Cümə axşamı , Aprel 18 2024
azfa

Erməni mütəxəssislərdən Metsamor təhlükəsi barədə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın Metsamor Atom Elektrik Stansiyasındakı (AES) vəziyyət getdikcə daha təhlükəli hal almağa başlayır.

Belə ki, son məlumatlara əsasən, Metsamor AES-in işçiləri istefa verməyə başlayıb. Səbəb olaraq təhlükəli şəraitdə işlədiklərini bildiriblər. Qeyd ediblər ki, həyatları üçün hər an təhlükə yarana bilər. Məlumdur ki, stansiyada hansısa bir qəza olarsa, bundan təkcə Ermənistan yox, Türkiyə və Azərbaycan zərər görəcək.Stansiya Qarsdan 100 km, İğdırdan 30 km uzaqdadır.Stansiya tikilən vaxt SSRİ alimləri AES-in Ağrı dağı tektonik zonasında yerləşdiyi üçün tikintiyə qarşı çıxıb.

Stansiyadakı təhlükəli vəziyyəti Ermənistan Demokratiya Partiyasının sədri Aram Sarkisyan da təsdiqləyib. O bildirib ki, Metsamorun 67 işçisi stansiyadakı pis şərait və aşağı əməkhaqqına görə istefa verəcəklərini bəyan ediblər: “Atom Elektrik Stansiyasının Ermənistan üçün strateji əhəmiyyətini nəzərə alaraq, hökuməti bu məsələ ilə ciddi məşğul olmağa çağırıram. Çünki problemin həllinin uzadılması ölkəmiz üçün fövqəladə təhlükəli vəziyyətin yaranmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, Metsamor AES-in tikintisinə 1960-cı ildə başlanılıb, 1976-ci ilin dekabrında isə istismara verilib.1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı.İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib.

2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar kreditin və 30 milyon dollarlıq qrantın hesabına ötən ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edib.

Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyyətini hələ də davam etdirir.

İstismar müddəti çoxdan bitən Metsamor AES-in reaktorları region da daxil olmaqla, Avropa üçün ciddi radiasiya təhlükəsi mənbəyinə çevrilib.Əvvəllər “Avroatom”la İrəvan arasında aparılan danışıqlar zamanı Brüssel Metsamor AES-in modernləşdirilməsi üçün 200 milyon avro ayırmağa hazır olduğunu bildirmişdi.Lakin sonrakı araşdırmalar zamanı aydın oldu ki, AES nəinki modernləşdirilməyə, hətta təmirə belə yararlı deyil.Brüsselə görə, Metsamorun işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır. Yeni AES-in tikintisi üçün 5 milyard ABŞ dolları maliyyə tələb olunur ki, buna nə İrəvanın gücü çatır, nə də beynəlxalq maliyyə qurumları, Avropa İttifaqı və digərləri Ermənistandakı iqtisadi böhran fonunda bu məbləğdə yardım və ya kredit ayırmaq istəyirlər.

“Cümhuriyət” qəzeti xəbər verir ki, Metsamor AES-nın bağlanması məsələsi 2016-2017-ci illərdə Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında aparılan strateji tərəfdaşlıq haqqında sazişin əsas şərtlərindən birini təşkil edir.Həmin vaxt Avropa İttifaqı Ermənistanda Metsamor AES-nın bağlanmasını təklif edirdi.Ermənistan həmin şərtin qəbul edilməsinə razılıq versə də, lakin sonradan Rusiyanın təzyiqi ilə bundan imtina etməli oldu.Aİ-nin təklifində göstərilirdi ki, əgər Metsamor AES bağlanarsa, İttifaq öz növbəsində Ermənistanda alternativ enerji mənbələrinin inkişafı üçün 250 milyon avro pul ayıracaq.Bu məqsədlə də Ermənistanın enerji problemi aradan qaldırılacaqdı, əvəzində isə Metsamor AES ləğv edilirdi. Lakin 2017-ci ilin noyabrın 24-də Brüsseldə Ermənistanın o vaxtkı prezidenti Serj Sarksiyanla Avropa İttifaqı arasında genişləndirilmiş və hərtərəfli saziş imzalanarkən bir sıra şərtlər qəbul olunsa da, Metsamor AES-nın bağlanmasına dair bənd qəbul olunmadı. Həmin maddə sazişdən çıxarıldı.Bunun səbəbi Rusiyanın Ermənistana təzyiqi ilə bağlıdır.Danışıqların birdəfəlik yox, müvəqqəti təxirə salınması yönündə davam etdirilməsi adı ilə həmin məsələ gündəlikdən çıxarıldı.Digər maddələr üzrə saziş imzalansa da, həmin maddə sazişdən çıxarıldı.

Metsamor AES Rusiya üçün Ermənistandakı hərbi bazalardan daha yüksək strateji əhəmiyyətə malikdir.

Ekspertlər hesab edir ki, Metsamor AES Rusiya üçün həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyətə malikdir.2014-cü ildə Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyası (“RosAtom”) ilə Ermənistan arasında bağlanmış müqaviləyə görə, Metsamor AES-nın 4-cü blokunun təmiri və yenidən qurulmasını Rusiya öz üzərinə götürdü.Çünki Metsamor AES Rusiya üçün yalnız iqtisadi əhəmiyyət kəsb etmir, həm də siyasi baxımdan mühüm strateji əhəmiyyətə malikdir.Analitiklərin qənaətincə, Metsamorun bağlanması Rusiyanın nəinki Ermənistanı, bütövlükdə Qafqazı itirməsi deməkdir.Sözügedən AES Rusiyanın Qafqazdakı ən böyük layihəsidir.Hətta Metsamor AES Rusiya üçün Ermənistandakı hərbi bazalardan daha yüksək strateji əhəmiyyətə malikdir.Buna görə də 2014-cü ildə imzalanmış müqaviləyə görə, 2028-ci ilədək həmin AES-nin 4-cü blokunun yenidən qurulmasını və bərpasını “RosAtom” QSC öz üzərinə götürülür.Lakin Qərb dövlətləri isə Rusiyanın buradan çıxarılması üçün alternativ təkliflər ortaya qoydular.

Ermənistana Rusiyanın təzyiqləri…

Ermənistanın enerji bazarı uğrunda 2017-ci ildən etibarən ciddi bir rəqabət başladı.Bu istiqamətdə ilkin təklif ABŞ-ın Ermənistandakı o vaxtkı səfiri Riçard Mayls tərəfindən səsləndi. 2017-ci ilin iyul ayında Riçard Mayls belə bir açıqlama verdi ki, əgər Ermənistan AES-nı bağlayarsa, ABŞ İrəvanda alternativ enerji mənbələrinin inkişafı üçün 8 milyard dollar investisiya qoymağa hazırdır. Bu, çox sensasion bir xəbər idi və 8 milyard dollar böhran vəziyyətində olan Ermənistan iqtisadiyyatı üçün fantastik bir göstərici idi.Hətta amerikanlar Bərgüşad çayı üzərində iki SES tikməklə müəyyən qədər bu işlərə başlamışdılar. Həm ABŞ, həm də Avropa İttifaqı çalışdı ki, genişləndirilmiş və hərtərəfli sazişi hüquqi müstəviyə keçirsin və Metsamor AES-nın bağlanmasına nail olsun. Lakin Ermənistana Rusiyanın təzyiqləri bunun qarşısını aldı.

2018-ci ilin aprel ayında Ermənistanda baş vermiş “məxməri inqilab” və hakimiyyət dəyişikliyindən sonra xarici siyasətdə müəyyən qədər qərbyönlü kursun seçilməsi, tədricən Rusiyadan uzaqlaşması, yaxın gələcəkdə Metsamor AES-in bağlanmasına dair Avropa İttifaqının təklifinin də qəbul olunacağını istisna etmir.

Hətta inqilabdan öncəki müddətdə Avropa İttifaqının Ermənistandakı daimi nümayəndəliyinin rəhbəri Pyotr Svetalski bildirmişdi ki, çox güman 2020-ci ilə qədər İttifaqla Ermənistan arasında bu məsələ razılaşdırılacaq. O, bununla AES-nın bağlanmasına nail olmağı vurğulamışdı. Çünki bu məsələ yalnız Ermənistan cəmiyyəti üçün deyil, Avropa İttifaqı üçün də ciddi prioritet təşkil edən əsas strateji məsələlərdən biridir.Bu, həm təhlükəsizlik, həm ekoloji, həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir.

 

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın