
GADTB: CBS News telekanalı noyabrın 20-də, cümə günü məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ və İsrail yaxın gələcəkdə İrana qarşı yeni hərbi hücum həyata keçirməyi nəzərdən keçirirlər. Lakin ABŞ prezidenti Donald Trampın yeni hərbi əməliyyata razılıq verib-verməyəcəyi hələ məlum deyil.
Mənbələrin bildirdiyinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən, eləcə də İran İslam Respublikası rejiminin hərbi və nüvə infrastrukturunu hücumlardan qorumaq məqsədilə yeraltı obyektlərə köçürmək cəhdlərindən narahatdır.
CBS News-un mənbələri bildiriblər ki, İsrail ordusu İranla yeni qarşıdurma mərhələsinə hazırlaşır və İranın mümkün hücumuna cavab vermək üçün müdafiə hazırlığını ən yüksək səviyyəyə çatdırıb.
Məlumata görə, Netanyahu hökuməti yeni hərbi əməliyyatın ABŞ-ın iştirakı ilə həyata keçirilməsinə üstünlük verir. Lakin Trampın yeni hücum əmri vermək niyyətində olub-olmadığı, yaxud razılıq verəcəyi təqdirdə hansı növ əməliyyatı seçəcəyi hələ aydın deyil.
CBS News-un məlumatına görə, ABŞ regionda on minlərlə hərbçi, iki təyyarədaşıyan gəmi və onları müşayiət edən hərbi gəmi qrupları yerləşdirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi