
GADTB: ABŞ prezidenti Donald Trampın noyabr ayında keçiriləcək aralıq seçkilərindən sonra İran İslam Respublikası rejiminə qarşı hücumları bərpa etmə ehtimalını nəzərdən keçirdiyi bir vaxtda ABŞ Yaxın Şərqə ən azı 9 min hərbçi daşıyan daha 7 hərbi gəmi göndərir.
“Financial Times”ın məlumatına görə, ABŞ rəsmisi bildirib ki, “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisi və onu müşayiət edən üç esmines həftənin əvvəlində San-Diyeqo limanından yola çıxıb və noyabrın sonunadək Yaxın Şərqə çatacağı gözlənilir.
Bu gəmi hazırda bölgədə yerləşən “George H. W. Bush” və “George Washington” təyyarədaşıyan gəmilərindən birini əvəz edə və ya onlara qoşula bilər.
Həmin rəsmiyə görə, “Makin Island” amfibiya hazırlıq qrupu da bölgəyə yollanır. Qrupa bir amfibiya hücum gəmisi və amfibiya əməliyyatlarını dəstəkləyən iki gəmi daxildir. Bu qrup ABŞ Dəniz Piyadalarının 13-cü Ekspedisiya Birliyini daşıyır.
Tramp cümə axşamı “Time” jurnalına müsahibəsində Tehranla qənaətbəxş razılaşma əldə olunmayacağı təqdirdə aralıq seçkilərdən sonra hücumları artırmağın “mümkün ola biləcəyini” bildirib.
Məlumata görə, təyyarədaşıyan gəminin döyüş qruplarında təxminən 5 min hərbçi xidmət edir və gəminin göyərtəsində onlarla hərbi təyyarə yerləşdirilir. Amfibiya hazırlıq qrupları isə təxminən 4 200 dənizçi və dəniz piyadası daşıyır.
“Financial Times” yazır ki, ABŞ İran İslam Respublikası rejimi ilə münaqişə dövründə bölgədə təxminən 20 hərbi gəmi saxlayıb. ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına blokada tətbiq edir və gərginliyin əsas mərkəzinə çevrilmiş Hörmüz boğazından kommersiya neft tankerlərinin keçidinə yardım göstərir.
Hazırda bölgədə 50 mindən çox ABŞ hərbçisinin olduğu bildirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi