Çərşənbə , Sentyabr 16 2026
azfa

İran rejimi xaricdə yaşayan müxalifləri müəyyənləşdirmək üçün “Əlac” sistemini işə salıb

GADTB: İran rejimi “Əlac” adlı sistem yaradıb. Rejimə bağlı media bu sistemi ölkə xaricində yaşayan və rejimin baxışına görə İranın maraq və təhlükəsizliyinə qarşı fəaliyyət göstərən şəxslərin müəyyənləşdirilməsi və izlənilməsi üçün vasitə kimi təqdim edib.

Bu sistem vətəndaşlardan “xain”, “separatçı” və ya “vətənə xəyanət edən” hesab etdikləri şəxslər barədə məlumatları “Əlac” veb-saytı, eləcə də daxili messencerlərdə və “Telegram”da təqdim olunan hesablar vasitəsilə göndərmələrini istəyir.

Rejimə bağlı media orqanları həmçinin bu sistemdə barəsində məlumat yerləşdirilən şəxslərə qarşı maliyyə, vətəndaşlıq və media sahələrində məhdudiyyətlərin tətbiq edilə biləcəyini bildiriblər. Bu şəxslərin əmlakının müsadirə və ya bloklanması, habelə bəzi konsulluq və vətəndaşlıq xidmətlərindən istifadələrinin məhdudlaşdırılması mümkün tədbirlər sırasında göstərilir.

“Əlac” veb-saytı indiyədək onlarla şəxsin adının aidiyyəti qurumlara bildirildiyini açıqlayıb. Həmçinin xaricdə yaşayan bəzi şəxslərin şəxsi və ailə fotolarının, ünvanlarının, təhsil aldıqları və ya işlədikləri yerlər barədə məlumatların bu sistemdə yayımlandığı bildirilir.

Bu addımlar göstərir ki, İran rejimi bir tərəfdən ölkə daxilində könüllü batalyonlar təşkil etməklə etirazların qarşısının alınması və öz tərəfdarı olan vətəndaşların bir hissəsinin etirazçıların qarşısına çıxarılması üçün yeni imkanlar yaratmağa çalışır.

Digər tərəfdən isə “Əlac” sisteminin yaradılması və vətəndaşların müxaliflər barədə məlumat verməyə təşviq edilməsi vasitəsilə rejim həm ölkə daxilində, həm də xaricdə müxaliflərin izlənilməsi və müəyyənləşdirilməsi şəbəkəsini genişləndirməyə çalışır. Bu tədbirlər iqtisadi və sosial narazılıqların artdığı bir şəraitdə rejimin cəmiyyət üzərində nəzarəti gücləndirmək və repressiyanı artırmaq istiqamətində səyləri kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik

GADTB: Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib ki, biz görürük ki, …

Molla rejimi “Canfida batalyonları” adı altında muzdlularını təşkilatlandırmağa başlayıb

GADTB: SEPAH-a bağlı qurumların dəstəklədiyi “Canfida” kampaniyası öz muzdlularını “hərbi və yardım təlimləri”nə cəlb etmək …