
GADTB: Dünən və gecə saatları boyunca bir sıra Güney Azərbaycan şəhərləri, o cümlədən Əsədabad, Əlvənd və digər şəhərlərdə İran rejiminə qarşı etiraz aksiyaları davam edib. Toplaşmalar zamanı etirazçılar molla rejiminə qarşı şüarlar səsləndirərək narazılıqlarını ifadə ediblər.
Bu gün axşam saatlarında Qəzvin şəhərində də gənclər küçələrə çıxaraq etiraz aksiyası keçiriblər. Məlumatlara görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanıb.
Əsədabadda isə gecə boyunca genişmiqyaslı etiraz aksiyası davam edib. Eyni zamanda İranın bir neçə şəhəri artıq ardıcıl onuncu gecədir ki, hökumət əleyhinə etirazlara səhnə olur və təhlükəsizlik qüvvələri bu aksiyalara müdaxilə edir.
Məlumatlara əsasən, İlam şəhərində çərşənbə axşamı, 16 dey 1404-cü il tarixində şəhərin müxtəlif bölgələrində etirazçılar küçələrdə olub. Xorasan-Rəzəvi vilayətində yerləşən Turbət Heydəriyyə şəhərində də vətəndaşlar digər şəhərlərdəki etirazçılarla həmrəylik göstərərək aksiyalara qoşulublar. Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhər küçələrində xüsusi təyinatlı qüvvələrin geniş şəkildə yerləşdirildiyi görünür.
Digər tərəfdən, Fars vilayətinin Neyriz şəhərində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildiyini əks etdirən videolar yayılıb. Sosial mediada Kirmənşah və Tehranın bəzi məhəllələrində də etiraz aksiyalarının keçirildiyi bildirilir.
Nişapurda etirazçılar avtomobillərin siqnallarını səsləndirməklə narazılıqlarını ifadə edir, təhlükəsizlik qüvvələrinin isə şəhərdə güclü şəkildə mövcud olduğu qeyd olunur.
Bununla yanaşı, çərşənbə axşamı günorta saatlarından etibarən Tehran da daxil olmaqla ölkənin bir çox şəhərində genişmiqyaslı iqtisadi və siyasi etirazlar başlayıb. Etirazçılar İran İslam Respublikasının rəhbərliyinə, xüsusilə Əli Xameneiyə qarşı sərt şüarlar səsləndiriblər.
Məlumatlara görə, əhalisi təxminən 45 min nəfər olan Abdanan şəhərində 30 minə yaxın insanın etirazlarda iştirakı qeydə alınıb ki, bu da misli görünməmiş kütləvi iştirak kimi qiymətləndirilir. Bildirilir ki, şəhərdə hökumətə aid bütün bannerlər, heykəllər və rəmzlər endirilib, şəhər üzərində nəzarətin böyük ölçüdə təhlükəsizlik qüvvələrinin əlindən çıxdığı və hakimiyyət boşluğu yarandığı qeyd olunur.
Həmçinin Məşhəd köhnə yolu istiqamətində vətəndaşların etiraz və toplaşma keçirdiyi bildirilir. Etirazların davamı olaraq İsfahanın Fuladşəhr bölgəsində İran İslam Respublikasının bayrağı yandırılıb. Yayımlanan görüntülərdə etirazçıların bayrağı endirərək alova verdiyi görünür.
Eyni gecə Surəşcan şəhərində imam cümə ofisinin yandırıldığı bildirilir. Salehabad şəhərində isə müdafiəsiz vətəndaşlara atəş açıldığına dair məlumatlar yayılıb. Ölən və yaralananlarla bağlı hələlik rəsmi təsdiqlənmiş məlumat verilməyib, bölgədə vəziyyətin gərgin olduğu bildirilir.
Kirmənşahda təhlükəsizlik qüvvələrinin etirazçıların qarşısında mövqe tutduğu, Lahicanda isə etirazçılar tərəfindən «Diktatora ölüm!» şüarlarının səsləndirildiyi xəbər verilir. Şəhərlərdə vəziyyət gərgin olaraq qalır və etirazlar ölkə miqyasında davam edən ümumi narazılıq dalğasının tərkib hissəsi kimi qiymətləndirilir.
VİDEO MƏNBƏLƏRİ:
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi