
GADTB: Bir azərbaycanlı ailə beş ay davam edən hüquqi mübarizədən sonra Təbriz Qeydiyyat İdarəsini məhkəmədə məğlub edərək, qız övladları üçün türk mənşəli “Öykü” adı ilə şəxsiyyət vəsiqəsinin verilməsinə nail olub.
Körpənin atası Daniyal Nəcəfi bu barədə #balamin_adı kampaniyası çərçivəsində Dan Magazin səhifəsinə verdiyi açıqlamada bildirib:
“Qızım 15 mordad 1404-cü ildə dünyaya gəlib. Onun üçün türk dilində ‘hekayə, rəvayət’ mənasını verən və ərəb dilindəki ‘Hədis’ adına sinonim olan Öykü adını seçdik. Lakin Təbriz Qeydiyyat İdarəsi ‘adın sistemdə mövcud olmaması’ bəhanəsi ilə bu adı qeydiyyata almaqdan imtina etdi və ‘bu ad yayğın deyil, gözəl deyil, başqa ad seçin’ kimi ifadələrlə valideynlərin qanuni hüquqlarına hörmətsizlik edərək bizi bu türk adından imtina etdirməyə çalışdı.”
Nəcəfi əlavə edib ki, bu əngəlləmələrdən sonra Təbriz Qeydiyyat İdarəsinə qarşı məhkəmə iddiası qaldırılsa da, Sülh Məhkəməsi, 6-cı şöbə qanunsuz əsaslarla iddianı rədd edib. Ailə bu qərarla barışmayaraq yenidən müraciət edib və iş Təbriz Rayon Sülh Məhkəməsi, 24-cü şöbənə göndərilib.
Məlumata görə, Təbriz Qeydiyyat İdarəsi bu şöbəyə təqdim etdiyi yazılı izahatda “Öykü” adının “Vətəndaşlıq vəziyyəti xidmətləri sistemində mövcud olmaması”nı və “adlar üzrə məsləhət komitəsi”nin bu ada etiraz etdiyini əsas gətirib. Halbuki, ailənin bildirdiyinə görə, həmin adla bağlı heç bir komitə iclası keçirilməyib. Uzun sürən hüquqi çəkişmələr və müdafiə ərizələrinin təqdim edilməsindən sonra 24-cü şöbə yekun qərarla Qeydiyyat İdarəsini məhkum edib və qurum “Öykü” adı ilə şəxsiyyət vəsiqəsi verməyə məcbur olub.
Məhkəmə qərarında vurğulanıb ki, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı haqqında Qanunun 20-ci maddəsinə əsasən “ad seçimi bəyan edən şəxsə aiddir”. Həmçinin qeyd olunub ki, “ümumi hüquq prinsiplərinə və mövcud qanunvericiliyə görə, valideynlər hər bir övlad üçün yaxşı və münasib ad seçməkdə təbii, fitri və şəri hüquqa malikdirlər”. Qərarda əlavə edilib ki, Təbriz Qeydiyyat İdarəsindən alınmış arayışa əsasən Niko, Espako, Gülko və Arnikо kimi adlar qadın adları üçün rəsmi və icazəli siyahıda yer alır və “Öykü” adı da bu adlarla böyük oxşarlıq təşkil edir; kobud, nalayiq və ya cinsə uyğun olmayan ad sayılmır, dini və milli dəyərlərə zidd deyil.
Qeydiyyat İdarəsinin təqdim etdiyi arayışda diqqət çəkən məqam ondan ibarətdir ki, Espako, Gülko və Arnikо adları ya üç dəfədən az işlənib, ya da ümumiyyətlə heç bir qeydiyyat nümunəsi olmadan, rəsmi icazəli adlar siyahısına daxil edilib.
Daniyal Nəcəfi sonda bildirib ki, Qeydiyyat İdarəsinin bu qanunsuz qərarı nəticəsində qızları beş ay şəxsiyyət vəsiqəsiz qalıb və bu müddət ərzində ailəyə ciddi maddi və mənəvi zərər dəyib. Onun sözlərinə görə, səhiyyə qurumları şəxsiyyət vəsiqəsi olmadığı üçün körpəyə peyvənd vurmaqdan imtina edib, tibbi sığortadan istifadə mümkün olmayıb və ailə körpə qidasını bazardan ikiqat qiymətə almağa məcbur qalıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi