
GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının bağlı olması və bu su yoluna İran İslam Respublikasının tam nəzarət etməsi barədə iddiasını rədd edib. CENTCOM bildirib ki, bu marşruta nəzarət ABŞ və onun regiondakı tərəfdaşlarının əlindədir.
CENTCOM oktyabrın 8-də, cümə axşamı, “X” sosial şəbəkəsində açıqlama yayaraq bildirib ki, Hörmüz boğazında gəmilərin hərəkəti davam edir və təxminən 20 milyon barel xam neft də daxil olmaqla, kommersiya və enerji yükləri bu marşrutdan keçir.
Bu açıqlama SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə müavini Əli Məhəmmədinin bəyanatına cavab olaraq yayımlanıb. O, ABŞ rəsmilərinin neft tankerlərinin keçid həcmi ilə bağlı açıqlamalarını şübhə altına alaraq, SEPAH-ın Fars körfəzi, Hörmüz boğazı və Oman dənizində gəmilərin hərəkətinə “tam nəzarət etdiyini” iddia etmişdi.
İran və ABŞ arasında müharibə başlayandan etibarən Hörmüz boğazında gəmiçilik ciddi problemlərlə üzləşib. Bununla belə, tərəflərin hər birinin real nəzarət səviyyəsi və boğazdan keçən neftin həcmi ilə bağlı fərqli məlumatlar yayılır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi