Cümə , Aprel 19 2024
azfa

Alban – hun qapısı Dərbənt

GADTB: 1722-ci ilin 5 avqustunda çar Rusiyasının, şəxsən 1-ci Pyotrun Dərbəndə ilk işğal hücumu başlamışdı Dərbənd Qafqazın, Azərbaycanın ən qədim şəhərlərindən biridir. Dərbənd şəhəri və onunla qonşu olan ərazilər Qafqaz Albaniyasın- da ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Bunu çoxsaylı ilk mənbələr və tədqiqat əsərləri birmənalı şəkildə təsdiq edir. Eradan əvvəl  I minilliyin II yarısında və bizim eranın əvvəllərində Albaniya dövləti oturaq əkinçilik – maldarlıq təsərrüfatının kifayət qədər inkişaf etdiyi bir ölkə idi. Paytaxtı Qəbələ şəhəri olan Albaniyanın öz hökmdarları, qoşunu, zərbxanası var idi ki, bütün bunlar Albaniyada şəhərlərin və şəhər həyatının, o cümlədən Dərbəndin inkişafına səbəb olmuşdur.

Müasir Azərbaycan Respublikası və Dağıstan ərazisilərində qazıntılar zamanı arxeoloqlar tərəfindən antik dövrə aid şəhər tipli məskənlər aşkara çıxarılmışdır. Bu məskənlər içərisində Dərbənd şəhəri və onun ətrafında yerləşən ərazilərin də adları vardır. Şimali Azərbaycanın Xəzərsahili ərazisində yerləşən bu şəhər ən qədim zamanlardan başlayaraq cənuba, Ön Asiyaya istiqamətlənən müxtəlif tayfalar  üçün keçid rolunu oynamışdır. Dərbəndin cənubunda yerləşən Torpaqqala haqqında ilk məlumatı bizim eranın II əsrində yaşamış Ptolemey verir və onu Albana adı ilə təqdim edir. Başqa antik müəlliflər isə bu şəhəri qədim Çoranın (Çolanın) qalıqları hesab edirlər. Ancaq bütün bunlara baxmayaraq Dərbənd şəhəri Azərbaycanın şimalında əsası qoyulan ilk şəhər hesab olunur.

Bizim eranın ilk əsrlərində və hətta bundan da əvvəl müasir Dağıstan ərazisinə sarmat-massaget-alan tayfalarının müdaxiləsini bu ərazilərdə aşkar edilmiş arxeoloji abidələr təsdiq edir. Bu tayfalar Dərbənd keçidi vasitəsi ilə Azərbaycanın Xəzərsahili vilayətlərinə daxil olaraq oradan digər ərazilərə də yayılmışdılar. Xəzərin qərb sahillərində məskunlaşmış massagetlər haqqında məlumatları antik müəlliflər də təsdiq edirlər. Dərbənd – Beşbarmaq arasında mövcud olmuş Maskut və ya Maskat çarlığı da massagetlərin adından götürülmüşdür. Görünür Dərbəndən cənubda yerləşən Çora (Çola) keçidinin, yaşayış məkanının adını da skif-sarmat dil materiallarının köməyi ilə izah etmək olar. Bütün bu proseslərdə Dərbənd şəhəri bir növ siyasi-inzibati, iqtisadi və mədəni mərkəz rolunu oynayırdı.

Şirvan şəhərləri sırasından da mənbələrdə ən çox məlumat Dərbənd haqqında verilmişdir. Çünki bura tarixdə Sasani, Xəzər, Bizans və Ərəb əskərlərinin savaş meydanı olmuşdur. Arxeoloji qazıntılar nəticəsində qədim şəhərin xarabələrindən e.ə. VI-VII əsrə aid tikili qalığları tapılmışdır. Erkən orta əsrlərdə Albaniyanın beynəlxalq tranzit-ticarət yolları üzərində yerləşən ən məşhur şəhərlərindən biri olan Dərbənd yalnız albanların baş qalası, Sasanilərin Qafqazdakı istinadgahı kimi deyil, həm də mühüm orta əsr şəhəri, ən iri ticarət-sənətkarlıq və siyasi-mədəni mərkəzlərindən biri kimi tanınmışdı. VI əsrdə bu şəhər mütəşəkkil daxili struktura, dürüst  seçilmiş topoqrafiyaya malik şəhər kimi məhşur idi. M.Kalankatuklunun «Alban tarixi» əsərində Dərbənd «Əzəmətli şəhər» adlandırılır və onun küçə və meydanlar sistemini əhatə edən daxili planının olduğu qeyd edilir. Dərbənd haqqında Yunan, Rus, Ərəb, Erməni, Fars qaynaqlarında müəyyən  bilgilər gəlsə də, ən geniş məlumatlar toplusu olan tarixi mənbə “Dərbəndnamə” adlı əsərdir. Bu əsərdə Ərəbistan ordusunun Dərbəndi fəth etməsi və burada İslamın hakim olduğu dönəmdə  silah, neft və ərzaq anbarlarının qurulması və şimaldan gələn Xəzər axınlarından bəhs edilmişdir. Aparılan arxeoloji qazıntılar Dərbənd divarlarının Ənuşirəvandan  əvvəl, yəni Miladdan öncə VIII-VI əsirlərdəki idarəçilər tərəfindən tikildiyini ortaya qoymaqdadır. Günümüzə qədər varlığını qoruyan Dərbənd səddinin salınma məqsədi düşmən qövmlərdən qorunmaq üçün şəhər divarlarını dağların ən yüksək zirvələrinə qədər daşla hördürmək idi. Çünki Skif, Hun, Sarmat, Alan ve Xəzər boylarının Qafqaza və Ön Asiyaya keçməsi üçün bu qapı strateji məntəqə olub. Sonrakı dönəmlərdə Sasani (V-VI) və Ərəb (VII- VIII) yönəticiləri bu keçidlərə əsgəri birliklər yerləşdirərək buraları nəzarət altında saxlamışlar. Şəhər həm də  ticarət yolları üzərində yerləşdiyindən artıq V əsrin əvvəlindən etibarən Qafqazın və Sasani valiliyinin mərkəzi iqamətgahı olmuşdur. Əməvi ve Abbasi xəlifələri də buraya çox önəm verirdi. Dərbəndnamə-də xəlifə Harun ər-Rəşidin 8-ci əsrin sonunda Dərbəndə gəldiyi, buraya suvarma suyu çəkdirərək  şəhər ətrafında bağlar, bostanlar saldırıb şəhər əhalisinə hədiyyə etdiyi bildirilmişdir. Şəhərin müdafiə sistemi yabançılar tərəfindən bilinməsin deyə  xəlifə M. bin Abdülməlik də Xəzər tacirlərinin şəhərə girib alış-veriş etməsini qadağan etmişdi…

İndiyə qədər Dərbənd şəhərinin qala divarlarındakı 18 daş üzərində yazılar aşkar edilmişdir. Yazıların əksəriyyəti Azərbaycanın maliyyə nəzarətçisi Barznişin adından tərtib edilmişdir: («Barzniş, Adurbadaqanın amarqarı (nəzarətçisi)»). Bu şəhər əvvəlcə Qafqaz Albaniyasının, Sasani İranının, sonralar isə Ərəb xilafətinin şimal sərhədlərində uzun müddət güclü bir istehkama çevrilir. Şəhər Alban hökmdarı Cavanşirin dövründə də Şimal sərhəd məntəqəsi kimi fəaliyyət göstərirdi. Ərəblər dövründə Dərbənd aramsız davam edən ərəb-xəzər müharibələrinin təsirinə məruz qalır. Eyni zamanda, Dərbənd Xilafətin tərkibinə daxil olan Azərbaycanın mühüm şəhərlərindən biri idi. Şəhər əyanlarından ibarət hakim siniflə xırda alverçi və sənətkarlar arasındakı təbəqəni təşkil edən döyüşçülər şəhər cəmiyyətinin strukturunda xüsusi yer tuturdular. Sasanilər sərhədlərin mühafizəsi üçün Dərbənddə hərbi kolonistləri (məskunları) yerləşdirərək onlara torpaq paylayırdı.

Eramızın ilk orta əsrlərində Dədə Qorqud bu ulu yurd yerində at oynatmış, hündürboylu türk alp ərənlərin qəhrəmanlıqlarına söz qoşmuş, qopuzu ilə onları öymüş, tərifləmiş, onlara göstərdikləri igidliklərə uyğun ad vermişdi. Tanınmış tədqiqatçılardan bəzilərinin fikrincə Dədə Qorqudun qəbri Dərbənd şəhərindədir. Təsadüfi deyil ki, “Kitab-i Dədə Qorqud”da Dəmirqapı Dərbəndin də adı çəkilir. Səyyah Övliya Çələbinin “Dərbəndnamə” adlı tarixi əsərində də bununla bağlı məlumat verlib. Tarixçilərin sözlərinə görə, təkcə bu iki fakt Dərbəndin eramızdan min illər öncədən qədim türk mədənyyətinin mərkəzlərindən biri olduğunu söyləməyə  imkan verir. Yeri gəlmişkən onu da deyək ki, bir vaxtlar bu şəhər Azərbaycanda dillər əzbəri və qəhrəmanlıq rəmzi idi. Koroğlu dastanında da  Koroğlunun “Dərbənd səfəri” adlı bir qol var. Bu qolda Dəmirqapı Dərbənd Azərbaycanın ana şəhərlərindən biri kimi sirin bir dillə, sevilə-sevilə tərənnüm edilir. Ümumən götürdükdə isə vaxtı ilə Dərbənd Azərbaycanın qüzey qapısı hesab edilib. Xəzər dənizinin sahilində yerləşən bu şəhər həm də Azərbaycanın Şimali Qafqaza, Volqaboyuna, Avropaya və Türküstana (Orta Asiyaya) açılan qapısı rolunu oynayırdı.

Amma tarix elmində Dərbənd şəhərinin yaşayış məntəqəsi kimi dəqiq yaşı bildirilmir. Arxeoloqlar və tanınmış tədqiqatçı tarixçilərdən bəziləri onun 3 min, bəziləri isə 5 min il yaşı olduğunu söyləyirlər. Amma bu qədim türk yurdunda – Dəmirqapı Dərbənddə aparılan son qazıntı işləri onun hələ eramızdan 3-4 min il əvvəl salındığını göstərir. Dərbəndin adı ilk dəfə eramızdan əvvəl 6-cı əsrdə yunan coğrafiyaşünasları Qekatey və Miletski tərəfindən çəkilib.  Sovet dövrü tarixçisi və Xəzər tarixi mütəxəssisi İ. Artamonovun apardığı arxeoloji qazıntılar zamanı Dərbənddə bizim eradan əvvələ aid torpaq qala divarları aşkar edilmişdi. Axtarışlar zamanı burada e.ə. VII-VI yüzillərə aid yaşayış yeri ortaya çıxarıldı. Tarixdə Dərbənd haqqında ilk yazılı məlumatlar skiflərlə bağlıdır. E.ə. VIII yüzildə skiflərin Dərbəndi keçərək Azərbaycana gəldikləri bildirilir. Ehtimal ki, Dərbənddə ilk şəhər tipli məskunlaşmaların bünövrəsi e.ə. X yüzildə atılmışdır. Bu da şəhərin 3 min illik tarixi olduğunu deməyə əsas verir. Övliya Çələbi Dərbənd qalasının dənizə açılan liman qapısı üzərində “Xəzər şahı”na aid kitabənin olduğunu qeyd etmişdir. Hazırda bu kitabənin varlığı bilinmir. Məlum olduğu kimi, Dağıstanda və Dərbənd ətrafında çox sayda runik hərflərlə yazılmış kitabə tapılıb. Bunların Göytürk dönəminə aid kitabələr olduğu və türkcə yazıldıqları məlumdur. 1971-ci ildə Sovet arxeoloqu A.Kudryavtsevin apardığı arxeoloji araşdırmalar zamanı Dərbənddə e.ə. III minilliyə aid yaşayış yerləri aşkar edildi. Bu alimin məlumatlarını əsas alan YUNESKO Dərbəndi Mədəni İrsi Qoruma siyahısına salmışdır. Amma həmin siyahıda Dərbəndin yaşı 2500 il göstərilib. Dərbənddə qədim tariximizi yaşadan çoxlu tarixi mədəniyyət abidələrimiz var. Onlardan biri də əzməti ilə seçilən və tariximizdə şanlı qəhrəmanlıq səhifəsi kimi qalan Dərbənd qalasıdır. Qeyd edək ki, Böyük Qafqazın Calqan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Tarixçilər, antik dövrün hegemonları hesab edilən romalıların Şərqə hücumu zamanı Kaspi darvazasından istifadə etdiklərini qeyd edib. Antik dünya tarixçilərinin bu qeydi Dərbənd haqqında bilinən ilk tarixi faktdır. I əsrdə yaşayan Roma tarixçisi İosif Flavi də həmin yeri “Kaspi darvazası” adlandırıb. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latındilli müəlliflər Kaspi keçidindən danışarkən onu qapı, darvaza, şəhər qalası, keçid və çıxış sözləri ilə də əvəz ediblər ki, bu da şəhərin missiyasını özündə dəqiqliklə əks etdirib.  Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Böyük İpək yolunun üzərində yerləşən Dərbənd həm də böyük ticarət mərkəzi kimi qədim və orta əsrlərin Yaxın Şərqində geniş şöhrət qazanmışdı. Strateji bir ərazidə yerləşdiyindən dəfələrlə şimaldan alanların, cənubdan isə farsların dağıdıcı hücumlarına məruz qalıb. Amma hər dəfə də şəhər yenidən dirçələrək ayağa qalxmağı bacarıb.

Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə Sasanilər tərəfindən onlara qarşı yenidən yaradılan Dərbənd səddi, Dərbənd qalası və Dağbardan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlamağa şərait yaradırdı. Onun quruluşu az qüvvə ilə böyük qoşun hissələrinin hücumlarının qarşısını kəsməyə də imkan verırdı. Bəzi tarixçilərin yazdığına görə, Dərbənd qalasının əsasını böyük fateh İsgəndər Zülqərneyn qoyub. Qala tikilən zaman İsgəndərin əmri ilə saysız-hesabsız döyüşçülər gözətçi qismində tikilinin önündə növbə çəkiblər. Dəmir libaslı, dəmir dəbilqəli bu gözətçilərin şərəfinə qala uzun müddət Dəmirqapı adı ilə məşhurlaşıb. Həmin qala kompleksinə aid olan dəmir qapılar Sasanilər dövrünə qədər salamat qalıb. Qalanın dəmir qapıları tarixin ayrı-ayrı çağlarında yaşayan bir neçə hökmdar – Ənuşirəvan, Yəzdəgərd, Şah İsmayıl və Osman Paşa tərəfindən bərpa edilib. Sasanilər hələ II Yezdəgərdin dövründə Beşbarmaq və Gilgilçay sədlərindən strateji faydası daha çox olan Dərbənd səddinin inşasına yenidən başlayıblar. Bir rəvayətə görə də Firuzun oğlu Qubad çiy kərpiclə səddin bünövrəsini qoymuş, onun oğlu Xosrov isə həmin səddi yenidən daşla inşa etdirmişdi…

714-ci ildə ərəb-islam sərkərdəsi Həbib İbn Məsləmə Dərbəndi ələ keçirdi. Orta əsrlərdə və ondan sonrakı dövrlərdə Dərbənd Azərbaycanın ana şəhərlərindən biri olaraq qalmışdı. Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəri olduğu kimi, Dərbənddəki Cümə məscidi də müsəlman dünyasının ən qədim ibadət ocaqlarından biri, Qafqaz tarixində isə birinci məsciddir. VIII əsrdə Dərbənddə 20 min ərəb döyüşçüsü yerləşdirildi və 743-cü ildə inşa edilən bu böyük məscid şəhərin köhnə hissəsinin mərkəzində yerləşərək, mədrəsə və ruhanilər üçün yaşayış otaqları kompleksindən ibarət idi…

HAŞİYƏ. Tarixçi Akademik Yaqub Mahmudov da bildirir ki, XVII əsrdə səyyahlar Adam Oleari və Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə olduğunu öz yazılarında qeyd ediblər. Adam Oleari bu barədə belə yazıb: “Biz Dərbənddən dörd mil uzaqlaşdıq və üzümlüyün yanında məskunlaşdıq… Burada biz daha iki müsəlman müqəddəsinin qəbirlərini gördük; bunlardan biri – Pir Muxtarınkı düzdə, digəri – İmam Qorqudunku dağda idi. Onun qəbri dağda sal qayada oyulmuş böyük mağaradan ibarətdir. Qəbir dörd taxta ilə örtülüb; lap arxada, yerdən iki qulac hündürlükdəki deşikdən bu qəbir son dərəcə miskin bir mənzərə yaradır və onu hamı görə bilir. Mən də ora girdim, hər şeyi diqqətlə müşahidə etdim və heç bir bəzək-düzək görmədim. Bir qarı qəbiri mühafizə edirdi. O, axşamlar qəbirin üstündə çıraq tutur… Növbəti gecədə düşərgəmizdə bu dəfn yerində, eləcə də qırx müqəddəslərin dəfn olunduğu yerdə ağlayan insanlardan gələn fəryad səslərini eşitdik”. Övliya Çələbi isə bunları qeyd edib: “Dərbənddə Dədə Qorqud ziyarətgahı: Ulu sultandır. Cümlə Şirvan xalqı bu sultana etiqad edir”. Bu iki səyyahın araşdırmaları məni dərindən maraqlandırdığı üçün 40 ildir həm dədəmiz Qorqudun, həm də Bayat elinin Dərbənddə qalan izlərini araşdırmağa cəhd etmişəm. “Dərbənd Dövlət Tarix Muzeyi – Qoruğunun direktoru (sabiq) Əli İbrahimov və “Dərbənd şəhərinin ensiklopediyası” kitabının müəllifi Hüseynbala Hüseynovun köməkliyi ilə həm Adam Olearinin, həm də Övliya Çələbinin qeyd etdikləri İmam Qorqud ziyarətgahının yerini – Dədə Qorqudun dəfn olunduğu qayadakı məzarın yerini ilkin olaraq müəyyənləşdirə bildik. Adam Oleari araşdırmalarında qeyd edir ki, Dədə Qorqudun Məhəmməd peyğəmbərlə dostluğu olub. Əlbəttə, son iki yüz il ərzində yaddan çıxarılmış, lakin vaxtilə bütün Dərbənd əhalisinin ən gur ziyarətgah yeri olan İmam Qorqud ziyarətgahı demək olar ki, nə üçünsə unutdurulmuşdur” – deyə akademik qeyd edib.

Tarixçi alim deyib ki, Dədə Qorqudun mənsub olduğu Bayat eli qədim Dərbəndin iç qalasında yaşamış ən qədim türk elatlarından biridir: “Məlum oldu ki, iç qalada qədim türklərin 9 məhəlləsi (maqal) olub. Bu məhəllələrdən birində – 3-cü məhəllədə bayat tayfası yaşayıb. Bu məhəllə Bayat məhəlləsi (mahal) adlanır. Bu mahalda Bayat ocağı adlı ziyarətgah olmuş, Bayat bulağı mövcud olmuşdur. Bu bulaq indi də qalır. Bu məhəllədən cənuba – Azərbaycana doğru məşhur “Bayat qapısı” açılır. Habelə Bayat məhəlləsində ayrıca Bayat məscidi, “Bayat qapısı”nın önündə isə Bayat kəndi mövcud olub. Bütün bunlar tariximizdə mühüm rol oynayan bayat  tayfasının ilk ocağlarından birinin Dərbənddə olmasının sübutudur. Dədəmiz Qorqud, dahi Füzuli və bir çox saz-söz ustadlarımız, böyük diplomatlar Hüseynəli bəy Bayat və Oruc bəy Bayat bu tayfaya mənsub olub. Əbəs yerə deyildir ki, bizim xalq ədəbiyyatımızda bu diyar “Dəmirqapı” adlandırılır”.

Akademik həmçinin bildirib: “Qırxlar qəbiristanlığındakı silindirvari daş qəbirlər, Dərbənddəki Nizami Gəncəvi adına parkda tikinti aparılarkən ortaya çıxan eyni cür qəbirlər düşündürücü materiallardır. Qədim Dərbəndin Bayat ailələri ilə tanışlıq zamanı, onların məişəti, şəhər mədəniyyətinə məxsus adət-ənənələri, mətbəxləri, bu şəhərə bağlı olan misilsiz sevgilərini gördük. Bu tanışlıqda bizə yardım göstərən bütün dərbəndli soydaşlarımıza, xüsusən də Dərbənd Dövlət Tarix Muzeyi – Qoruğunun keçmiş direktoru, “Dərbənd – açıq səma altında muzey” kitabının müəllifi Əli İbrahimova dərin minnətdarlığımızı yetirməyi özümüzə borc bilirəm. Əziz Əliyevə Dağıstan xalqları arasında dərin ehtiram hissinin hələ də yaşadılması bizə olduqca xoş təsir bağışladı. Həm də ürəkdən bağlı olduğum Dərbənd barədə tədqiqatların gələcəyini, davamçılarım olan Şahlar Şərifov, Rəşad Mustafa və Gülnur Mahmuda Bayat ocağındaca əmanət etdim”.

Akademik Yaqub Mahmudov ictimaiyyətin diqqətinə, müzakirəsinə Dədə Qorqudla bağlı aşağıdakı təkliflərini də çatdırıb: “Düşünürəm ki, Dədə Qorqud ziyarətgahında qazıntı işləri aparılmalı və Bayat eli, bu elin tarixi, müasir durumu, adət-ənənələrinin araşdırılması davam etdirilməlidir. Bu araşdırmalara Dərbənd Dövlət Tarix Muzey – Qoruğunun əməkdaşları cəlb edilməlidir. Azərbaycan-Dağıstan sərhədində dostluq qalası olan Dərbənddə dünya ədəbiyyatında, mifologiyamızda xüsusi yeri olan qəhrəmanlıq eposunun yaradıcısı Dədə Qorqudun abidəsi ucaldılmalı və bu abidə iki ölkə arasındakı tarixi dostluq əlaqələrinin keşiyini çəkməlidir”

Rusiyanın Dərbəndi işğal etməsindən sonra da (öncə 1722, ardınca1796,  nəhayət 1806-cı ildə) bu şəhər Azərbaycan şəhərlərindən biri kimi qalmışdı. 1759-cu ildə Qubalı Fətəli xan Dərbənd xanlığını özünə tabe etdikdən sonra Dərbəndi bir müddət Quba xanlığının paytaxtına çevirmişdi. 1796-cı ildə V.Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi tutmaq istəyərkən, Quba xanı Şeyxəli xanın başçılıq etdiyi qızğın silahlı müqavimətə rast gəldi. Buna görə də rus komandanlığı Şeyxəli xanı hakimiyyətdən uzaqlaşdırıb atabir anadan ayrı qardaşı Həsən ağanı Dərbəndin hakimi təyin etdi. Amma 1797-ci ilin martında rus qoşunları Azərbaycan ərazisini tərk edən kimi Şeyxəli xan yenidən bütün Quba xanlığında, o cümlədən Dərbənddə hakimiyyəti ələ keçirdi. Doğrudur, sonralar Həsən xan Dərbəndin idarəçiliyini ələ keçirmiş və 1803-cü ilə qədər Dərbənd xanı olmuşdu. Həmin müddətdən sonra Dərbənd yenidən Quba xanlığının tərkibinə qatılmışdır. 1806-cı il iyunun 21-də Dərbənd rus qoşunları tərəfindən yenidən işğal edilmiş və şəhər Rusiya imperiyasının tərkibinə daxil edilmişdir.

Hələ XIX əsrin əvvəllərində, yəni 1810-cu ildə Dərbəndin şəhər əhalisinin (4169 nəfər) 95 faizini -3947 nəfərini) şiə məhzəbinə məxsus olan müsəlmanlar, əsasən – Azərbaycan türkləri təşkil edirdi. 1824-cü ildə şəhərdə müsəlmanların sayı 10377 nəfərə çatmışdı (əhalinin 93,8%). 1851-ci ildə onların xüsusi çəkisi 90%-ə bərabər idi. 1859-cu ildə Dərbənd şəhərində 13470 nəfər, 1893-cü ildə 15265 nəfər, 1897-ci ildə isə 14649 nəfər əhali yaşayırdı. 1897-ci ildə Azərbaycan türklərinin xüsusi çəkisi 66,7% (cəmi 9767 nəfər) təşkil edirdi. 1900-ci illərdə əhalinin sayının artımında gəlmə əhali əhəmiyyətli rol oynamışdır. Çar hökumətinin köçürmə siyasəti nəticə¬sində Dərbənddə əhəmiyyətli sayda ruslar, ukraynalılar, belarus¬lar, litvalar, polşalılar, ermənilər, yəhudilər məskunlaşdırıldılar. Sovet hakimiyyətinin ilk illərində isə “Ərzaq sapalağı” üzündən aclıqdan, xəstəlikdən ölənlərin sayı artdı və 1920-1922-ci illərdə baş verən aclıq minlərlə yerli dərbəndlinin məh-vinə səbəb oldu.

Faktiki olaraq ötən əsrin 50-cu illərindən başlayaraq Azərbaycandan ayrı salınmaqda olan Dərbənd bu gün də azərbaycanlılara məxsus olan özəl xüsusyyətlərini əsasən qoruyub saxlaya bilsə də, Azərbaycan şəhəri olmaq statusunu itirməkdədir. Son (2014) siyahıyalmaya görə Dərbənddə 171 min nəfər əhali yaşayır. Əhalinin 33 faizini (qeyri rəsmi məlumatlara görə digər türksoylularla birgə 45 faizini) azərbaycanlılar təşkil edir. Son 70 ildə Dərbəndə ləzgilərin kütləvi şəkildə axın etməsi onların sayının artmasına səbəb olub. Hazırda Dərbənddə yaşayanların 34 faizini ləzgilər, 21 faizini isə tabasaranlılar təşkil edir.

Dərbənd bu gün də qədim abidələrlə zəngindir. Dərbənddə 8-12-ci əsrlərə aid edilən Cümə məscidi, mədrəsə (14-17-cu əsrlər), minarəli məscid (17-19-cu əsrlər), Şah Abbas məscidi, Qırxlar məscidi (17-ci əsr), Sultan Bayazid hamamı (17-18-ci əsrlər), Xan məqbərəsi (18-ci əsr), yeraltı su anbarı (8-17-ci əsrlər) var və s.

Bir sözlə, Bakıdan 3-4 saatlıq məsafədə yerləşən və həsrətimizin dərd yarısı olan Dərbənd bu gün inam və ümidlə sabaha doğru addımlayır. Azərbaycan öz tarixinin ayrılmaz hissəsi olan və Azərbaycana Zərnigar Dərbəndi, Tutu Bikə, Mirzə Kazım bəy, Mirzə Məmmədtağı Qumri, Asəf Zeynallı, Məmmədkazım Ələkbərli, Hacı Xanməmmədov, Yusif Vəliyev, Şəfiqə Məmmədova, Ömər Eldarov, Mustafa Nəsirov və b. kimi şəxsiyyətlər bəxş edən Dərbəndi unutmur. Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyevin adını daşıyan 4 nömrəli orta ümumtəhsil məktəbinin H.Əliyev Fondu tərəfindən təmiri Dərbəndin Azərbaycanla olan bağlılığının bariz nümunələrindəndir. Həm də Dərbənd şəhərinin 2500 illik yubileyi münasibətilə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 20 milyon manat vəsait ayrılmışdı. Ona görə ki, şəhərdə 20 ildən çoxdur  abadlq işləri görülməmişdi… Əziz Əliyev və Seyid Qurbanovdan sonrakı Dərbənd taleyin ixtiyarına buraxılmış kimiydi…

Yolun aydın, gələcəyin abad olsun, Ulu Dərbənd!

Materialı hazırlayan:

C. A. Albantürk.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …