Cümə axşamı , Aprel 15 2021
azfa

Yusif Vəzir Çəmənzəminlinin “qızlar bulağı” romanında şumer motivləri

GADTB: Y.V.Çəmənzəminli çox araşdırılmış, haqqında çox yazılmış yazıçılarımızdandır. Onun haqqında yazılmış sanballı monoqrafiyalar və yüzlərlə məqalələr bu fikri söyləməyə əsas verir. Lakin Yusif Vəzir nə qədər araşdırılsa da, onun əsərlərindəki bir çox məsələlər hələ də işıqlandırılmamışdır. Bu da həmin əsərlərə yenidən qayıtmağı, onları bu günün tələbləri baxımından təhlil müstəvisinə gətirib daha aydın təfəkkür işığına tutmağı şərtləndirir. Belə əsərlərdən biri də “Qızlar bulağı” romanıdır. Bu əsərdə toxunulmamış elə məsələlər var ki, onların öyrənilməsinə ehtiyac duyulur.

Romanın proloqunda 19 kitabın adı verilmişdir ki, bunlar əsəri yenidən işləyərkən yazıçının istifadə etdiyi mənbələrdir. Bu qaynaqların arasında Herodotun “Tarix” kitabı ilə yanaşı, Şumer və Babil tarixinə, ədəbiyyatına, mədəniyyətinə dair kitabların adlarının çəkilməsi də əsərin yenidən təhlili baxımından böyük maraq doğurur. Yazıçının Herodotun “Tarix” kitabından bəhrələnməsi Pənah Xəlilovun bir yazısında hərtərəfli araşdırılmışdır [1]. Şumer və Babil tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı qaynaqlardan bəhrələnmələrə isə hələ də araşdırmalarda toxunulmamış, onlar diqqətdən kənarda qalmışdır.

“Qızlar bulağı” tarixi romandır. Onu tarixləşdirən də məhz proloqunda verilmiş qaynaqlardan bəhrələnmələrdir. Yazıçı özü “Qızlar bulağı”nı tarixi roman adlandırmış və burada yaxın Şərqin eramizdan iki min il əvvəlki həyatını işıqlandırdığını yazmışdır. Bu tarix gedib Şumer dövrünə çıxır və əsərdəki bir çox süjet, obraz və motivlər Şumer tarixi, ədəbiyyatı, mədəniyyəti ilə qırılmaz tellərlə bağlıdır. Belə motivlərdən biri gənclərin evlənməsinə qoyulmuş qadağalar, onların pozulması və Yel ulusunun yaranmasıdır.

Yazıçı romanda Qoç, Xoruz, Quzğun, Meymun qəbilələrindəki evlənmə adətlərinin geniş təsvirini vermişdir. Təsvirlərdən aydıngörünür ki, burada yalnız qəbil ələrarası evliliyə icazə verilir, qəbilədaxili evliliyə qəti qadağa qoyulmşdur, onu pozmaq olmaz, pozanlar isə ağır cəzalarla, hətta ölümlə üzləşirlər. Bu, o deməkdir ki, heç bir oğlan öz qəbiləsindən olan qızla evlənə bilməz. Məsələn, Xoruz qəbiləsinin oğlanları evlənmək üçün Qoç qəbiləsinə gedib orda qız seçməlidirlər. Quzğun qəbiləsinin oğlanları isə evlənmək üçün Xoruz qəbiləsinə gəlirlər. Öz qəbiləsindən ayrılan oğlanlar birdaha ora qayıtmır, həmişəlik qız aldıqları qəbilə ilə birlikdə yaşayırlar. Bu adət bütün qəbilələr üçün pozulmaz bir qanun halını almışdır. Bu qadağaları pozub öz qəbiləsindən olan qızlarlaevlənmək istəyənləri xalq daş-qalaq eləyir, hətta onları parça-parça eləməkdən belə çəkinmirlər.

Bir gün Qoç qəbiləsində görünməmiş hadisə baş verir. Həmin qəbilənin ərə gedəcək qızları evlənmək üçün Xoruz qəbiləsindən bura gəlmiş oğlanlarla görüşmək məqsədilə Qızlar bulağının başına toplaşırlar. Nahura adlı qız bulağa gəlmir, çünki Qızlar bulağına gələn qızlar Xoruz qəbiləsinin oğlanlarına ərə getməlidirlər. Nahura isə öz qəbiləsindən olan Murdad adlı oğlanı sevir və onunla evlənmək istəyir.

Bu məsələ Qoç qəbiləsinin adamlarım çox ilgiləndirir, onlar ümumi şuram toplayıb işi müzakirə edirlər. Sonda belə təklif olunur ki, Nahurayla Murdadı da dinləsinlər. Hər iki gənc bir-birlərini sevdiklərini açıq söyləyir, sevginin hər şeydən gözəl olduğunu və ölümdən başqa heç kəsin bu hissi onların canlarından çıxarmağa gücünün çatmayacağma inandıqlarını bildirirlər. Bu qəbilələrin adamlarma sevgi duyğusu yad olduğundan Şurada həmin gəncləricəzalandırmaq üçün cürbəcür fikirlər səslənir:

— Parçalansın!

— Sürülsün!

— Bağışlansın! [2, s. 389]

Şura ikinci fikrin üstündə dayamr və onları Yel ulusuna sürgün eləyirlər. Xalq onların dalınca qara daş və odlu kösöv atır [2,s.390].

Yel ulusuna yalnız evlənərkən qəbilənin qoyduğu qadağaları pozanlar sürgün olunmurdular. Ümumiyyətlə, qəbiləsinin qaydaları və adətləri ilə barışmayanlar da yaşamaq üçün öz qəbiləsindən qaçıb Yel ulusuna gəlirdilər. Yel ulusundakı həyat qəbilələrdəki həyatdan çox fərqlənirdi. Onlardakı qadağalar burada yox idi.

Məsələn, Qoç qəbiləsində ölüləri basdırmır, aparıb bir düzə qoyurlarmış. Qurd-quş yeməsin deyə gənclər do ona qarovul çəkirlərmiş. Bir gün qəbilədə qoca qarı ölür. Onu aparıb birdüzə qoyurlar. Gənclər toplaşıb bir araya gələrək bu adətə qarşı çıxırlar və qəbilənin qaragüruhundan, daş-qalağından qorxub Yel ulusuna qaçmağı qərara alırlar.

Burada Yel ulusunun adıyla bağlı maraqlı suallar ortaya çıxır:Görəsən yazıçı bu ulusu niyə Yel adlandırıb? Onun üçün başqa bir ad tapa bilməzdimi?

Məsələn, qəbilələr Qoç, Xoruz, Quzğun və Meymun adlandırılırdısa, bu ulusun adım da onlara uyğunlaşdırmaq olmazdımı? Beşinci heyvanın adı yazıçının ağlına gəlməyibmi?

Tutaq ki, Xoruz və Qoçun yanında ona Buğa ulusu desəydi, daha gözəl səslənməzdimi? Bu halda Buğa adı həmin ulusa gələnlərin xarakterlərindəki barışmazlığı, əyilməzliyi daha yaxşı ifadə edərdi.

Nəhayət, Yel adının seçilməyi bir təsadüfdürmü, yoxsa onun hər hansi tarixi köklə bağlılığı varmı? İndiki halda bu suallara düzgün cavab vermək çox çətindir. Ulusun niyə Yel adlandırıldığının düzünü yalnız Yusif Vəzir özü bilirdi. Təəssüf ki, o da bu adı niyə seçdiyi haqqında nə romanda, nə də digər əsərlərində açıq bir söz deməmişdir. Bəlkə ona görə də Y.V.Çəmənzəminlinin tədqiqatçılarından heç biri bu sualların cavablarını axtarmamışdır.

Heç cür inandırıcı görünmür ki, Qoç, Xoruz, Quzğun və Meymun qəbilə adlarının güzgü kimi aydın olduğunu bilən tədqiqatçılardan Mehdi Hüseyn, Kamran Məmmədov, Pənah Xəlilov, Tofiq Hüseynoğlu, Məsud Əlioğlu, Qulu Xəlilov, Məryəm Axundova, Bəhlul Abdullayev və başqalarını [1; 3; 4; 5; 6; 7; 8; 9; 10; 11; 12]Yel ulusunun adındakı bu sirr düşündürməsin və onlar hamını maraqlandıran bu qaranlığın üstünə işıq salmaq istəməsinlər. Görünür, araşdırıcılar bu suallar ətrafında düşünmüş, lakinağılabatan bir ipucu tapmadıqlarına görə, ondan yan keçmişlər. Halbuki həmin araşdırıcılar romandakı bundan daha çətin məsələləri tədqiq edərək maraqlı və dəyərli fikirlər söyləmişlər.Yel ulusunun adının açılmasına keçməzdən öncə bir məsələyə toxunmaq lazımdır. Yazıçı romanın ikinci hissəsini başlayan kimiTotem dağının adını çəkir. Buna söykənib demək olar ki, qəbilələrin adläri totemlə bağlıdır.

Bunu Xoruz qəbiləsindən Qoç qəbiləsinə gələnlərin qarşılandıqları səhnədə də görürük: «Xalq bizi totemləri olan qoçun şərəfinə «mə-əə» — mələşərək qarşıladı və ayaqlarımızın altına çiçəklər atdı. Biz də qəbiləmizin totemi xoruzun banlayışını andıran bir səslə onlara cavab verdik» [2, s.376].

Burada hər şey aydındır, əlavə şərhə də ehtiyac yoxdur. Yazıçı hər bir qəbiləyə onun öz toteminin adım qoyub. Yel ulusu isə qəbilə deyil. Burada ayrı-ayrı qəbilələrdən qovulmuş və ya özləri qaçıb gəlmiş adamlar yaşayırlar. Yel ulusunda totem anlayışı yoxdur. Yəqin ona görə də yazıçı bu ulusa Buğa adı qoyub, qəbilə adlarına oxşatmamışdır. Deməli, adın kökünü başqa yerdə axtarmaq lazımdır.

Yazıçı romanda bu adın açılması üçün balaca bir işıq ucu vermişdir. Lakin bu işıq ucunu görmək və ondan tutub adı açmaq üçün mütləq Şumer mətnləri ilə tanışlıq tələb olunur. Romanda Şumer tanrılarından bir neçəsinin, o sıradan böyük tamı Enlilin adı çəkilir. Enlil bir tamı kimi yeri, göyü idarə edir, yerlə göyün arasının, yelin, havanın ağasıdır. Adı da əslində Enyel olub, En-ağa yiyə, yel-yel, hava deməkdir [13, s. 138]. Göründüyü kimi, Yel ulusununadı ilə Enlilin adı arasında bir uyğunluq var. Bu oxşarlıq təsadüfi ola da bilər. Yazıçı Yel ulusunun adını Enlilin adından götürə də bilərdi,götürməyə də. Bu ehtimallarda tərəzinin hər iki gözü eynidir. Bu da o deməkdir ki, Yel ulusunun adının Enlilin adından götürüldüyünü təsdiqləmək üçün bu oxşarlıq yetərli deyil, burada əlavə, daha tutarlı və inandırıcı faktların ortaya çıxarılmasına ehtiyac var.

Enlil Şumer tanrısı olduğuna görə, əlavə arqumentləri də Şumer mətnlərində axtarmaq daha doğru olar. Üstəlik, tapılacaq yeni arqumentlərin Eıılillə bağlı olması fikrin doğruluğunu daha da gücləndirər, ulusun adının tanrı adından götürüldüyünə heç bir şübhə yeri qalmazdı.

Maraqlıdır ki, məhz Enlilin həyatında romandakına oxşayan çox maraqlı bir motiv var. Bu motiv də Enlilin evlənməsi və bu zamanpanteonun qadağalarını pozması ilə bağlıdır. Şumer mətnlərində deyilir ki, Ərəş şəhərində Nunbarşequn adlı bir qadın yaşayırmış.

Onun Ninlil adlı bir qızı varmış. Ninlil böyüyüb həddi-buluğa çatır, ərgən qız olur. Özü də o qədər gözəl olur ki, anası onun gedib çayda çimməyini belə qadağan eləyir. Anası qızma deyir:- Sən gedib çayda çimmə. Tanrı Enlil səni görəcək, sevəcək və səninlə evlənəcək.

Qız da anasının sözlərinə qulaq asmır, bəlkə də onun qadağasını pozmaq üçün çayda çimməyə gedir. Bu zaman Enlil onu görür, qızın gözəlliyinə vurulur, sevir, qayığa mindirib uzaqlaşdırır və onunla evlənir. Buradakı qadağa Ninlilin anasının sözünə qulaq asmayıb, çaya çimməyə getməsi ilə bağlı deyil. Enlilin Ninlillə evlənməsində bir zorakılıq motivi var. Doğrudur, Ninlil Enlillə evlənməyə özü razı olub.

Bunu onların sonrakı hərəkətləri də aydın göstərir. Lakin Şumerdə evlənməyin öz qaydaları var. Burada sevgi, məhəbbət o qədər müqəddəs, o qədər ülvidir ki, qızları zorla ərə vermək qətiqadağandır və heç belə düşüncəyə də rast gəlinmir. Enlil bu qadağanı pozmuşdur. Ona görə də tanrılar yığışıb onu ölümlə cəzalandırırlar və yeraltı dünyaya qovurlar [14, s. 143].

Enlil və Ninlil öz ağıllarının, müdrikliklərinin və Ninlilin Enlilə sonsuz sədaqətinin, onu yeraltı dünyada da yalqız buraxmamağmınhesabına ordan işıqlı dünyaya qayıda bilirlər.

Deməli, Y.V.Çəmənzəminli Yel ulusunun adını düşünərkən Şumer tanrısı Enlilin adındakı yel sözünü, Enlilin evlənərkən panteonun qadağalarını pozduğunu və yeraltı dünyaya qovulduğunu göz önünə gətirmiş, bu motivlərin onun fikirləri ilə yaxından səsləşdiyini nəzərə almışdır. Bu fikri təsdiqləmək üçün yuxarıda sadalanan arqumentləri aşağıdakı qaydada sıralayıb yan-yana düzmək kifayətdir:

1. Enlilin adının ikinci hecasmdakı yel sözünün yel, hava anlamı bildirib, romandakı Yel ulusunun adıyla yaxından səsləşməsi;

2. Enlilin Ninlillə evlənərkən panteonun qadağalarını pozması;

3. Yel ulusuna toplaşan gənclərin öz qəbilələrinin adət-ənənələri ilə barışmayıb, qəbilədaxili evlənmələrə qoyduqları qadağaları pozmaları;

4. Enlilin panteonun qaydalarını pozduğuna görə, yeraltı dünyaya qovulması;

5. Öz qəbilələrinin qadağalarını pozan gənclərin Yel ulusuna sürgün olunmaları və ya qaçıb bura gəlmələri;

6. Romanda Enlilin adının çəkilməsi;

7. Romanda bunlardan əlavə, bir çox Şumer obraz və motivlərinə rast gəlinməsi.

Bunlar çox tutarlı və inandırıcı arqumentlər olub, Yel ulusunun adının Şumer tanrısı Enlilin adındakı yel anlamı bildirən eyni sözdəngötürüldüyünü təsdiqləmək üçün yetərlidir.

Lakin əgər romanda Enlilin adı çəkilməsəydi, Yel ulusunun onun adından götürüldüyünü bu cür qəti şəkildə söyləmək olmazdı.Romanda Enlillə bağlı başqa bir motiv də var. Əsərdəki Şumer mətnlərindən bəhrələnmələrin mövcudluğuna inamı gücləndirmək baxımından bu motivin araşdırılması da maraq doğurur. Romanda oxuyuruq:

«Bir az keçmiş Xanburabi ayağa qalxdı:

-Övladlarım, — dedi. — İnsan yalnız beş hissə malik və məhdud ağıllı bir məxluqdur. Bunun çalışmaq iqtidarının da müəyyən dairəsi var. Yorular — dışarısma belə çıxa bilməz.

Ehtiyac ağırlığından xilas olub, dərin düşünmək imkanı bularsa, dünyaya gəldiyinin belə məqsədini bilə bilməz. Təbiət yaratdığı insanın zəifini bilir (zatən onu zəif və idraksız xəlq etməsəydi xaliqinə qarşı üsyan edərdi [2,S.347].

Burada bizi maraqlandıran əsas məsələ insanın yaradılmasında məqsədin və tanrıya qarşı üsyan motivinin açılmasıdır. Görəsən, yazıçı bu fikirlərlə nə demək istəmişdir? Yazıçının burada nə demək istədiyini də Şumer mətnləri ilə tanış olmadan açmaq mümkündeyil. Şumer mətnlərində insanın yaranması ilə bağlı çox maraqlı və dəyərli bilgilər saxlanmışdır. Həmin mətnlərindən birindən bəlli olur ki, tanrılar mələkləri göydən gətirib yerdəki qızıl mədənlərində çox ağır işlərdə işlədirlər. Söhbət hələ insanın yaranmadığı dövrdən gedir.

Mələklər çox incə və zərif olduqlarından onlara tapşırılmış ağır işlərə dözmür və bir gün bellərini tonqala atıb tanrı Enlilə qarşı üsyanaqalxırlar. Enlil qəzəblənib mələklərin hamısını öldürmək istəyir. Mələklər Enlilə ata deyirlər.

Bəlkə də bunu nəzərə alıb köməkçisi Enlilə xatırladır ki, mələklər sənin öz övladlarındır.

Qoy onları eşidək, görək nə istəyirlər. Hər iki fikir mələklərin taun övladı olduqlarını təsdiqləyir. Onlar da atalarının tapşırdığı bu qədərağır işlərin öhdəsindən gələ bilmədiklərini açıq şəkildə dilə gətirir, Enlili ədalətsiz adlandırır və üsyana qalxırlar. Tanrılar yığışıb mələklərin haqlı olduqlarını təsdiqləyirlər. İnsanın yaradılması ideyası da ilk dəfə burada ortaya çıxır.

Tann Enki Ninqursaqla birlikdə insanı yaradır. Tannlar həmin ağır işləri insanlara tapşmrlar. İnsanın tanrı övladı olduğunu da bilə-bilə gizlədirlər ki, bir gün bu ağır işlərdən cana doyanda insanlar da mələklər kimi tanrıya qarşı üsyan qaldırmasınlar [14, s. 13]. Deməli, tanrıya qarşı üsyan motivi də Şumer mətnlərindən götürülmüşdür.

Romanda Yel haqqında maraqlı bir bilgi də var. Orada oxuyuruq: “Yel ruhların xarab havasını təmizləyir. Burada bütün ruhlar büllurkimi təmizdir” [2, s. 396]. Buradan belə bir nəticə çıxa bilər ki, Yel ulusunun adı birbaşa yellə, küləklə bağlıdır. Əslində yuxarıda deyilənlərlə sonuncu fikir bir-birini inkar etmir, əksinə təsdiqləyir. Bütün hallarda Yel ulusunun adı yellə, havayla, küləklə bağlanır.

Hava, külək, yel də yiyəsiz deyil. Enlil havanın, yelin ağasıdır. Onun təmizliyini qorumaq da Enlilin vəzifəsidir. Beləliklə, yuxarıda deyilənlərin hamısını ümumiləşdirib belə demək olar ki, “Qızlar bulağı” romanmdakı Yel ulusunun adı Şumer tanrısı Enlilin adındakı yel sözündən götürülmüşdür. Təhlil etdiyimiz bütün faktlar da bu fikri söyləməyə əsas verir.

ƏDƏBİYYAT

1. Xəlilov P. Herodot “Tarixi” və “Qızlar bulağı”. Bakı, “Ədəbiyyat və incəsənət” qəzeti, 1988,22 iyul.

2. Çəməzəminli Y.V. Əsərləri. III cilddə, 2-ci cild. Bakı, 1968.

3. Mehdi H. Azərbaycan şura nəsrinin vəzifələri. Bakı, “İnqilab və mədəniyyət” jurnalı (indiki “Azərbaycan” -İ.S), 1934, sayı 8.

4. Məmmədov K. Yusif Vəzir Çəmənzəminli. Bakı, Azəməşr, 1987.

5. Xəlilov P. Nəsrimizin üfüqləri. Bakı, “Yazıçı”, 1982.

6. Hüseynoğlu T. Ədəbiyyatla yaşayıram. Bakı, Azəməşr, 1993.

7. Hüseynov T. “Qızlar bulağı” haqqında bəzi qeydlər. Bakı, ADU-nun Elmi əsərləri (“Dil və ədəbiyyatı”seriyası), 1972, sayı 1.

8. Əlioğlu M. “Qızlar bulağı” haqqmda qeydlər. Bakı, “Ədəbiyyat və incəsənət” qəzeti, 1967, 11 noyabr.

9. Əlioğlu M. 30-cu illərdə nəsr. Azərbaycan sovet ədəbiyyatı tarixi. II cilddə, 1-ci cild. Bakı, AMEA nəşriyyatı,1967.

10. Xəlilov Q. Azərbaycan romanm inkişaf tarixindən. Bakı, “Elm”, 1973.11. Axundova M. Yusif Vəzir Çəmənzəminli. Bakı, “Yazıçı”, 1981.

12. Abdullayev B. Yusif Vəzir Çəmənzəminli və folklor. Bakı, “Elm”, 1981.

13. Sadıq İ. Şumerdə izim var. Bakı, Azəməşr, 2008.

14. Sadıq İ. Şumer və türk dastanları. Bakı, Azəməşr, 2012

İslam SADIQ

Filologiya üzrə elmlər doktoru, Folklor İnstitutu

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …