Bazar ertəsi , Mart 8 2021
azfa

Bakıda Məhəmməd Əmin Rəsulzadənin məktublarının təqdimatı olub

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin əsas qurucularından görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə yazdığı və muzeyə hədiyyə edilmiş 29 məktubunun təqdimatı olub.

Təqdimat mərasimində muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov S.Təkinər haqqında məlumat verib. Qeyd edilib ki, o, Türkiyədəki tanınan Azərbaycan mühacirlərdən biridir. S.Təkinər həm ədəbiyyatçı, jurnalist, həm də publisist kimi fəaliyyət göstərib.

S.Təkinərin Bakıda yaşayan varisləri tərəfindən muzeyə hədiyyə edilmiş məktublar 1950-1955-ci illərdə yazılıb.

Bildirilib ki, bu məktublarda M.Ə.Rəsulzadə Azərbaycan mühacirətinin qarşısında duran vəzifələr barədə fikirlərini S.Təkinər ilə bölüşür. Həmin məktublar uzun müddət S.Təkinərin ailəsində qorunub saxlanılıb.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.

Cümhuriyyətin tarixi barədə danışan akademik muzeyə təqdim edilən məktubların elmi araşdırmaların aparılmasında önəmli tarixi mənbələr olduğunu vurğulayıb.

Tədbirdə “Əzablı yollarla” filmindən S.Təkinərin M.Rəsulzadə ilə görüşünü əks etdirən fraqmentlər göstərilib.

Məktubları muzeyə hədiyyə edən Rauf Həsənov və S.Təkinərin Almaniyada yaşayan qızı Leyla Deqner tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildiriblər.

 

Həmçinin yoxlayın

Türkiyəyə qarşı minlərlə terrorçu hazırlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq Türkmən Cəbhəsi İdarə Heyətinin üzvü Hicran Kazancı …

Azərbaycanlı siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı …