
GADTB: Vərzğanın Həsəno bölgəsinin sakinləri qeyri-yerli polad şirkətinin kəşfiyyat fəaliyyəti zamanı mühafizə olunan meşələrin dağıdılmasına, ağacların kəsilməsinə və Ağca Qala tarixi ərazisinə zərər vurulmasına etiraz edirlər.
Sakinlərin bildirdiyinə görə, bu fəaliyyətlər uran kəşfiyyatı məqsədilə həyata keçirilir. İşlərin davam etdirilməsi meşə örtüyünə və vəhşi heyvanların yaşayış mühitinə zərər vurmaqla yanaşı, kənd sakinlərinin mal-qarasının otarılması üçün istifadə etdiyi ərazilərə də təsir göstərib.
Sakinlər həmçinin bildirirlər ki, şirkət tərəfindən əməliyyatlara rəhbərlik edən şəxs kimi təqdim olunan “Baqeri” adlı şəxs onların etirazlarına cavab olaraq güc tətbiqindən danışıb və layihəni “milli layihə” adlandırıb.
Etirazçılar soruşurlar: Əgər bu fəaliyyətlərin qanuni və ekoloji icazəsi varsa, meşə örtüyünün məhv edilməsinə və ərazinin tarixi hissəsində fəaliyyət göstərilməsinə icazə hansı sənədlər əsasında verilib?
Bundan əlavə, əyalət rəsmilərinə belə bir sual ünvanlanır: Sakinlərin müraciətlərinə cavab olaraq məsələnin “Tehrandan verilən göstəriş”lə əlaqələndirilməsinin səbəbi nədir? Qaradağ meşələrinin, vəhşi təbiətin, təbii sərvətlərin və bölgənin tarixi irsinin qorunmasına hansı qurum cavabdehdir?
Bölgə sakinlərinin sözlərinə görə, Şərqi Azərbaycan valiliyinə, Vərzqan administrasiyasına və aidiyyəti qurumlara etdikləri müraciətlər indiyədək konkret nəticə verməyib.
Hazırda əsas tələblər bunlardır:
Layihəyə verilmiş icazələrin şəffaf şəkildə açıqlanması;
Hüquqi və ekoloji vəziyyət aydınlaşana qədər hər hansı dağıntı işlərinin dayandırılması;
Kəşfiyyat fəaliyyətlərinin bölgəyə təsiri ilə bağlı məsul qurumların cavab verməsi.
Əgər hər hansı fəaliyyət “milli layihə” adı altında həyata keçirilirsə, bu ifadə yerli əhalinin hüquqlarının, ətraf mühit qanunlarının və mədəni-tarixi irsin qorunması tələblərinin nəzərə alınmamasına əsas verə bilməz.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi