Azərbaycan və Ermənistan tarixi sülh sazişi imzaladı – Video

GADTB: Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycna Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb. Sənəd üçtərəfli görüşdən sonra imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 2025-ci il avqustun 8-də ABŞ-ın Vaşinqton şəhərində keçirilən görüşlərinin nəticələri üzrə Birgə Bəyannaməsi

• Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri, 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

• Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald J. Trump, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülhün və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasının şahidi olduq. Sazişin mətninə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirləri imza atmışdır. Bu baxımdan, tərəflər arasında sülhə nail olmaq və Sazişin yekun ratifikasiyasını təmin etmək üçün gələcək addımların zəruriliyini qəbul etdik, həmçinin iki ölkə arasında sülhün qorunmasının və möhkəmləndirilməsinin əhəmiyyətini vurğuladıq.

Biz həmçinin, ATƏT-in Minsk prosesinin bağlanması və bununla əlaqəli məsələlər barədə Ermənistan Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri tərəfindən imzalanmış ATƏT-ə birgə müraciətin şahidi olduq. Biz bütün ATƏT iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq.

• Biz iki ölkə arasında, həm ikitərəfli, həm də beynəlxalq nəqliyyat əlaqələrinin, bölgədə və onun ətrafında sülhün, sabitliyin və rifahın inkişafı üçün əhəmiyyətini təsdiqlədik. Bu, dövlətlərin suverenliyi, bərabərliyi və yurisdiksiyasına hörmət prinsiplərinə uyğun həyata keçirilməlidir. Biz razılaşdıq ki, bu nəqliyyat əlaqələrinə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında, Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz rabitə də daxildir. Bu, Ermənistan Respublikası üçün beynəlxalq və daxili nəqliyyat əlaqələrində qarşılıqlı faydalar təmin edəcək.

• Ermənistan Respublikası, Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə birlikdə, Ermənistan ərazisində “Sülh və Rifah üçün Beynəlxalq Əlaqə üzrə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsini müəyyənləşdirmək üçün işləyəcək.

• Biz bu məqsədə ən qısa müddətdə çatmaq üçün səylərimizi səmimi niyyətlə davam etdirmək əzmimizi təsdiqləyirik.

Biz, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişələrdən asılı olmayan parlaq gələcək üçün yol xəritəsi hazırlamaq zəruriliyini qəbul edirik. İndi xalqlarımız üçün beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiqi yolu ilə ərazi əldə etmənin yolverilməzliyi prinsiplərinə əsaslanan mehriban qonşuluq münasibətlərinin qurulması üçün şərait yaradılmışdır. Müharibənin gətirdiyi böyük insan iztirabları ilə nəticələnmiş bu həqiqət dəyişdirilməməli və heç vaxt yenidən nəzərdən keçirilməməlidir.

• Bu, iki ölkə arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz qətiyyətlə indi və gələcəkdə hər hansı intiqam cəhdini rədd edir və istisna edirik.

Video:

https://t.me/GADTB1/44301

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …