GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü ilə bağlı Bəyanat yayıb.
TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevin imzası ilə yayılan Bəyanatda deyilir:
Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünün nəticələrindən böyük məmnunluq hissi keçirdiyimizi ifadə etmək istərdim.
Bu Zirvə Görüşü üç qardaş xalqın bir araya gələrək aralarındakı bağları gücləndirmək və Türk dünyasının daha parlaq bir gələcəyə sahib olması istiqamətində görülən işlərə dəstək vermək üçün çox mühüm fürsətdir.
Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanan müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın daha da möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcək.
Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlərimiz arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və şübhəsiz ki, bütün Türk dünyasının birləşməsi və bütünləşməsi prosesində irəliyə doğru atılan çox mühüm addım olacaq.