Cümə axşamı , May 14 2026
azfa

Azərbaycanın Qarabağ bölgəsinin Rusiyaya birləşdirilməsi təklifinə azərbaycanlılar etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyadakı azərbaycanlılar “Ədalətli Rusiya” partiyasına Azərbaycanın Qarabağ bölgəsinin Rusiyaya birləşdirilməsi təklifi ilə bağlı sərt etirazlarını bildiriblər.

“Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurası və “Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı (AzerRos) bu ölkədə fəaliyyət göstərən “Ədalətli Rusiya” partiyasının mərkəzi aparatının sədr müavini Nikolay Noviçkovun təxribat xarakterli bəyanatına kəskin etirazlarını bildiriblər.

Hər iki təşkilatın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə və digər rəsmi qurumlara ünvanlanan müraciətlərində bildirilib ki, soydaşlarımız N.Noviçkovun Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi hesabına bu ölkənin ərazilərinin genişləndirilməsi haqqında tezisin partiyanın seçkiqabağı proqramına daxil edilməsi ilə bağlı 25 mart 2021-ci il tarixli brifinqdə səsləndirdiyi bəyanatdan ciddi narahatlıq ifadə edirlər. Bu bəyanatın Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın güclü şəkildə möhkəmləndirildiyi, dövlət başçısı V.Putinin “Dağlıq Qarabağ suveren Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir” bəyanatının səsləndirdiyi bir dönəmdə meydana çıxdığı, dövlət sərhədlərinin toxunulmazlığına dair beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb.

Soydaşlarımız hesab edirlər ki, Noviçkovun bəyanatı regionda qeyri-sabitliyə, münaqişə potensialının gərginləşdirilməsinə xidmət edir, Rusiya Prezidentinin sülhün təmin olunmasına dair barış təşəbbüslərinə zərər vurmaq məqsədi güdür. Qeyd edilib ki, Rusiyadakı azərbaycanlılar və ermənilər üçün asan olmayan dönəmdə siyasətçilərin, ictimai xadimlərin və KİV-lərin öz hərəkətlərində, sözlərində və addımlarında ehtiyatlı olması çox mühümdür. “Noviçkovun bəyanatından sonra KİV-lərdə və sosial şəbəkələrdə kəskin müzakirələr və ədavətli mülahizələr səsləndirilməyə başlayıb. Hesab edirik ki, Noviçkovun bəyanatı Rusiya Federasiyasının öz ərazisində millətlərarası münaqişəyə gətirib çıxara bilər”, – deyə müraciət müəllifləri vurğulayıblar.

Soydaşlarımız Rusiyanın dövlət başçısından bu cür məsuliyyətsiz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq dövlət strukturlarına göstəriş verməyi xahiş ediblər.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …