
GADTB: Tehran bələdiyyəsinə bağlı “Həmşəhri” qəzeti noyabrın 3-ü, çərşənbə axşamı dərc olunan sayında Avropa ölkələrinin xəritəsini yayımlayaraq onlardan bəzilərini işarələyib və İran İslam Respublikası Silahlı Qüvvələrinin hədəflər siyahısının “coğrafi məhdudiyyət olmadan” yeniləndiyini yazıb.
Qəzet bildirib ki, ABŞ və İsrail İran İslam Respublikası rejiminin strateji infrastrukturuna hücum edəcəyi təqdirdə, qarşıdurmanın əhatə dairəsi Avropadakı ABŞ hərbi hava və dəniz bazalarına, dəstək mərkəzlərinə və logistika infrastrukturuna qədər genişlənə bilər.
Qəzet İran İslam Respublikası rejiminin ballistik raketlərinin mənzilinin artırılması ehtimalına da toxunaraq, yeni müharibə baş verəcəyi təqdirdə Avropadakı ABŞ bazalarının mümkün hədəflər siyahısına daxil edilə biləcəyini yazıb.
Bundan başqa, İran İslam Respublikası rəhbərinin nümayəndəsinin nəzarəti altında nəşr olunan “Keyhan” qəzeti də yeni müharibə baş verəcəyi təqdirdə Avropadakı ABŞ və NATO-nun maraq və obyektlərinin, o cümlədən Böyük Britaniya, İtaliya, Yunanıstan, Rumıniya və Kiprdəki obyektlərin İran İslam Respublikası raketlərinin hədəfinə çevrilə biləcəyini yazıb.
“Keyhan” Müctəba Xameneinin “coğrafi məhdudiyyət olmadan” hərbi cavab verilməsi barədə göstərişinə toxunaraq, mümkün hədəflərin artıq Yaxın Şərqdəki ABŞ bazaları ilə məhdudlaşmadığını və “Avropanın ürəyinə” qədər genişlənə biləcəyini bildirib.
Qəzet əlavə edib ki, İran İslam Respublikası raketləri 4-5 min kilometr məsafədə yerləşən NATO bazalarını hədəfə almaq imkanına malikdir.
“Keyhan” yazıb: “Əgər təcavüzkarlar diplomatik həll yolunu və İranın məntiqli şərtlərini qəbul etməyi seçməsələr, döyüş coğrafiyası Avropanın ürəyinə və regiondan kənardakı bazaların dərinliklərinə qədər genişlənəcək. Bu dəfə isə qisas alovu hegemonluğun bütün hesablamalarını külə çevirəcək”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi