
GADTB: Donald Tramp noyabrın 3-də, çərşənbə axşamına keçən gecə İran vaxtı ilə Fox News telekanalına müsahibəsində ABŞ-ın İrandakı Koləng dağı obyektinə hücum edə biləcəyini bir daha dilə gətirib. O bildirib ki, belə bir hücumu “bir saat ərzində” həyata keçirə bilərlər.
Koləng dağı və ya Koləng-Gəzla İsfahan vilayətində, Zaqros dağ silsiləsində, Nətənz nüvə obyektinin yaxınlığında yerləşən yüksəklikdir. Bildirilir ki, bura İran İslam Respublikası rejiminin gizli və yeraltı nüvə obyektlərinin yerləşdiyi ərazidir. ABŞ prezidenti dəfələrlə həmin əraziyə mümkün hücumdan danışıb.
Trampın Koləng dağına hücumla bağlı açıqlaması onun həmin müsahibədə İranla razılaşma əldə etmək ehtimalı barədə səsləndirdiyi fikirlərlə eyni vaxta təsadüf edib.
ABŞ prezidenti bildirib ki, “İran danışıqlar aparmaq üçün əlverişli mövqedə deyil”. O əlavə edib: “Biz tam güc mövqeyindən danışıqlar aparırıq və istədiyimiz vaxt bu danışıqları dayandıra bilərik. Əgər razılaşma əldə edə bilsəm, bunu etməyə üstünlük verərəm. Beləliklə, çoxsaylı insanların həyatını xilas etmiş olaram. Razılaşma əldə olunması ehtimalı yüksəkdir”.
Tramp bir daha İranın “razılaşma əldə etməyi çox istədiyini”, lakin “razılaşma əldə olunmasa, qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilə biləcəyini” söyləyib.
Donald Tramp bu müsahibədə İranla müharibəni məhdud xarakterli adlandıraraq, “Biz müharibə aparmırıq”, – deyə vurğulayıb.
ABŞ prezidenti Fox News telekanalına müsahibəsindən bir neçə saat əvvəl də İranla razılaşma əldə etmək ehtimalından danışmışdı.
O, Vaşinqtonda çıxışı zamanı İran İslam Respublikası rejiminin müharibəyə son qoymaq üçün razılaşma əldə etmək istədiyini və belə bir razılaşmanın “mümkün olduğunu” bildirib.
Donald Tramp bazar ertəsi neftin qiymətinin 10 dollar azalmasına toxunaraq əlavə edib: “Neftin qiyməti daha da kəskin düşəcək, çünki biz İrana qarşı qalib gəlirik. Asanlıqla qalib gəlməkdəyik”.
ABŞ prezidenti daha sonra Truth Social sosial şəbəkəsində paylaşım edərək, neft qiymətlərinin sürətlə aşağı düşməsinə səbəb kimi “insanların İranla artıq müharibə olmayacağına inanmasını” göstərib. Tramp həmin paylaşımında “İranın tez bir zamanda razılaşma əldə etməyə çalışdığını” bir daha vurğulayaraq, “Bu, baş verə bilər”, – deyə yazıb.
Tramp Axios saytına müsahibəsində də İranla bağlı hücum qərarı verməyə tələsmədiyini bildirib: “Biz onlarla danışıqlar aparırıq. İşlər yaxşı gedir. Problem ondadır ki, onlar bizi gözlətməyə çalışırlar. Lakin onlar hər zamankından daha çox razılaşma əldə etmək istəyirlər”.
İranla ABŞ arasında danışıqlara vasitəçilik edən Qətərlə diplomatik təmasların intensivləşməsi və danışıqların nəticə verəcəyinə dair nikbinliyin artması fonunda bazar ertəsi dünya bazarında neftin qiyməti aşağı düşüb. Brent markalı neftin bir bareli hətta 104 dollara qədər ucuzlaşıb.
Bazar ertəsi axşamı Reuters agentliyi danışıqlar prosesindən məlumatlı bir rəsmi şəxsə istinadən Qətərli vasitəçilərin Tehran və Vaşinqton arasında mümkün razılaşmanı müzakirə etmək üçün İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşmək məqsədilə İrana səfər etdiyini bildirib.
Həmin rəsmi şəxsin sözlərinə görə, müzakirə olunan məsələlərdən biri son səkkiz gün ərzində üzərində danışıqlar aparılan ABŞ-İran razılaşmasının ilkin layihəsinin bir variantı olub.
Razılaşmanın təfərrüatları barədə hələlik əlavə məlumat açıqlanmayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi