Türkiyədə partlayıcılarla terror aktı hazırlayan 5 terrorçu ölkənin cənub-şərqində tutulublar. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, saxlanılanlar təlimatları İrandan alıblar.
Nazirin açıqlamalarına görə, tutulan şəxslərin ev və iş yerlərində axtarışlar zamanı tapança, 2 qumbara, 1 səsboğucu, 2 patron darağı, 9 ədəd 7,65 patron, 1 radio, çoxlu sayda digər silahlar aşkar edilib.
Habelə, bomba istehsalında istifadə edildiyi güman edilən materiallar və metal toplar, yaddaş kartları, telefonlar, sim kartlar, fleş disklər, təşkilati sənədlər ələ keçirilib.
Hazırda Van Polis İdarəsi Terrorla Mübarizə Şöbəsində saxlanılan şəxslərin istintaqı davam edir.