Bazar , Avqust 23 2026
azfa

Türk adı səbəbindən Tikantəpədən olan azərbaycanlı körpə Elhana doğum şəhadətnaməs verilmir

GADTB: Tehranın Rəbat Kərim bölgəsinin Vətəndaşlıq Qeydiyyatı İdarəsi 20 gündür ki, əslən Tikantəpədən olan azərbaycanlı ailənin yeni doğulmuş övladına türk adı olan «Elhan» adı ilə doğum haqqında şəhadətnamə verməkdən imtina edir. İdarə imtinanın səbəbini adın «türk yazılışında» olması ilə əlaqələndirib.

Uşağın atası Səccad Yektayi Yulğunağac #Balamin_Adi kampaniyasına bildirib: «Oğlum 11 mordad 1405-ci ildə dünyaya gəlib və ona türk dilində “el və nəslin hökmdarı, böyüyü” mənasını verən “Elhan” adını qoymuşuq. Lakin Rəbat Kərim Vətəndaşlıq Qeydiyyatı İdarəsinin əməkdaşları doğum haqqında şəhadətnamə verməkdən imtina edərək bildiriblər: “Adın həmzəli olması və sistemdə mövcud olmaması səbəbindən onu qeydiyyata ala bilmirik. Yalnız “İlxan” və ya “İlhan” formasında qeydiyyata almaq mümkündür.”»

Ailə daha sonra hüquqlarını müdafiə etmək məqsədilə Baş Təftiş İdarəsinə şikayət edib. Bu qurum da müraciətin Vətəndaşlıq Qeydiyyatı İdarəsi tərəfindən araşdırılmasını tələb edib. Lakin qeydiyyat idarəsi körpənin adının qeydiyyata alınmasına yenidən etiraz edərək cavab verib:

«Konstitusiyanın 15-ci maddəsinə əsasən, İran xalqının rəsmi və ümumi dili və yazısı fars dilidir və rəsmi sənədlər, yazışmalar və mətnlər bu dil və yazı ilə olmalıdır. “Elxan” türk yazılışıdır. İstək olduğu halda, oğlan uşaqları üçün fars yazılışında “İlhan” formasında seçilə bilər.»

Halbuki Konstitusiyanın 15-ci maddəsinin davamında yerli və etnik dillərdən mətbuatda və kütləvi informasiya vasitələrində istifadə edilməsinin, eləcə də məktəblərdə həmin dillərin ədəbiyyatının tədrisinin fars dili ilə yanaşı sərbəst olduğu qeyd edilir.

Ailə bildirir ki, Vətəndaşlıq Qeydiyyatı İdarəsi bu maddəni seçmə və natamam şəkildə şərh edərək onların ən əsas hüquqlarından biri olan övladlarına istədikləri adı vermək hüququnu məhdudlaşdırmağa çalışır.

Ailə həmçinin vurğulayıb ki, «Elxan» və «İlhan» adlarının yazılışı və mənası eyni deyil və ikinci variant «Elxan» adı ilə eyniləşdirilə bilməz.

Vətəndaşlıq Qeydiyyatı İdarəsinin türk adlarının qeydiyyatından «həmzəli (e) olması» və «türk yazılışı» kimi səbəblərlə imtina etməsi diqqət çəkir. Belə ki, «Faizə», «Faiqə» və «Maidə» kimi qeyri-türk, həmzəli adlarla bağlı doğum haqqında şəhadətnamələrin verilməsində hər hansı problem yaradılmadığı bildirilir.

Uşaqların doğum haqqında şəhadətnaməsiz qalması sığorta, peyvənd və tibbi xidmətlərdən məhrumolma, valideynlərin müavinət və sosial paylardan yararlana bilməməsi, ailənin əlavə xərclərlə üzləşməsi, həmçinin valideynlər üçün stress və psixoloji təzyiq kimi bir sıra problemlərə səbəb ola bilər.

Həmçinin yoxlayın

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi …