Cümə , Dekabr 27 2024
azfa

Dədə Qorqud, Alban dastanıdır?

GADTB: Dədə Qorqud kitabının Drezden nüsxəsinin əlyazması üzərində belə bir cümlə yazılıb: “Kitabı-Dədəm Qorqud ala – lisani – taifeyi – Oğuzan”. Bu cümlənin dəqiq tərcüməsi aşağıdakı kimidir: “Oğuzlar tayfasının dilində Dədəm Qorqudun kitabı”. Gördüyümüz kimi, əlyazmanın üzərində yazılan bu cümlə bu kitabın dəqiq şəkildə Oğuz dilində yazıldığını bildirməklə yanaşı, içini oxumadan belə, onun Oğuzlardan bəhs edəcəyini də güman etməyə əsas verir. Burada isə biz hamıya adi görünən və hamının cavabını guya çox yaxşı bildiyi bir sual vermək istəyirik: bəs Oğuzlar kimlərdir? Elmi ədəbiyatın verdiyi məlumata görə, Oğuzlar eramızın VI-VIII əsrlərində mövcud olmuş Göytürk xaqanlığı dövründə yaranmış Orxon-Yenisey abidələrində adları ilk dəfə çəkilən türk tayfalarından biridir. Sonralar IX-X əsrlərdə bu tayfalara Sırdərya hövzəsi ətrafında təsadüf olunur ki, XI əsrdən sonrakı dövrlərdə bu tayfalar Səlcuq dövlətinin tərkibində daha geniş yer tutaraq, bütün Yaxın Şərqə yürüşlər edirlər. Bəs, Göytürk xaqanlığı dövründən öncə, eradan əvvəl I minillikdən eramızın V əsrinə qədər mövcud olmuş Hun dövründə Oğuzlar kim olmuş və harada yaşamışlar? Bu suala isə müasir tarixşünaslıq elmi bir o qədər də dəqiq cavab verə bilmir. Tarix elmi Hun dövründən bəhs edərkən, bu dövlətin, bu tayfaların tərkibində digər tayfalarla yanaşı, bəzən Oğuzların dədə-babalarının, əcdadlarının adlarını çəksələr də, yenə də bu dövlətin tərkibində Oğuzların kim olduqları, onların bu dövlətin tərkibində hansı rol oynadıqları və ümumiyyətlə, Oğuzların bu zaman harada yaşadıqları bir o qədər də dəqiq bilinmir. Doğrudur, son onilliklərdə Hun tayfalarının miladdan çox-çox öncələrdən də Ön Asiyada yaşadıqları haqda bir sıra gözəl əsərlər yazılsa da, amma yenə də bu fikirlər elmdə son  söz kimi qəbul olunmur. Lakin, artıq eramızın X-XI əsrlərindən etibarən vəziyyət bir qədər dəyişir. Qeyd etdiyimiz kimi, Səlcuq dövlətinin meydana gəlməsilə Oğuzların tarix səhnəsinə böyük qüvvə ilə çıxmaları nəticəsində artıq Oğuzlar haqqında bir-birinin ardınca məlumatlar verilməyə, əsərlər yazılmağa başlayır.

Belə ki, hamıya məlum olduğu kimi, bu məlumatların başında ilk növbədə Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk” və Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” əsərlərində verdikləri mənbələr dayanır. Daha sonralar Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin yaranması nəticəsində Oğuzların-Türkmənlərin intibaha yaxın bir hal yaşamaları ilə bağlı olaraq, bir-birinin ardınca “Oğuznamə”lər meydana çıxır ki, bütün bunlar da nəhayət XVII əsrdə Əbülqazi Bahadır xanın qələmə aldığı “Şəcəreyi-tərakimə” əsəri ilə tamamlanır. Bütün bu əsərlərə -bəzilərinin üzərində “Oğuznamə” yazılan, bəzilərinin isə yazılmayan əsərlərin hər birinə baxsaq, heç birinin əslində dastan olmayıb, müəyyən mənada, tarix kitabları, oğuzların, türklərin soy köklərindən, mifoloji düşüncələrindən, tarixi şəxsiyyətlərindən, şəcərələrindən, hərbi yürüşlərindən bəhs edən əsərlər olduğunu görərik. Bu mənada, bu əsərlərdə əsas etibarilə Oğuzların tarixi keçmişləri qələmə alındığı üçün həqiqətən də “Oğuznamə” adını daşımağa tamamilə layiqdirlər. Lakin yenə də Oğuzların intibah dövründə, təqribən, XV-XVI əsrlərdə sonuncu dəfə üzü köçürülən, Oğuzların həyatından, məişətindən, qəhrəmanlıqından, sevgilərindən, dünya görüşündən bəhs edən “Dədə Qorqud kitabı” da “Oğuznamə”dirmi? Diqqətlə baxdıqda isə hələ yazıya alındığı zaman, bəzi boyları “Oğuznamə” adlandırılan “Dədə Qorqud kitabı” ilə XI-XVII əsrlərdə meydana çıxmış “Oğuznamə”lər arasında müəyyən fərqlərin olduğunu görürük. Belə ki, XI-XVII əsrlərdə qələmə alınan “Oğuznamə”lərdə Oğuzların tarixi kökləri, onların görkəmli şəxsiyyətləri, dini-mifoloji düşüncələri haqqında bilavasitə əsər yazmaq qarşıya məqsəd kimi qoyulursa, “Dədə Qorqud kitabı”nda biz bu məqsədi görmürük. “Dədə Qorqud dastanları” sadəcə olaraq, Oğuzların müəyyən bir dövr həyatlarından, məişətlərindən, qəhrəmanlıqlarından bəhs edən əsərdir.

Beləliklə, biz Oğuzlardan bəhs edən “Dədə Qorqud kitabı”nı XI-XVII əsrlərdə yazılmış “Oğuznamə”lərlə eyniləşdirmir, sadəcə olaraq, bu əsərin XV-XVI əsrlərdə “Oğuznamə”lər yarandığı zaman “Oğuznamə”yə çevrildiyi fikrinin üstündə dururuq. Bizcə, “Dədə Qorqud kitabı” XI əsrdən sonra yeni qüvvə ilə meydana çıxmış Oğuzların deyil, daha qədim Oğuzların, Azərbaycan ərazisində ən qədim zamanlardan, Azərbaycan tarixində Alban dövləti kimi yer tutan, bu dövlətin təşəkkül zamanında Azərbaycanda yaşamış Oğuzların həyatından bəhs edən bir əsərdir. Doğrudur, qorqudşünaslıqda ara-sıra bu haqda da yazılıb. Amma bu deyilənlərlə bağlı -“Dədə Qorqud kitabı”nı XI-XVII əsrlər arasında meydana çıxan “Oğuznamə”lərlə tutuşdurmaqla yeni nəticələrə də gəlmək olar. Belə ki, biz “Dədə Qorqud kitabı”nda istər “Divanü lüğət-it-türk”də, “Came ət-təvarix”də, “Şəcəreyi-tərakimə”də və istərsə də başqa əsərlərdə gördüyümüz 24 Oğuz boyunun adına, onların xüsusiyyətlərinə, adların izahlarına, bu boylardan çıxan görkəmli şəxsiyyətlərin isimlərinə və digər xüsusiyyətlərə rast gəlmirik. Sadəcə olaraq, “Kitab”ın müqəddiməsində Dədə Qorqudun Bayat boyundan olduğu haqqında məlumat almaqla, Qayı boyunun adına təsadüf edirik. Sonralar isə bütün “Kitab” boyu Qazanın da adına daha çox Salur Qazan kimi rast gəlir, onun da Salur boyundan olduğunu güman edirik. Deməli, “Dədə Qorqud kitabı”nda Dədə Qorqud Oğuzları üçün Oğuzların sonralar “Divanü lüğət-it-türk”də, “Came ət-təvarix”də, “Şəcəreyi-tərakəmə”də gördüyümüz 22-24 boyu artıq keçmiş mərhələdir. Və hətta bu mənada, Oğuz tarixinin görkəmli tədqiqatçısı Faruq Sümərin də “Oğuzlar” adlı əsərində yazdığı: “Oğuzların 24 boydan ibarət olduqları haqda məlumatlar XI əsrdən qədimə getmir” fikri də özünü doğrultmur. Çünki Dədə Qorqud Oğuzları Oğuz tarixində mühüm yer tutan 24 Oğuz tayfasını da demək olar ki, öz içində, daxilində birləşdirir.

Məsələn, “Dədə Qorqud kitabı”nda öz əzəməti ilə təsvir olunan Bayandır xan yəqin ki, hər hansı bir boyun, konkret şəkildə desək, “Divanü lüğət-it-türk”də Oğuz tayfaları sırasında üçüncü yerdə adı çəkilən, damğası verilən Bayandurlar boyunun yaradıcısı idi. Eyni zamanda, Qazan xan da atasının adının Ulaş olmasına baxmayaraq, dastanda adətən, Salur Qazan kimi xatırlanır. Və hətta, “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boy”da Burla xatun Qazana “Salur bəgi, Salur görgi” kimi xitab edir. Deməli, Qazan bəy də Salur boyunun bəyi, bu tayfanın başçısıdır. Məlumdur ki, bu boyun da adı Mahmud Kaşğarinin “Divan”ında Salğur boyu kimi qeyd olunmuşdur. Hətta, maraqlıdır ki, bir yerdə – “Basat Dəpəgözü öldürdüyü boyda” Basat Dəpəgözə soy soylayarkən, Qazanın adını “Salur oğlu Qazan” kimi təqdim edir.

Beləliklə, bu faktların hamısı onu göstərir ki, sonralar “Divanü lüğət-it-türk”də, “Came ət-təvarix”də, “Şəcəreyi-tərakimə”də rast gəliyimiz boylar ilk növbədə, “Dədə Qorqud” Oğuzları içərisində yaranmış, sonradan digər Oğuzların arasında yayılmışdır. Bu faktı “Dədə Qorqud kitabı”ndan gətirilən daha bariz bir nümunə ilə sübut etmək olar. Məsələn, “Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu” boyda belə bir cümlə var:

《Anun ardınca, görəlim, kimlər yetdi.

Yigirmi dört boyun oxşayan Dəli Tondaz yetdi. Anun ardınca bin qövm başları Dügər yetdi. Anun ardınca bin Bəgdiz başları Əmən yetdi. Anun ardınca toquz qoca başları Aruz yetdi. Saydıqımca oğuz bəgləri dükənsə olmaz.》

Bu cümlələrdə verilən digər informasiyaları saf-çürük etmədən, orada xatırlanan “bin qövm başları Dügər”in sonralar Kaşğaridə verilən on səkkizinci boy olan Tügərlər tayfasının başçısı, “bin Bəgdiz başları Əmən”in isə yenə də Mahmud Kaşğaridə verilən səkkizinci boy olan Bügdüzlər tayfasının başçısı olduğunu və bu tayfaların Qalın Oğuz içində mövcud olduğunu deyə bilərik. Və eyni zamanda, bu informasiyalardan, hətta bu tayfaların və bütövlükdə Qalın Oğuzun əhalisinin sayını da güman etmək olar. Çünki “bin qövm başları, bin Bəgdiz başları” dedikdə ən azı min nəsil, qohum-əqrəba, ailə nəzərdə tutulur. Buradan da istər Dügərin, istərsə də Əmənin başçılıq etdiyi tayfaların kiçik tayfalar deyil, öz ətrafında minlərlə insanı birləşdirən tayfalar olduğu məlum olur. “Dədə Qorqud kitabı”nda bu məlumatları oxuyarkən istər-istəməz Mahmud Kaşğarinin verdiyi bir məlumat da yada düşür. Belə ki, Mahmud Kaşğari  22 Oğuz boyunu sadaladıqdan sonra, yazır: “…Bu saydığım boylar kökdür. Bu kökdən bir sıra oymaqlar çıxmışdır. Onları söyləmədim, sözü qısa kəsdim”. Bu mənada, yuxarıdakı cümlələrə bir daha nəzər saldıqda, Salur Qazanın dayısı Aruzun Daş Oğuzun başçısı olduğunu bilsək də, yuxarıdakı informasiyada “toquz qoca başları Aruz” ifadəsinin Oğuz boylarının oymaqlarına aid olduğunu da güman etmək olar. Bizə elə gəlir ki, həm boylara, həm oymaqlara aid belə nümunələri bu dastanı vərəqlədikcə yenə də tapmaq olar…

Eyni zamanda, biz “Qazılıq qoca oğlu Yegnək” boyunda üç yerdə “24 sancaq bəgi” ifadəsinə, sonuncu –”İç oğuza Taş oğuz asi olub Beyrək öldügi” boyunda isə üç yerdə “Üç Oq, Boz Oq” ifadələrinə rast gəlirik. Deməli, “Dədə Qorqud” qəhrəmanlarının sonralar Kaşğaridə, Fəzlullah Rəşidəddində, Əbülqazi xanda görəcəyimiz 22-24 Oğuz tayfalarından, Oğuzları əsasən iki yerə bölən “Üç oq, Boz oq” bölgülərindən xəbərləri vardır. Çünki bizcə, ən azından “Dədə Qorqud kitabı”nda rast gəldiyimiz “24 sancaq bəgi” ifadəsi təqribən 24 Oğuz tayfası, boyu bölgüsünə uyğun gəlir. Amma maraqlısı burasındadır ki, “Dədə Qorqud kitabı”nda istər Dügər, Bəgdüz tayfaları, istərsə də “24 sancaq bəgi” və “Üç Oq, Boz Oq” ifadələri çox adi şəkildə deyilir və sakitcə üstündən keçilir. Və dediyimiz kimi, Qalın Oğuz əsasən iki yerə, İç Oğuz və Taş Oğuz deyə bölgülərə ayrılır. Sonda isə Taş Oğuz İç Oğuza asi olduqdan sonra məğlub olarkən, Taş Oğuz bəgləri bir-bir Qazanın əlini öpərək, İç Oğuza tabe olurlar. Bütün bunlar isə bizcə, “Kitab”da artıq Oğuz tayfa ittifaqının keyfiyətcə tamamilə yeni bir mərhələyə keçdiyini və yeni bir dövlətin, Alplar, Alpanlar dövlətinin, Alban dövlətinin yarandığını açıq şəkildə göstərir. Buna görə də “Kitab”da ayrı-ayrı tayfaların üzərində dayanılmır, onlar haqda geniş söhbət açılmır. Bizcə, bu mənada “Dədə Qorqud Kitabı” Oğuz tayfalarının bir daha birləşdiyi və Alban dövlətinin yarandığı dövrü əks etdirən abidədir. Çünki dastandan gördüyümüz kimi, ən azından “Kitab”da Oğuz tayfaları dəfələrlə Qalın Oğuz kimi xatırlansa da, artıq Qalın Oğuzun başçısı Qazan xan “Oğuzlar başı Qazan” kimi deyil, “Basat Dəpəgözü öldürdigi boyda” iki yerdə “Alplar başı Qazan”, “Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyda” isə “Alpanlar başı Qazan” kimi yad edilir.

Dastanda biz dəfələrlə, “Qanlı qoca oğlu Qanturalı”, “Uşun qoca oğlu Səgrək” boylarında Alp ərənlər, Alp yigitlər, Alp ər ifadələri ilə yanaşı, “Salur Qazanın evi yağmalandığı”, Basat Dəpəgözi öldürdügi”, “Bəkil oğlu Əmran”, “Salur Qazan tutsaq olub oğlu Uruz çıxardığı”, “İç oğuza Daş oğuz asi olup Begrək öldügi” boylarında Alp Ərən, Alp Rüstəm, Alp Uruz kimi şəxs adlarına və həmçinin, “Basat Dəpəgözi öldürdügi” və “Uşun qoca oğlu Səgrək” boylarında “Alpımız Salur oğlu Qazan”, “Alpımız Salur Qazan” ifadələrinə də rast gəlirik. Eyni zamanda, qeyd etdiyimiz kimi, “Alplar başı Qazan” ifadəsi də əsərdə bir neçə yerdə öz əksini tapır. Amma, maraqlıdır ki, dastanda iki yerdə “Alpanlar” sözünə təsadüf edirik: “Qazılıq qoca oğlu Yegnək” boyunda Yegnək yoldaşlarına yuxusunu danışarkən deyir: “…Ağ-boz atlar çapdırır alpanlar gördüm. Ağ ışıqlı alpları yanıma saldım”. Və bu ifadələrdən biri, hətta düşmənin dilindən deyilir. Məsələn, “Qazan bəg oğlu Uruz bəgin dustaq olduğu” boyda oxuyuruq: “Məgər başı açuq Tatyan qələsindən, Aqsəqa qələsindən kafərin casusu vardı. Bunları görüp Təkurə gəldi. Aydır: “Hay, nə oturarsan, itüni ulatmıyan, çətügini molatmıyan Alpanlar başı Qazan oğlancuq ilə sərxoş olup, yaturlar” – dedi”. Beləliklə, gördüyümüz kimi, dastanda artıq Qalın Oğuz dövləti əhalisi çoxluqla Oğuzlardan ibarət olan və düşmənin də qəbul etdiyi Alban dövlətidir. Bizə elə gəlir ki, bu məqamda yeni yaranan Alpan-Alban dövləti də öz adını məhz alp-igid-ər sözündən almış olur.

Beləliklə, “Dədə Qorqud kitabı”na bütövlükdə nəzər saldıqda, bu əsərin mahiyyətindən, məğzindən, onun Azərbaycanda ən qədim zamanlardan, ən geci Hun dövründən yaşayan Oğuzlardan, bu Oğuzların həyat tərzlərindən, məişət şəraitindən, onların qəhrəmanlıqından, sevgilərindən, dünyagörüşlərindən bəhs edən, heç bir əfsanəyə, mifə bürünmədən, onları çox real şəkildə əks elətdirən və eyni zamanda, bu Oğuzların tayfa ittifaqından yeni bir mərhələyə, daha yüksək mərhələyə, dövlət quruculuğu mərhələsinə qədəm qoyduqları dövründən bəhs edən bir əsər olduğunu görürük. Bu mənada, “Dədə Qorqud kitabı” Alban abidəsi, Alban dövründə Azərbaycan Oğuzlarının ortaya qoyduqları əsərdir. Bizə elə gəlir ki, bu əsər tarix baxımından hələ ki, məlum olan ən qədim Oğuzlardan bəhs edən əsər, həm də ən qədim bədii Oğuz abidəsidir. Bu mənada, “Dədə Qorqud kitabı”, həmçinin, ən qədim “Oğuznamə” və sonralar yaranan bütün “Oğuznamə”lərin başında duran və onların yaranmasında bilavasitə iştirak edən “Oğuznamə”dir. Lakin məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, “Kitab”ı XI-XVII əsrlərdə meydana çıxan “Oğuznamə”lərlə eyniləşdirmək də olmaz. Çünki, yuxarıda söylədiyimiz kimi, XI-XVII əsrlərdə meydana çıxan “Oğuznamə”lərdə qoyulan məqsədlər “Kitab”ın qarşısında qoyulmur. “Kitab”da sadəcə olaraq, Alban Oğuzlarının həyatı, sevgisi, məişəti təsvir olunur. Bu əsərin məhz XV-XVI əsrlərdə yazıya alınmasının, meydana çıxmasının səbəbi isə, həmən əsrlərdə yeni Oğuzların, Səlcuq Oğuzlarının intibah dövrü ilə əlaqədardır. Çünki məhz bu dövrdə yeni Oğuzlar öz tarixlərinə, öz köklərinə bir daha qayıtmaq istəmiş, öz şanlı tarixlərini bütün Şərq xalqlarına bildirməyə çalışmışlar. Və bu anda təbii ki, Əbu Bəkr Tehraninin “Kitabi- Diyarbəkiriyyə”, Dəvadarinin “Dürər üt-tican”, Ətayinin “Leyli və Məcnun” poemalarından və b. əsərlərdən anlaşıldığı kimi, xalq arasında məlum olan, lakin islamın, islam mədəniyətinin, təfəkkürünün gəlişi ilə bir qədər arxa plana keçmiş “Dədə Qorqud kitabı” yenidən ehya tapıb və XI-XVII əsrlərdə meydana çıxan “Oğuznamə”lərdən birinə çevrilib. Diqqətlə baxsaq, əslində “Dədə Qorqud kitabı”nın o “Oğuznamə”lərlə bir o qədər də əlaqəsi yoxdur. Sadəcə olaraq, yeni “Oğuznamə”lər yaranan dövrdə “Dədə Qorqud  kitabı”nın ortaya çıxması, yeni Oğuzlar üçün, Səlcuq Oğuzları üçün öz dədə-babalarının Qafqazlardakı qədim və şanlı tarixinə bağlamaq nöqteyi-nəzərindən sanki göydəndüşmə bir əsər olub və onlar da bu əsərdən lazımınca istifadə ediblər. Və istər Osmanlı, istər Ağqoyunlu, istərsə də Qaraqoyunlu dövlətlərinin Oğuzları, Alban dövrü Oğuzlarını unutduqları və öz tarixlərini Orta Asiyayla, Türküstanla bağladıqları üçün bu məqamda, “Dədə Qorqud kitabı”nı sonuncu dəfə köçürüb, ortaya çıxarıb onu “Oğuznamə” kimi təqdim edərkən, “Kitaba” “Türküstanın dirəyi”, “Amid soyunun aslanı” və s. Türküstanla bağlı ifadələr, anlayışlar əlavə ediblər. Və həmçinin, bu əsəri mütləq “Oğuznamə” kimi görmək istədikləri üçün bəzi boyların sonuna “Oğuznamə” ifadəsini də artıblar. Bu fakt “Kitab”ın əvvəlki əsrlərdə, öncəki dövrlərdə üzünü köçürdən katiblərin ona xristianlıq, islam və s. donu geydirdikləri katib əlavəsi kimi də özünü açıq-aydın göstərir. Bu mənada, bəzi boyların başında gələn “Oğuz zamanında” ifadəsi də yeni Oğuzların əlavəsindən və öz tarixinin Qafqazlarda da qədim olduğunu göstərməkdən başqa bir şey deyil…

Beləliklə, bütün bu deyilənləri, yəni “Dədə Qorqud kitabı”nın mənşə etibarilə Türküstanla bağlı olmadığını, bu abidənin Alban dövründə Azərbaycanda yarandığını, sonradan Orta Asiyaya transfer olduğunu sübut etmək üçün, daha bir faktı da nəzərə çatdırmaq olar. Belə ki, elmi ədəbiyatda Oğuzlardan ilk dəfə və geniş şəkildə danışan Mahmud Kaşğarinin “Divanü lüğat- it-türk” əsərində biz heç yerdə “Dədə Qorqud kitabı”na, dastanına, onun qəhrəmanlarına təsadüf etmirik. Bu isə o deməkdir ki, XI əsrə qədər Orta Asiya türkləri bu və ya digər mənada, demək olar ki, “Dədə Qorqud dastanları”nı tanımırlar. Və yaxud da tanısalar da, bu dastan onların arasında o qədər də populyar deyildir. Digər tərəfdən, “Dədə Qorqud kitabı”nı Azərbaycanla bağlayan ilk növbədə, məhz bütün tədqiqatçıların da dediyi kimi, onun dil xüsusiyyətidir. Məlum olduğu kimi, tədqiqatçılar indi də “Dədə Qorqud kitabı”nın bəzi ifadələri üzərində mübahisələr aparır, anlaşılmaz bəzi ifadələri bu və ya digər şəkildə yozurlar. Bizə elə gəlir ki, məhz bu anlaşılmaz ifadələr Səlcuq Oğuzlarının deyil, bilavasitə Alban Oğuzlarının dillərində işlənmiş kəlmələrdir ki, onlar da unudulub və müasir dilimiz üçün arxaikləşib. Beləliklə, bütün yuxarıda yazılanları ümumiləşdirsək, “Dədə Qorqud kitabı”nın “Oğuznamə” deyil, Alban Oğuzlarının, Dərbəndli “Dədə Qorqud Oğuzları”nın həyatından bəhs edən və Azərbaycan tarixində özünəməxsus yer tutan Alpan-Alban dövlətinin abidəsi olduğunu demək olar.

Tərlan Quliyev,

Filologiya elmləri

doktoru, professor.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …