
GADTB: Bir azərbaycanlı ailə 6 ay davam edən hüquqi mübarizədən sonra Culfa Qeydiyyat (VVAQ) İdarəsini məhkəmə yolu ilə məğlub edərək övladlarına türk–ərəb mənşəli “Əlihan” adı ilə doğum haqqında şəhadətnamə almağa nail olub.
Körpənin atası Həsən R. “#Balamin_Adı” kampaniyası çərçivəsində “dan.magazin” səhifəsinə bildirib ki, oğlu 12 Xordad 1404-cü ildə anadan olub və ailə ona “Əlihan” adını verib. Lakin Culfada qeydiyyat idarəsinin əməkdaşları bu adın “ad seçimi sistemi”ndə olmadığını əsas gətirərək qeydiyyatdan imtina ediblər. Ailə daha əvvəl yüzlərlə şəxsə bu adla şəxsiyyət vəsiqəsi verildiyini və qohumları arasında da Əlihan adlı şəxslərin olduğunu desə də, onlara adın Tehrandan qadağan edildiyi bildirilib və məhkəməyə müraciət etmələri tövsiyə olunub.
Ata qeyd edib ki, onlar da iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu əsas hüquqlarını tələb ediblər. Altı aylıq davamlı müraciət və səylərdən sonra məhkəmə iclası keçirilib və məhkəmə Culfa Qeydiyyat İdarəsini ailənin övladına “Əlihan” adı ilə şəxsiyyət vəsiqəsi verməyə məcbur edib. Nəticədə 15 Azər tarixində körpənin şəxsiyyət vəsiqəsi rəsmiləşdirilib.
Həsən R. vurğulayıb ki, istədikləri adı seçdiklərinə görə ailə 6 ay ciddi çətinliklərlə üzləşib və bu müddətdə heç bir qurum onlara real dəstək göstərməyib. Onun sözlərinə görə, dəfələrlə məhkəməyə və Culfa millət vəkilinin ofisinə müraciət etsələr də, nəticə əldə olunmayıb. Hətta hakim onlara uşağın adını rəsmi olaraq “Əli” qoyub evdə “Əlihan” çağırmağı təklif edib. Ailə isə ikiadlılığın uşağın psixoloji və şəxsiyyət inkişafına mənfi təsir göstərə biləcəyini bildirib.
Ailə təxminən 4 milyon tümən məhkəmə və əlavə xərclərə pul xərclədiklərini, körpənin şəxsiyyət vəsiqəsi və milli kodu olmadığı üçün sığortadan istifadə edə bilmədiklərini, səhiyyə müəssisələrinin peyvənd vurmaqdan imtina etdiyini və apteklərin süd qarışığı vermədiyini qeyd edib. Bu səbəbdən uşaq üçün südü bazardan dəfələrlə baha qiymətə almağa məcbur qalıblar.
Bundan əlavə, uşağın sənədsiz qalması ailədə, xüsusilə anada ciddi psixoloji gərginlik, stress və narahatlıq yaradıb. Davamlı idarə gediş-gəlişləri, bəzi məsul şəxslərin hörmətsiz və uyğunsuz davranışları, eləcə də müraciətlərin uzun müddət nəticəsiz qalması ailəyə əlavə təzyiq göstərib.
Məlumatda qeyd olunur ki, bu əngəllər “Əlihan” adının 1400-cü ildə Şərqi Azərbaycanda ən populyar beş oğlan adından biri olduğu halda baş verib. Bildirilir ki, qeydiyyat idarələrinin türk adlarına qarşı istifadə etdiyi üsullardan biri adın populyarlığı artan kimi onu qadağan olunmuş adlar siyahısına salmaqdır. Türk–ərəb mənşəli “Əlihan” adı da bu cür hallardan biri kimi göstərilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi