Cümə axşamı , Avqust 6 2026
azfa

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İranda edamların dərhal dayandırılmasına çağırıb

GADTB: BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk İranda edamların və ölüm hökmlərinin artmasından ciddi narahatlığını ifadə edib.

Avqustun 5-də yayımlanan bəyanatda o, İran hakimiyyətini bütün edamları dərhal dayandırmağa və ölüm cəzasının tam ləğvi istiqamətində addımlar atmağa çağırıb.

Bəyanatda bildirilir ki, 19 mart 2026-cı ildən indiyədək milli təhlükəsizliklə bağlı ittihamlarla azı 56 nəfər edam edilib. Onlardan 27 nəfəri ilin əvvəlində baş vermiş etirazlarla əlaqəli işlər üzrə mühakimə olunub. Bundan əlavə, 100-dən çox şəxsin də oxşar ittihamlarla edam təhlükəsi altında olduğu qeyd edilir.

Folker Türk eyni zamanda İranda narkotik cinayətləri ilə bağlı edamların sayının da narahatedici dərəcədə artdığını vurğulayıb.

Narkotiklərlə bağlı edamlar İranda hər il həyata keçirilən edamların ən böyük hissəsini təşkil edir. İran İnsan Haqları Təşkilatı 2025-ci ildə bu kateqoriya üzrə 795 edam qeydə alıb ki, bu da 2024-cü ildəki 503 edamla müqayisədə 58 faiz artım deməkdir. Həmçinin 2026-cı ilin əvvəlindən bəri narkotiklərlə bağlı ittihamlarla azı 136 nəfər edam olunub.

Folker Türk bəyanatında bildirib:

“Həmçinin narahatam ki, ölüm cəzası əhali arasında qorxu yaratmaq və müxalif fikirləri susdurmaq vasitəsi kimi istifadə olunmağa davam edir.”

Ali komissar İranda ədalətli məhkəmə araşdırması və qanuni prosedur təminatlarının davamlı şəkildə pozulmasını da dərin narahatlıq doğuran hal kimi qiymətləndirib.

O əlavə edib ki, bəzi etirafların işgəncə və ya digər pis rəftar üsulları ilə alındığı bildirilir. Həmçinin bir sıra edamların ictimai şəkildə həyata keçirildiyi, bəzi şəxslərin isə həbs olunduqdan cəmi bir neçə həftə sonra edam edildiyi qeyd olunur. Məlumatlara görə, 12 nəfər cəmi üç saat davam edən qapalı məhkəmə iclasından sonra ölüm cəzasına məhkum edilib.

Folker Türk vurğulayıb:

“Ölüm cəzası yaşamaq hüququ ilə ziddiyyət təşkil edir və insan ləyaqəti ilə uzlaşmır. Belə bir cəzanın müasir dünyada yeri yoxdur.”

Son həftələrdə İranda siyasi xarakterli edamların artdığı bildirilir. İsfahanda daha iki nəfərin edam edilməsindən sonra isə sosial mediada #EdamEtməyin və #EdamaYox həştəqləri ilə geniş etiraz kampaniyaları başladılıb.

Həmçinin yoxlayın

Netanyahu: Razılaşma olsa da, olmasa da, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Azərbaycanın Apellyasiya məhkəməsi Arayik Harutyunyan və digərləri barəsində hökmü qüvvədə saxlayıb

GADTB: Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq …