Bazar ertəsi , Sentyabr 20 2021
azfa

Tariximizi dəyişən Malazgird döyüşü

GADTB: Türk dünyası tarixinin ən önəmli zəfərlərindən olan Malazgird döyüşündən 947 il ötür.

Kult.az xatırladır ki, Böyük Səlcuq dövləti ilə Bizans İmperiyası arasında 1071-ci il avqustun 26-da baş verən döyüş təkcə səlcuqlar üçün deyil, bütövlükdə türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Malazgird zəfərindən sonra erməni və gürcülərə havadarlıq edən Bizansın mövqeyi sarsıldı və Şərqi Anadolu türk torpağına çevrildi.

Malazgird qələbəsi heç də asanlıqla başa gəlməmişdi. Bundan agah olmaq üçün gəlin, hadisələrin gedişatını izləyək.

X-XI əsrdə daha da güclənən Bizans İmperiyası IV Diogenin başçılığı ilə Səlcuq dövlətini süquta uğratmaq üçün 1071-ci ildə yola çıxdı. Həmin dövrdə Bizans ordusunda rum, erməni, qot, alman, gürcü, peçeneq, qıpçaq və başqa xalqlardan olan döyüşçülər var idi. Ordu ilk olaraq Sivasa gəldi. Diogen burada xalqla söhbətlər apardı. Yeli əhali erməni zülmündən əziyyət çəkdiyini dedi. Bundan sonra Diogen erməni məhəllələrinin dağıdılması və xeyli erməninin öldürülməsi ilə bağlı əmr verdi. Əmr dərhal icra olundu. (Onun bu addımını ermənilər bağışlamayacaqdı – bu barədə bir qədər sonra).

Bizans ordusu 1071-in iyununda Ərzuruma çatdı. Diogen generallarına Səlcuq dövlətinə tərəf irəliləməyi və Alp Arslanı hazırlıqsız haqlamağı tapşırdı.

Diogen Sultan Alp Arslanın uzaqda olduğunu düşünərək, Malazgirdə doğru yola çıxdı. O, adamlarını həmin vaxt Hələbdə olan sultanın yanına göndərərək, qalaları təslim etməsini istədi. Alp Arslan təklifi rədd etdi. O, Bizans qoşunlarının Azərbaycan istiqamətində hücum xəbərini eşitdikdən dərhal sonra Misir səfərini təxirə salaraq, 30 minlik ordusu ilə Malazgirdə gəldi. Böyük sultan Bizans ordusunu məhv edəcək savaş planını hazırlamışdı: Hilal (Turan) taktikası!

Lakin qüvvələrin nisbəti Bizansın xeyrinə idi: 300 min onlar, 30 min Səlcuqlar.

Avqustun 26-sı çadırından çıxan Alp Arslan 7-8 km uzaqlıqda mövqe tutmuş düşmən ordusunu gördü. O, savaşın qarşısını almaq üçün imperatorun yanına elçilərini göndərdi və sülh təklif etdi. İmperator sultanın bu təklifini ordusunun böyüklüyündən qorxması kimi qiymətləndirərək geri çevirdi.

Mənbələrin yazdığına görə, 300 minlik Bizans ordusunu qarşısında görən Alp Arslan kəfəni simvolizə edən ağ paltar geyindi və qoşununa müraciətlə dedi: “Ey əsgərlər! Əgər şəhid olsam, bu bəyaz libas kəfənim olsun!”

Elə bu an əsgərlərdən biri Alp Arslana yaxınlaşaraq, “Sultanım, düşmən 300 minlik ordusu ilə bizə yaxınlaşır”, – deyir. Böyük sultan tövrünü pozmadan belə bir tarixi cümlə işlədir: “Biz də onlara yaxınlaşırıq”.

Malazgird döyüşü 1071-ci il avqustun 26-da başlandı. Bizans qoşununu yerindən tərpətmək mümkün olmadı. Səlcuqların geri çəkildiyini görən Diogen onların qaçdığını düşündü və ordusuna təqib əmrini verdi. Türklərin üzərindəki zirehli geyim yüngül idi, lakin bizanslılar ağır dəmir geyimlərlə döyüşə atılmışdılar. Bu ağırlığa görə də onlar səlcuqları çata bilmirdilər. Buna rəğmən təqibi davam etdirdilər. Təqib davam edərkən yan tərəflərdə mövqe tutmuş türk oxçuları Bizans ordusunu ox yağışını məruz qoydu.

Diogen mühasirəyə düşdüklərini anlamışdı, lakin çox gec idi. O, ordusuna dərhal geri çəkilmək əmrini versə də, bütün çıxış yollarının türklər tərəfindən tutulduğunu gördü. Türk döyüşçülərin qəfil hücumu Bizans süvarilərini təşvişə saldı. Generalların qaçdığını görən döyüşçülər zirehli geyimlərini çıxararaq(ağır olduğu üçün onunla qaçmaq əlverişsiz idi), qaçmağa başladılar. Belədə döyüşçülərin silah və güc nisbəti bərabərləşdi və qılıncoynatmada usta olan türklər bizanslı əsgərləri məğlub etdilər.

Bizans ordusundakı türk tayfaları Səlcuq komandanlarının türk dilində verdikləri əmrlərdən təsirlənərək, öz doğma soydaşlarının tərəfinə keçdi. Bu, onsuz da sarsılmış Bizansa böyük zərbə oldu. Çünki Bizans ordusunun ən döyüşkən əsgərləri elə bu türklər idi.

Diogenə ikinci zərbəni ermənilər vurdu. Onlar imperatorun Sivasda soydaşlarına tutduğu divanı cavabsız qoymadı və silahlarını atıb döyüş meydanından qaçdı.

300 minlik nəhəng ordusunun 30 minlik Səlcuqlar tərəfindən darmadağın edildiyini görən Diogen qaçmağa çalışdı, lakin çiynindən yaralandı və əsir düşdü. Əsir düşdükdən sonra İmperator IV Romen Diogenlə Sultan Alp Arslan arasında belə bir dialoq keçdi:

– Əgər mən sənin önünə əsir olaraq gətirilsəydim, nə edərdin?

– Ya öldürərdim, ya da zəncirləyib Konstantinopolun küçələrində gəzdirərdim, – Diogen deyir.

– Mənim verəcəyim cəza isə çox ağırdır… Səni əfv edirəm və sərbəst buraxıram, – Sultan amiranə tərzdə cavab verir.

Sultan Alp Arslan böyük mərdlik və insanlıq nümayiş etdirərək, Diogeni bağışladı. Tərəflər arasında imzalanmış razılaşmaya görə, İmperator Diogen Səlcuqlara birdəfəlik 1 500 000 denarius verməli və hər il 360 min denarius ödəməli idi. Razılaşmaya əsasən Antakya, Urfa, Əhlət və Malazgird Səlcuq dövlətinin tərkibində qaldı.

Bu qələbə bütün türk, islam dünyasında böyük hərarətlə qarşılandı. Bağdad xəlifəsi Malazgirddəki qələbə münasibətilə Alp Arslanı təbrik etdi, onu “Ərəb və Əcəm hökmdarı”, “Müsəlmanların xilaskarı” və “İslamın nuru” adlandırdı.

Türk dövlətlərinin tarixi dəyişən qələbələri bununla bitməyəcəkdi. Min ildən çox dünyada hökmranlıq edən Bizans İmperiyasına növbəti böyük və dağıdıcı zərbəni cəmi 4 əsr sonra başqa bir türk dövləti – Osmanlı İmperiyası vuracaqdı.

 

 

Həmçinin yoxlayın

İranın Ermənistana gizli hərbi yardım etmək barərə faktlar ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ermənistana 44 günlük müharibə zamanı hərbi sahədə …

Rejimin məhkəmə orqanı azərbaycanlı milli fəal Nadir Sadiqian barədə qərar çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Təbrizdəki məhkəməsinin 2-ci bölməsi sentyabrın 19-da …

Bir cavab yazın