
GADTB: Hazırda təxminən 3 min yük maşınının 20 gündən artıqdır ölkədən çıxış üçün sərhəd keçid məntəqələrində gözlədiyi bildirilir. Məlumata görə, bu gecikmələrin aylıq iqtisadi zərəri 10 milyon dolları ötür.
Ehsan Mələkzadə bildirib ki, Türkiyə tərəfi gündəlik yalnız 250 yük maşınının İrandan girişinə icazə verir. Onun sözlərinə görə, bu məhdudiyyət, eləcə də proqram təminatı, texniki infrastruktur problemləri və İran tərəfində sərhəddə fəaliyyət göstərən qurumlar arasında koordinasiyanın olmaması uzun növbələrin yaranmasına səbəb olub.
O qeyd edib ki, digər sərhəd keçidlərində də oxşar vəziyyət hökm sürür və yük maşınları ölkədən çıxmaq üçün 5–10 gün gözləməli olurlar.
Böhranın ABŞ-ın dəniz mühasirəsi və müharibə şəraiti səbəbindən İranın cənub limanlarının fəaliyyətinin ciddi şəkildə zəiflədiyi bir dövrdə daha da dərinləşdiyi bildirilir. Nəticədə ölkəyə idxal olunan malların böyük hissəsi quru yolu ilə, əsasən Türkiyə üzərindən daşınır.
Ehsan Mələkzadə xəbərdarlıq edib ki, yaranan əlavə xərclər son nəticədə malların qiymətinə təsir edir. Onun sözlərinə görə, müharibədən əvvəl Türkiyə limanlarından İrana yük daşınmasının qiyməti 1500 dollar olduğu halda, hazırda bu rəqəm 3000 dollara yüksəlib.
Bu arada İran Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi Tehran hakimiyyətinin müharibənin dayandırılması üçün irəli sürdüyü şərtləri açıqlayıb. O, parlamentin Milli Təhlükəsizlik Komissiyasında çıxışı zamanı İranın uranı zənginləşdirmə hüququnun tanınmasını, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılmasını və ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılmasını tələb etdiyini bildirib.
Qəribabadi həmçinin ABŞ-ın dəniz mühasirəsinin aradan qaldırılması, İranın bloklanmış vəsaitlərinin azad edilməsi, müharibə zərərlərinin ABŞ tərəfindən ödənilməsi, eləcə də bütün birtərəfli sanksiyaların və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğv edilməsinin də Tehran tərəfinin əsas tələbləri olduğunu deyib.
Məlumatda qeyd olunur ki, Donald Trump İranın əvvəlki təkliflərini açıq şəkildə rədd edib və 28 ordibehişt tarixində razılıq əldə olunmayacağı təqdirdə 2–3 gün ərzində hərbi əməliyyatların yenidən başlayacağını bəyan edib.
Eyni zamanda Tramp bildirib ki, Körfəz sahilində yerləşən üç ərəb ölkəsinin liderlərinin xahişi ilə 29 ordibehişt tarixinə planlaşdırılan hücumu təxirə salıb. Tərəflərin tələbləri arasındakı ciddi fərqin qısa müddətdə razılaşma əldə olunmasını çətinləşdirdiyi vurğulanır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi