Şənbə , Aprel 25 2026
azfa

Cənubi Azərbaycan və İran şəhərlərində İran rejiminin mövqelərinə hava hücumları davam edir

GADTB: İran rejimi rəsmilərinin ABŞ ilə sülh danışıqları aparmaq üçün pərdəarxası səylərinə baxmayaraq, Cənubi Azərbaycan və İranın müxtəlif şəhərlərində rejim mövqelərinə qarşı bombardmanlar davam edir.

Məlumata görə, gecə saatlarında Təbrizin Dəmir yolu küçəsində yerləşən İran ordusunun xidməti yaşayış binalarında iki partlayış baş verib. Bundan əlavə, Qəzvin, Şəbüstər, Kərəc və digər şəhərlərin də hədəfə alındığı bildirilir.

Daxil olan məlumatlara əsasən, bu gün — 1405-ci ilin 5 fərvərdini çərşənbə günü səhər tezdən Tehran və bir sıra digər şəhərlərdə partlayış səsləri və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti eşidilib.

Məlumatlara görə, gecə saat 02:10–02:11 radələrində Tehranın müxtəlif bölgələrində — şəhərin şərq, qərb və cənub hissələrində, Ekbatan şəhərciyi, Çitgər, Səadətabad, Şimali Cənnətabad, Firdovs, Vələncək, Seyidxəndan, Niyavəran və Qalə Həsənxan ətrafında partlayış səsləri eşidilib. Bəzi sakinlər səmada güclü işıq və ardıcıl partlayışlar gördüklərini bildiriblər.

Yerli mənbələr həmçinin Kərəc (Bənəfşə), Əndişə və Şəhriyar şəhərlərində də döyüş təyyarələrinin səsi və partlayışların baş verdiyini qeyd ediblər. Bundan başqa, İsfahanın Kuh-Səffə bölgəsində və Nuşəhr şəhərində də oxşar səslərin eşidildiyi bildirilir.

Daxili KİV-lərin məlumatına görə, Qərbi Tehran, eləcə də Şiraz, Qəzvin, Kərəc və Buşehr şəhərlərində də bir neçə partlayış qeydə alınıb. Yəzd vilayət administrasiyasının rəsmisi şəhərdən kənarda yerləşən bir hərbi obyektin hücuma məruz qaldığını açıqlayıb.

Bu arada, Sepah (İslam İnqilabı Keşikçiləri Korpusu) Tehranın ətrafında iki qanadlı raketin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini iddia edib.

Fars xəbər agentliyi isə yazır ki, çərşənbə axşamı axşam Vəramin şəhərinin Xeyrabad bölgəsinə edilən hücum nəticəsində 12 nəfər ölüb, 28 nəfər yaralanıb və 36 saat davam edən dağıntıların təmizlənməsi əməliyyatı başa çatıb.

Eyni zamanda sosial şəbəkələrdə Şiraz hava limanı yaxınlığında, Qəzvinin Əlvənd şəhərində yerləşən sənaye zonasında, həmçinin Kərəc və Şərqi Tehran ətrafında partlayışların baş verdiyinə dair təsdiqlənməmiş məlumatlar yayılıb. Bu xəbərlər müstəqil şəkildə təsdiqlənməyib.

ABŞ Mərkəzi Komandanlığı — CENTCOM (Sentkom) isə sosial şəbəkədə yaydığı son məlumatda bildirib ki, “ABŞ qüvvələri İran daxilində 9000-dən çox hərbi hədəfi məhv edib və İran rejiminin döyüş qabiliyyətinə ciddi zərbə vurub.”

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …