GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində bir neçə məktəbdə Azərbaycan türkcəsinin pilot layihə kimi tədrisi Quzey Azərbaycan mətbuatında geniş şəkildə əks etdirilib:
Sentyabrın 23-dən İranın etnik azərbaycanlılar yaşayan bölgələrindəki dövlət məktəblərində Azərbaycan/Türk dili tədris oluna bilər.
İranın əsasən şimal-qərb regionlarında – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Qəzvin və Ərdəbildə Azərbaycan dili və ya özlərinin təbirincə, Türk dilin və ya Azərbaycan türkcəsi danışılır.
Burada yaşayan etnik azərbaycanlılar uzun illərdir ki, ana dilində təhsil üçün mübarizə aparırlar.
BBC News Azərbaycan dilin tədrisi ilə bağlı ən çox verilən 5 suala cavab hazırlayıb.
Azərbaycan/türk dili harada, necə və kimlərə keçiləcək?
Azərbaycan/türk dilinin fənn kimi tədris olunmasına İranın Şərqi Azərbaycan vilayətindəki dövlət məktəblərində başlanılacaq.
Şərqi Azərbaycan vilayətinin təhsil departamentinin rəhbəri Cəfər Paşai deyib ki, dərslər həftədə iki dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq keçiriləcək.
Rəsmi məlumatlarda bu fənnin sinifdənxaric oxu kimi tədris olunacağı deyilir.
İran hökuməti bunu “pilot plan” kimi təqdim edir.
Dərslər yalnız 4-cü və 9-cu sinif şagirdlərinə keçiriləcək.
Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək.
Pilot planın konkret hansı məktəblərdə tətbiq olunacağı hələlik açıqlanmır.
Azərbaycan/türk dili tədrisi niyə indi tədris olunur?
İranda yaşayan etnik azərbaycanlılar hökumətin məktəblərdə azərbaycan/türk dilinin tədris olunacağı barədə elanını ilk dəfə deyil ki, eşidirlər.
Prezident Həsən Ruhani 2013-cü ildə öz seçki proqramında belə bir vəd vermişdi.
Həsən Ruhani seçki kampaniyası çərçivəsində Şərqi və Qərbi Azərbaycan vilayətlərinə səfərləri zamanı etnik azərbaycanlılara vəd verib ki, seçilərsə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək.
Konstitusiyanın bu maddəsi məhəlli və tayfa dillərindən mətbuat və kütləvi mediada istifadə, habelə bu dillərdə təhsil hüququ verir.
Hərçənd ki, 2015-ci ildə Həsən Ruhani etnik azərbaycanlılara verdiyi ana dilində təhsil vədini yerinə yetirməməkdə ittiham edilib.
2016-cı ilin avqustunda Elm nazirinin müavini Mojtaba Şəriəti elan etmişdi ki, Azərbaycan Dili və Ədəbiyyatı ixtisası ali məktəblərin kurrikulumuna əlavə ediləcək.
“Bu [prezident Həsən Ruhaninin] Ümid və Ağıl hökumətinin ölkədəki müxtəlif etnik qruplara diqqət siyasətidir. Ötən il hökumətin [universitetlərdə] Kürd dili və ədəbiyyatı ixtisasını tədris etməsinin də səbəbi budur”, Şəriəti həmin vaxt bildirib.
O həmçinin qeyd edib ki, yalnız Şərqi Azərbaycan vilayətindəki Təbriz Dövlət Universiteti bu sahəni tədris etməyə hazır olduğunu açıqlayıb.
Təbriz Dövlət Universitetində “Azərbaycan dili və əbədiyyatı” adlı fakültə fəaliyyət göstərir.
Etnik azərbaycanlı fəallar deyirlər ki, burada hər il cəmi 30-40 tələbə təhsil alır və 30-40 milyon insandan 30-40 nəfərin buranı bitirməsi verilən vədə uyğun deyil.
Bundan başqa, 2017-ci ilin yanvarında gündəlik Vaghaye Ettefaghiyeh qəzeti Twitterdə yazıb ki, Doktor Ruhaninin ana dilinin öyrədilməsi barədə seçki vədinin təcrübədə həyata keçirilməsi, yəni ibtidai siniflərdə Türk dilinin tədrisi gələn il (2018-ci il- red.) reallaşacaq.
İranda etnik azərbaycanlılar dili necə öyrənirlər?
Əslində İranda azərbaycan/türk dili, eləcə də digər etnik qrupların [məsələn, kürd] dillərinin fənn kimi tədrisinə qanunla icazə verilir.
BBC News Azərbaycancaya danışan bəzi yerli jurnalistlər deyirlər ki, bəzi özəl məktəblərdə azərbaycan/türk dili öyrədilir.
Təbriz şəhərində yaşayan və dilçilik üzrə bir mütəxəssis keçən il BBC News Azərbaycancaya bildirib ki, bu, böyük şəhərlərdə mümkün olur, amma kiçik şəhərlərdə bu imkan yoxdur.
TəbrizFotonun “İranda olan azərbaycanlıların çoxu bu dili öz evində, analarından öyrənir. Uşaqlara bu dil, əsasən şifahi öyrədilir. Çoxları yalnız şifahi dili öyrənirdi, ancaq indi yeni nəsildə qrammatikanı öyrənməyə həvəs yaranıb”, mütəxəssis qeyd edib.
Vaxtilə İranda Azərbaycan dilinin tədris etdiyi üçün həbs olunduğunu deyən fəal Ramin Cabbarlı isə bu məlumatları doğru hesab etmir.
“İran İslam Respublikası özəl məktəblərdə deyil, həm də evlərdə belə azərbaycan türkcəsinin tədrisinə qadağa qoyur. Bizim bir çox fəallar evlərdə azərbaycan türkcəsini öyrətdiyi üçün həbs olunub”, o iddia edir.
Onun sözlərinə görə, ingilis, ispan, fransiz dilləri ilə yanaşı, Türkiyə türkcəsinin kurslarda öyrədilməsinə icazə verilir.
“Amma Azərbaycan türkcəsinə icazə vermirlər, çünki onu siyasiləşmiş türkcə hesab edirlər. Türkiyə türkcəsi türkiyəlilərin dili kimi nəzərə alındığı üçün və hər hansı bir milli oyanışda ciddi rolu ola bilməz deyə izn verilir”.
Cənab Cabbarlı onu da qeyd edir ki, azərbaycan türkcəsi çox nadir hallarda, müvəqqəti olaraq, hər hansı ədəbiyyat birliyində, yazarlar birliyində öyrədilə bilər, amma o da çox müvəqqəti şəraitdə ola bilər.
Hazırda verilən elan o deməkdir ki, fənnin tədrisi dövlət məktəblərində həyata keçiriləcək.
Lakin ana dili fəalları təkcə azərbaycan/türk dilinin fənn kimi tədrisi üçün deyil, həmçinin bütün təhsilin ana dilində olması, başqa sözlə, ana dilində təhsil üçün mübarizə aparırlar.
Cəmiyyətdə bu xəbər necə qarşılandı?
Əslində belə vədlər demək olar ki, hər il verildiyi üçün xəbər cəmiyyətdə o qədər də böyük reaksiya doğurmayıb, müşahidəçilər deyir.
Təhlilçi Ramin Cabbarlı bunu “uzun illərdir verilən, sadəcə çox gecikdirilmiş bir vəd” adlandırır.
O deyir ki, bu xəbərə kiçik müsbət addım kimi baxsa da, amma olacağına ümidi də yoxdur. Çünki, bundan əvvəllər də verilən belə vədlər icra olunmayıb.
“Azərbaycan türkcəsinin həftədə iki saat öyrədilməsindən söhbət gedir. Həftədə iki saatla ana dilini necə öyrənmək olar? Bu uyğun olsa, azərbaycanlı uşaqların farsca öyrənməsi üçün uyğun olar. Bizim üçün bütün fənlərin ana dilində keçirilməsi vacibdir”.
Twitter-də bir sıra istifadəçilər hökumətin bu planını tənqid ediblər. Onların sözlərinə görə, bu, ölkənin bölünməsinə gətirəcək.
“İslam Respublikası İranın demokratiyasının parçalanmasına zəmin hazırlayır”, @Vidaa_z adlı istifadəçi bildirib.
@_salehwriter istifadəçi isə bunu “Ruhani hakimiyyətinin ən böyük xainliyi” adlandırıb. “Bu, ediləsi ən axmaq və ən təhlükəli şeydir”, o qeyd edib.
@SEPEHR_22 yazır ki, bu plan “ölkəni parçalayacaq”, BBC Monitorinqin tanış olduğu şərhlərdə deyilir.
Etnik azərbaycanlıların özləri də da ana dilinin məktəblərdə fənn kimi tədris planına qarşı çıxıblar.
@Mohsenlashgari3 yazır: “Şəxsən, mən türk dilinin, eləcə də istənilən yerli dilin məktəblərdə tədrisinə çox qarşıyam. Bizim ana dilimiz farscadır. Bu qədər.”
Bəzi istifadəçilər isə İranın Azərbaycan dilinin danışıldığı müxtəlif bölgələrində bəzi sözlərin müxtəlif mənalar verməsinə diqqət yönəldib. Onlar maraqlanıblar ki, görəsən tədris vəsaitlərində hansı versiya istifadə olunacaq.
“Məsələn, Təbrizdə “söyürəm” “sevirəm” mənasındadır, lakin Urmiyada bu “söyürəm” mənasındadır”, fatherof5cats adlı istifadəçi yazır.
Başqa birisi isə yazır ki, tədris vəsaiti hazırlamaq üçün “kifayət qədər vaxt” olmadığına inanırlar.
tanaghozz adlı istifadəçiyə görə, bu, “həm şagirdləri, həm də valideynləri məyus edəcək”.
Tədrisdə hansı vəsaitlərdən istifadə olunacaq?
Bir sıra İran xəbər agentlikləri 2016-cı ildə çap olunmuş azərbaycan/türk dili kitabının onlayn versiyasını paylaşıblar.
Mətbuat yazır ki, bu kitab məktəblərdə ana dilinin tədrisində istifadə olunacaq. Hərçənd ki, bu məlumat başqa mənbələrdən təsdiqlənməyib.
BBC News Azərbaycancaya danışan fəallar deyirlər ki, İranda azərbaycan türkcəsini tədris etmək üçün “kitab problemi yoxdur”.
“İslam İnqilabından başlayaraq böyük çətinliklərlə də olsa, ana dilini öyrənmək, öyrətmək üçün bir çox kitablar çap olunub”, Ramin Cabbarlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan türkcəsində kitablar çox uzun yoxlamalardan sonra nəşr olunur, amma tədrisinə icazə verilmir.
“Ana dili” adlanan kitabı 2016-cı ildə Zəncanın təhsil departamentinin əməkdaşlığı ilə Mohammad Reza Baghban Karimi yazıb.
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz əminliklə bildirib ki, bu cür xəbərlərə inanmır:
“Bir neçə dəfə bu növ xəbərlər yayılıb. Hətta universitetlərdə də Azərbaycan dilinin tədris olunacağı deyilib. Ancaq sonradan həmin xəbərlər yalan çıxdı. Düzdü, həmin dərslərə adını yazdıranlar oldu, ancaq dərslərə gedən adamlara mane olub, onları təzyiqlərə məruz qoydular. Bu qədər təzyiqdən sonra heç kim gedib o dərslərdə iştirak etmədi və axırda da bağladılar. Bu cür xəbərlər təbliğatdır, şoudur. Bu cür xəbərlərlə razılaşmışam. O dərslərin açılmasına da inanmıram”.
İran cəmiyyətində böyüyən müsahibimiz deyir ki, şou yaratmaq İran dövlətinin peşəsidir:
“O cəmiyyətin içindən gəlmiş adamam. Həm hakimiyyətin, həm də cəmiyyətin psixologiyasını yaxşı bilirəm. Əminəm ki, bu dərslər yaradılacaq. Sadəcə həmin dərslərə getmək istəyənlər qorxduqlarından gedə bilməyəcəklər. Çünki təzyiqlər olacaq, o dərslərə gedənlərə pantürk, Azərbaycançı adı qoyacaqlar. Ona görə də soydaşlarımız imtina edəcəklər. Bir növ şou yaratmaq İran dövlətinin peşəsidir.
Əgər 45 milyonluq azərbaycanlının ana dilini rəsmi olaraq tanıyırsansa, imkan ver, o cəmiyyət öz ana dilində dərs alsın. Kim istəyir, fars dilində, kim istəyir Azərbaycan dilində oxusun. Tam təhsili təkcə Təbriz, Urmiya, Ərbəbildə deyil, Tehranın özündə də yaratmaq lazımdır. Əgər insanlara dərs oxumaq imkanları yaradırsansa, bunu həftədə iki dəfə etmək lazım deyil. Tam dərs sisteminə keçmək daha yaxşı olardı”.
Sayman Aruzun sözlərinə görə, belə bir xəbəri yayamaqda mütləq məqsəd var:
“İran prezidentinin iqtisadi-siyasi məsələlərə görə reytinqi cəmiyyət arasında aşağı düşüb. Hamı da bilir ki, soydaşlarımız faşist və şovinist düşüncələrə, İran dövlətinin Azərbaycan xalqına olan hər hansısa rəylərinə görə heç vaxt seçkilərdə iştirak etməyib. Ona görə də səslənən fikirlər şoudur və cəmiyyəti bir növ aldadıb sandıq başına gətirmək istəyirlər”.