
GADTB: Almaniya vəfat edən azərbaycanlı sənətçi Nasir Tafazolli dəfn edilib.
Bununla bağlı Azərbaycan Kültür Ocağı bəyanat yayıb:
Nasir Tafazollinin Matəm Mərasimi
Dərin hüzn və ehtiramla bildiririk ki, Berlində Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı, müğənni, Azərbaycan Kültür Ocağının İdarə Heyətinin üzvü, əziz dostumuz Nasir Tafazolli 25 may 2025-ci il tarixində bu fani dünyaya vida etmişdir.
Uzun illər boyu musiqisi ilə Azərbaycan ruhunu yaşadan, səhnədəki varlığı ilə yüzlərlə insanın qəlbinə yol tapan Nasir bəyin itkisi dostları, ailəsi və mədəniyyət camiəsi üçün böyük bir boşluq yaratdı. O, təkcə bir sənətkar deyil, həm də milli musiqimizin Avropada yaşadılması yolunda çalışan, əsl bir könül insanı idi.
Mərhumun cənazəsi 27 may 2025-ci il tarixində, Berlinin Nazareth Qəbristanında yüzlərlə insanın iştirak etdiyi kədərli bir mərasimlə torpağa tapşırıldı. Ailə üzvləri, dostlar, sənət və Azətbaycan mədəniyyətni sevənlər mərasimdə hazır idilər.
Torpağa tapşırıldıqdan sonra qəbrin başında mərhumun öz səsi ilə səsləndirdiyi sevilən bir mahnı yayımlandı. Səsi torpaqla göy arasında dolaşarkən, o an mərasim iştirakçıları üçün dərin duyğularla dolu, yaddaşlardan silinməyəcək bir an yaratdı. Bu musiqi həm bir vida, həm də sənətinə sədaqətli bir insanın xatirəsinə səslənən səmimi bir ehtiram idi.
Ardınca, Təbrizdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağının Nasir bəyin xatirəsinə ünvanladığı başsağlığı məktubu oxundu. Məktubda mərhumun ömür yolu, mədəni xidmətləri və Azərbaycan musiqisinə verdiyi töhfələr dərin hörmətlə yad edildi.
Mərasimin sonunda isə duyğusal və qürurlu bir an yaşandı: mərhumun sevənlərindən xor şəklində Ayrılığ mahnısını və “Yaşa, yaşa Azərbaycan” marşı səsləndirdi. Bu marş Nasir bəyin hər konsertlərdə ən son ifa etdiyi və böyük sevgi ilə oxuduğu əsərlərdən biri idi. Onun səsi olmasa da, ruhu həmin nəğmədə hiss edilirdi.
Azərbaycan Kültür Ocağı bu kədərli gündə bizimlə olan, xatirəni paylaşan, mərasimdə iştirak edən hər kəsə dərin təşəkkür edir.
Nasir bəyin sənəti, səsi və insanlığı daim yaddaşlarda yaşayacaq.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.
Azərbaycan Kültür Ocağı Berlin 28.05.2025
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi