
GADTB: ABŞ dövlət katibi Marko Rubio Manilada ASEAN ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında əvvəlki mövqeyini təkrarlayaraq bildirib ki, İran hələ də razılaşmaya hazır deyil və bunun bədəlini ödəyəcək.
Marko Rubio cümə axşamı deyib: “İranın ödədiyi bədəl hər gecə daha da artır və bu, onlar reallığı qəbul edənədək davam edəcək.” O əlavə edib: “İranın sərgilədiyi cəsarətə baxmayaraq, onlar ciddi təzyiq altındadırlar və bu vəziyyət davam edəcək.”
ABŞ dövlət katibi eyni zamanda İran hökumətinin “çox güman ki, yaxın zamanda” razılaşmaya hazır olacağına ümid etdiyini bildirib. Bununla yanaşı vurğulayıb ki, hazırda Tehran açıq şəkildə razılaşmaya hazır deyil, “ən azı qəbul edə biləcəyi bir razılaşmaya.”
Rubio Donald Trampın ABŞ hərbçilərinin öldürülməsi və Hörmüz boğazında gəmilərə edilən hücumlarla bağlı İranın cavab verməli olacağına dair son bəyanatına münasibət bildirərək deyib ki, Trampın siyasəti “gözə-baş” prinsipinə əsaslanır və İran bunun ağır nəticələri ilə üzləşəcək.
ABŞ dövlət katibi, həmçinin Yəməndə husilərin hücumlarının dayanacağına ümid etdiyini ifadə edərək bildirib: “Ümid edirəm ki, onlar gərginliyi azaldacaqlar. İran onları aldadıb.”
Marko Rubio bu açıqlamaları Filippinin paytaxtı Manila şəhərində keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin toplantısı çərçivəsində verib.
Frans Press Agentliyinin (AFP) məlumatına görə, ABŞ–İran qarşıdurması toplantının əsas müzakirə mövzularından birinə çevrilib. Bildirilir ki, ASEAN üzvlərinin bir həftə davam edən iclasın yekununda qəbul edəcəkləri bəyanatda beynəlxalq boğazlarda gəmiçiliyin sərbəstliyinin qorunmasının vacibliyi vurğulanacaq.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi