
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat yayaraq, Tehranın Evin zindanında həbsdə saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı və vəkil Tahir Nəqəvi ilə bağlı bəyanat yayıb.
Həmin insan haqları təşkilatı azərbaycanlı vəkilin qeyd-şərtsiz azadlığa buraxılmasını və onun tibbi ehtiyaclarının ödənilməsini və fəala qarşı basqıların dayandırılmasını tələb edib.
Qərargahı İrlandiyanın paytaxtı Dublin şəhərində yerləşən təşkilatın bəyanatında yazılıb:
“Güney azərbaycanlı fəal Tahir Nəqəvi fevralın 6-dan etibarən Evin zindanında özbaşına saxlanılır. O, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da ittiham edilib. Tahir Nəqəvi İrandakı etnik azlıqların, xüsusilə türklərin hüquqlarının müdafiəçisidir.
Evin həbsxanasının 209-cu bölməsində 40 gün davam edən dindirmə zamanı o, işgəncələrə məruz qalıb, sorğu-sualda onu öldürməklə, ailə üzvlərinin tutulması və cinsi zorakılıqla hədələyiblər”.
Təşkilat İran hökumətini ölkədə bütün hüquq müdafiəçilərini hədəfə almaqdan çəkinməyə və istənilən halda onların qanuni insan haqları fəaliyyətlərini qisas qorxusu və məhkəmə məhdudiyyətləri olmadan həyata keçirə bilmələrini təmin etməyə çağırıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi