
GADTB: Böyük Britaniyanın “The Telegraph” qəzeti yüksək rütbəli iranlı məmura istinadən yazıb ki, İran İslam Respublikası rejiminin rəhbəri Müctəba Xamenei Rusiya prezidenti Vladimir Putinə ünvanladığı məktubda İrana qabaqcıl S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsini istəyib.
Noyabrın 6-da, cümə günü yayımlanan xəbərə görə, İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi noyabrın 5-də, cümə axşamı Moskvaya səfəri zamanı Xameneinin məktubunu Putinə çatdırıb. Yüksək rütbəli iranlı məmur “The Telegraph”a bildirib ki, məktubda irəli sürülən ən mühüm tələb S-400 sistemlərinin əldə edilməsi olub. Tehran ümid edir ki, Moskva nəhayət bu hərbi texnikanın satışına razılıq verəcək.
İran İslam Respublikası ABŞ və İsrailin hücumlarından sonra zərər görmüş hava hücumundan müdafiə imkanlarını bərpa etməyə çalışır. “The Telegraph”ın yazdığına görə, iranlı rəsmilər bu sistemlərin əldə edilməsi üçün Rusiya ilə danışıqlar aparıldığını bildiriblər. Lakin Moskva Tehranın əvvəlki müraciətlərinə baxmayaraq, indiyədək S-400 sistemlərinin satışını yekunlaşdırmayıb.
Rusiya əvvəllər bu sistemləri İrana satmağa hazır olduğunu bildirmişdi. Lakin Moskvanın İsrail və regionun digər ölkələri ilə münasibətlərinə dair narahatlıqlar mümkün sövdələşmənin qarşısındakı maneələrdən biri kimi göstərilir. Rusiyanın Ukraynada apardığı müharibə də ölkənin hava hücumundan müdafiə sistemləri üzrə ehtiyatlarına ciddi təzyiq göstərib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi