Çərşənbə , Oktyabr 21 2026
azfa

Beynəlxalq Türk Akademiyasından Ankaraya Bilgə Tonyukuk abidəsi hədiyyə olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankara sakinləri artıq Ötükənə getmədən 1300 illik yaşı olan Bilgə Tonyukuk abidəsini ziyarət edə biləcəklər.

Tarixdə türklərə məxsus yazılı qaynaqlarda ilk dəfə “Türk” sözünün rast gəlindiyi Tonyukuk daş kitabəsinin eyni nüsxəsi Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb və sözügedən parkda ucaldılması üçün Türkiyə tərəfinə təqdim edilib.

22 fevral tarixində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Türk Akademiyasının prezidenti Darhan Qıdırəli, türk dövlətlərinin Ankaradakı səfirləri, bir sıra nüfuzlu alimlərin, dövlət xadimlərinin iştirakı ilə Altındağ bələdiyyəsində “Türk Dünyası Tonyukuk Parkı”nın və parkda yer alacaq “Tonyukuk abidəsi”nin açılışı olacaq.

Beynəlxalq Türk Akademiyası ilə Ankara şəhərinin Altındağ Bələdiyyəsi UNESCO-nun qərarı ilə ötən il Bilgə Tonyukuk yazılı abidəsinin ucaldılmasının 1300 illiyi münasibətilə “Tonyukuk İli” və bu il Türkiyədə “Türk Dili İli” elan olunmasını nəzərə alaraq belə bir qərara imza atıblar.

Qeyd edək ki, VIII əsrdə Mərkəzi Asiyada Orxon çayı vadisində ucaldılmış Bilgə Tonyukuk kitabəsi türk xalqlarının ən qədim ortaq yazılı qaynaqlarından biri hesab olunur. Qədim türk-runik əlifbası ilə yazılan kitabə türklərin dövlətçilik tarixinə, onların yaşam və həyat tərzinə, digər dövlətlər və xalqlarla münasibətlərinə, müstəqillik uğrunda apardıqları mübarizəyə işıq tutur.

Daş kitabənin yazarı və ya sifarişçisi olan Bilgə Tonyukuk türk tarixçisi və böyük dövlət xadimidir. O, VIII yüzillikdə Göytürk Xaqanlığı dövründə yaşayıb, İltəriş Xaqan, İnel Xaqan, Qapağan Xaqan və Bilgə Xaqanın baş vəziri, həmçinin bir sıra müharibələrdə Göytürk ordusunun komandanı olub.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …