfələrlə Azərbaycan Səfəvi dövlətində olmuş Jan Battist Tavernye dövlətin ərazisi və sarayındakı ciddi müşahidələrinə istinad edərək yazır: «Səfəvilər öz dillərini üç qrupa bölüblər: fars – məlahət dili, türk – siyasət dili, ərəb – fəsahət dili, qəbahət dili isə sürünənlər və kəndlilərin tamlıqla istifadə etdikləri dildir». Müəllif fars dilinə «yüksək zümrələrin» dili qiymətini versə də, onun özünün qeyd etdiyi kimi, lüğət tərkibinin bir hissəsi ərəbcədən ibarət olan bu dili kənd əhli elə günə salıb ki, onu şəhərdə heç kim anlamır. Bunun digər səbəbi isə müəllifin özünün göstərdiyi kimi, dövrün elm dilinin ərəb və türkcənin dövlət-saray dili olması ilə əlaqədar idi.
Sözsüz ki, Tavernyenin yazdığı kimi, bu dövrdə ərəbcənin elm və türkcənin dövlət-saray dili olması, İsfahan şəhər əhalisi, fəth edilmiş torpaqların, yəni İraq, Lur valiliyi, fars əyalətinin idarələrində türk dilinin rəsmən işlənməsi və bu durumun imperatorluğun cənub-şərqindəki inzibati vahidlərin də əhalinin mütləq əksəriyyətini təşkil edən farslara da təsirləri olmuşdu. Artıq onların da mövcud tələbata uyğun olaraq türk dilini öyrənib, bu dildə danışmağa ehtiyacları vardı. Türk, fars dillərini mükəmməl bilən və ərəb dilində yazıb-oxumağı bacaran fransalı tacir Jan Şarden XVII yüzilliyin 70-ci illərində Səfəvi ölkəsində olmuş və o da Tavernye kimi dil məsələsinə ciddi maraq göstərmişdi. O, yazır: «Səfəvi ölkəsinin əhalisi bir qayda olaraq üç dildən birində, yəni fars, türk ya da ərəb dilində danışırlar… Saray əhli, hərbiçilər, böyüklər, yüksək vəzifəlilərin xanımları evlərində türkcə söhbət edirlər. Ona görə ki, Şah və sülalə üzvləri bütün əhalisinin dili türkcə olan Azərbaycandandırlar».
Şarden Türk və fars xalq danışıq dilinin yayılma arealını də müəyyən etməyə cəhd göstərmişdi. O yazır ki, Səfəvi dövlətinin şimal, şimali-qərb və mərkəzində yaşayan əhali türkcə və imperatorluğun digər nahiyyələrinin əhalsi isə farsca danışır. Ancaq onu da göstərmək lazımdır ki, «Ölkənin dövlət dili türk dilidir…».
İsveçdən Lui Fabritsiusun başçılığı altında Səfəvi dövlətinə göndərilən (1683-1684) elçiliyin katibi Enqelbert Kempfer yazırdı: «Səfəvi sülaləsinin ana dili olan türkcə sarayda geniş yayılmış dildir». Cemelli Kareri isə fars dili sözlüyünün zəngin olmadığını, elm və alim dilinin ərəbcə olduğunu, sarayda da türkcə danışıldığını qeyd etmişdi. Dil məsələləri Sansonun da diqqətindən kənarda qalmamışdı. O, bu barədə yazır ki, təbəələri Şaha müraciət edərkən türkcə deyirlər: «Qurban olum, din imanım Padşah, başına dönüm».
Əvvəl qeyd olunan məktublarla, rəsmi sənədlərlə yanaşı, Səfəvi dövlətinin tarixi ilə əlaqədar olan XVII əsrin Avropa ədəbiyyatında türkcənin dövlət, saray, diplomatik danışıq dili olması haqqında kifayət qədər elmi əsası olan faktiki materiallar var ki, bütün bunlar Səfəvi dövlətinin tarixinə aid tarixçilikdə xüsusilə çağdaş İran səfəvişünaslığında mövcud olan təhriflərə tutarlı elmi cavablardır. Bu faktiki materiallar Səfəvi dövlətinin yaranma və yüksəlişi tarixini təhrif edənlərin baxışlarının cəfəng olduğunu və irəli sürdükləri qurama konsepsiyalarının elmi arqumentlərə söykənmədiyini, elmi əsası olmayan söz yığınından ibarət olduğunu göstərir. F.Sümər çox haqlı olaraq yazır: «Səfəvi dövlətinin «milli bir İran dövləti» olmasını irəli sürənlər, buna digər bir dəlil olaraq, Səfəvi dövlətinin sasanilər zamanındakı hüdudlarına ulaşdırmış olduğunu da qeyd edirlər. Ancaq hüdudlar heç bir zaman bir dövlətin milli dövlət sayılması üçün bir dəlil ola bilməz».
Səfəvilər dövlətini quran İsmayıl parlaq zəka sahibi, istedadlı hökmdar və söz sahibi kimi tanınır. İsgəndər bəy Münşi Türkman yazır: «O həzrət (I Şah İsmayıl) şeir deməklə yüksək təbə sahib olub daha çox türkcə şeirə rəğbəti vardı. Təxəllüsü isə Xətayi idi». O, Azərbaycan türkcəsinin poeziya dili kimi inkişafında əvəzsiz xidmət göstərmiş, müxtəlif janrlarda yazdığı şeirləri ilə türk söz xəzinəsini yüksək zirvəyə qaldırmış və bu dövrdə Azərbaycan türk şeirinin Füzuli, Həbibi kimi nəhəngləri də öz doğma dillərində yazıb yaratmağa başlamışdı. Azərbaycan türk xalqının əsrlər boyu əldə etdiyi yaradıcılıq ənənələri üzərində XVI-XVII əsrlərdə aşıq poezyasının yüksək zirvəyə ucalması və nəticədə Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh kimi ustadların doğma dillərində yaratdıqları poetik irs türk dilinin bədii imkanlarını daha da zənginləşdirdi. Bu dilin siyasi və mədəni dəyərinin yüksəlişi ilə bağlı farsca və başqa dillərdə yaradılmış bir sıra əsərlər türkcəyə çevrildi. Nişati Şirazinin Təvəkkül ibn Bəzzazın «Safvət əs səfa» (1538), Məhəmməd Füzulinin, Molla Hüseyn ibn Əli əl-Kaşifinin «Rövzət üş-şühəda» adlı əsərini türkcəyə tərcümə etməsi, I Şah İsmayılın, I Şah Təhmasibin, I Şah Abbasın Azərbaycan mədəniyyətinn inkişafındakı böyük rolları Azərbaycan türk xalqının varlığının, Azərbaycan Səfəvi dövlətinin etnik kimliyinin gerçək göstəricisidir.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor