
GADTB: Təbriz həbsxanasından daxil olan məlumatlara görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Əli Babayi və Əyyub Şiri, həmçinin həbsxananın asılılıqlardan müalicə bölməsində saxlanılan bir qrup siyasi məhbus etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıblar.
Məlumata əsasən, son günlər bəzi siyasi məhbusların telefonla əlaqə imkanlarının məhdudlaşdırılması da daxil olmaqla bir sıra yeni qadağaların tətbiq edilməsi həbsxanada narazılığa səbəb olub. Etirazlar asılılıqlardan müalicə bölməsindəki şəraitə və siyasi məhbuslara qarşı tətbiq olunan məhdudiyyətlərə qarşı yönəlib.
Bildirilir ki, Yürüş Mehrəlibəyli bu etirazlarla əlaqədar Təbriz həbsxanasının xüsusi bölməsinə köçürülüb və hazırda həmin bölmədə saxlanılır.
Daha əvvəl siyasi məhbusların yaxınları xəbərdarlıq etmişdilər ki, əgər Yuruş Mehrəlibəyli ümumi bölməyə qaytarılmasa, onlarla siyasi məhbus aclıq aksiyasına başlayacaq. Son məlumatlara görə, bu aksiya artıq başlayıb və təxminən 60 siyasi məhbus ona qoşulub.
Aclıq aksiyası iştirakçıları Yürüş Mehrəlibəylinin yenidən ümumi bölməyə qaytarılmasını və Təbriz həbsxanasında siyasi məhbuslara qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi