GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ rəsmiləri Çinin Sincan (Şərqi Türküstan) bölgəsində “məcburi əmək” nəticəsində istehsal edilən pambıq, geyim, kompüter hissələri və saç məhsullarının idxalının dayandırılması haqda sərəncam verib. Pekin bu addımı qlobal tədarük zəncirinə qarşı təxribat cəhdi adlandırıb.
ABŞ Dövlət katibi Mayk Pompeo sentyabrın 14-də verdiyi açıqlamada bildirib ki, bununla ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsinin Çindəki beş qurumdan malları müsadirə etməsinə səlahiyyət verilərək, bu məhsulların ABŞ-a gətirilməsinin qarşısı alınacaq.
ABŞ və Çin arasında onsuz da mövcud gərginliyi yenidən artıracağı ehtimal edilən bu addım xüsusilə də Sincanda uyğurların və digər müsəlman etnik qrupların qarşılaşdığı “insan haqlarının kobud şəkildə pozulması”nı hədəf alır.
Bu hallara “fərdləri məcburi əməyə cəlb etmək və onların necə, harada çalışacaqlarını seçmək azadlığı və harada işləmək azadlığından məhrum etmək daxildir” deyən Pompeo əlavə edib ki, bu addım Çinə “dövlət tərəfindən məcburi əmək praktikasına son qoymağın və bütün şəxslərin insan hüquqlarına hörmət edilməsi”nin vaxtı gəldiyinə dair açıq mesajdır.
Çinin Xarici İşlər Nazirliyi 15 sentyabrda verdiyi açıqlamada ABŞ-ın idxal qadağalarının qlobal tədarük zəncirini sabotaj etmək məqsədi daşıdığını bildirib.
Hədəf alınan beş müəssisə arasında Sincandakı “Lop County” – 4 saylı Peşə Bacarıqları, Təhsil və Tədris Mərkəzi də var. ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi burada saç məhsulları hazırlamaq üçün həbsxana işçilərinin əməyindən istifadə edildiyinə “əsaslı şəkildə işarə edən” məlumatlara sahib olduğunu bildirib.
“Bura peşə mərkəzi deyil, əsir düşərgəsidir. Dini və etnik azlıqların istismara məruz qaldığı azadlığın olmadığı, ağır şəraitdə işləməyə məcbur edildiyi bir yerdir. Bu, müasir köləlikdir”, ABŞ-ın Daxili Təhlükəsizlik nazirinin müavini vəzifəsini icra edən Ken Cuccinelli jurnalistlərə açıqlamasında deyib.
Rəsmi Vaşinqton bu yaxınlarda Çinin uyğurlara qarşı münasibətinə görə təzyiqləri artırıb.
Pompeo Amerika şirkətlərinin Sincanda insan haqlarının pozulduğundan “xəbərdar olduqlarını” söyləyib. Lakin ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Çində adı çəkilən qurumlarla işləyən ABŞ şirkətlərinin adlarını açıqlamayıb.
Çin 2017-ci ildən bəri Sincanda 1 milyondan çox Uyğur və digər etnik qrupların üzvlərinin əsir düşərgələrinə yerləşdirildiyinə görə qınaqla qarşılaşır.
Pekin düşərgələrin separatçı terrorizm və ekstremizmə qarşı mübarizə üçün lazımlı təhsil və təlim mərkəzləri olduğunu deyir.
Uyğurlar qazaxlardan sonra Sincanda (Şərqi Türküstanda) yaşayan ən böyük Türk etnik qrupdur. Bölgədə eyni zamanda etnik qırğızlar, taciklər və Dunganlar kimi tanınan huylar da yaşayır.