Evin həbsxanası qarşısında azərbaycanlı milli fəallar döyülüb, Əli Xeyrcunun dişi, Bəhzad Dəştinin burnu qırılıb

GADTB: Noyabrın 11-də səhər saatlarında Evin həbsxanası qarşısında saxlanılan Cənubi Azərbaycan milli hərəkatı fəalları – Abbas Lisanı, Əli Xeyrcu, Yusif Kari və Bəhzad Dəşti ailələri ilə qısa telefon əlaqəsi saxlayaraq molla rejimin qüvvələri tərəfindən şiddətli şəkildə döyüldüklərini bildiriblər.

Məlumata görə, fəallar saxlanılmaya müqavimət göstərdikdən sonra dəyənəklə və gözyaşardıcı qazla hücuma məruz qalıblar. Nəticədə Əli Xeyrcunun dişi, Bəhzad Dəştinin isə burnu qırılıb, hər dörd fəalın ayaqlarında, qollarında və bellərində göyərmələr yaranıb.

Saxlanıldıqdan bir neçə saat sonra onlar Evin prokurorluğunun 6-cı istintaq şöbəsinə, hakim Vahid Nasirinin rəhbərliyi altında aparılıblar və onlara aşağıdakı ittihamlar elan olunub:

Abbas Lisanıya: “Qeyri-qanuni qrup yaratmaq və idarə etmək”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və sui-qəsd”, “ictimai asayişin pozulması”.

Əli Xeyrcu, Yusif Kari və Bəhzad Dəştiyə: “Qeyri-qanuni qrupa üzvlük”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və sui-qəsd”, “ictimai asayişin pozulması”.

Məlumatlara görə, “ictimai asayişin pozulması” ittihamı üzrə 1 milyard tümən girov, digər ittihamlar üçün isə həbs qətimkan tədbiri təyin edilib.

Fəallar istintaq zamanı təhlükəsizlik qüvvələrinin onlara qarşı zorakılığına etiraz edərək tibbi ekspertizaya göndərilmələrini tələb etsələr də, istintaq hakimi cavabında deyib:

“Siz müqavimət göstərmisiniz, əməkdaşlar da öz işini görüb.”

Dörd fəal dindirmədən sonra Evin həbsxanasının tibb məntəqəsinə aparılıb, ağrıkəsici dərman verildikdən sonra 7-ci bölmənin karantin hissəsinə köçürülüblər.

Qeyd edək ki, Abbas Lisanı bir neçə gün öncə yaydığı açıqlamada xəbərdarlıq etmişdi:

“Əgər sabah axşama qədər məhbusların və ailələrinin tələblərinə cavab verilməsə, mən də Evin həbsxanasının qarşısında onlara qoşulacağam.”

Hazırda Tahir Nəqəvi və Vədud Əsədi, iki azərbaycanlı siyasi məhbus, 15-ci gündür aclıq aksiyasını davam etdirirlər. Onlar son aylarda siyasi və vətəndaş fəaliyyətlərinə görə Əvində saxlanılır və ailələri onların tibbi xidmətlərə çıxışının təmin olunmasını, hüquqlarının qorunmasını və vəziyyətlərinə aydınlıq gətirilməsini tələb edirlər.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …