Gürcü kəşfiyyatı Rusiyanın erməniləri aktivləşdirdiyini açıqlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gürcüstan Təhlükəsizlik Xidməti xarici ölkələrin xüsusi xidmət orqanlarının ölkədəki əsas hədəfləri barədə hesabat hazırlayıb.

Hesabat Gürcüstan parlamentinə təqdim edilib. Hesabatda gürcü kəşfiyyatı ölkədəki təhlükəsizliyə yaranan təhdidlə bağlı informasiyaların bütün lazımi orqanlara verildiyini bildirib.

Kəşfiyyatın hazırladığı hesabatda xarici xüsusi xidmət orqanlarının daha çox diplomatik, mədəniyyət, humanitar, dini, kommersiya və sairə fəaliyyət formalarından yararlanaraq ölkənin hakimiyyət, təhlükəsizlik orqanlarına daxil olmaq və burada öz agentura şəbəkələrini genişləndirmək istədikləri açıqlanıb. Bu orqanların Gürcüstanda əsas vəzifələri ictimaiyyət arasında antiqərb əhval-ruhiyyəsini artırmaq, Gürcüstanın beynəlxalq imicini zədələmək, ictimaiyyətdə etibarsızlıq, ümidsizlik və nihilizm yaratmaq, gürcü ictimaiyyətinin qütbləşməsi və dezinteqrasiya prosesinin inkişafı üçün ölkədə etnik və dini əsaslı destabilizasiya ocaqları yaratmaq olduğu vurğulanıb. Üstəlik, xarici kəşfiyyatın hibrid müharibə taktikasından istifadə etdiyi, bunun üçün təbilğatçı media şirkətlərdən, dezinformasiyalardan, kiberəməliyyatlardan, destruktiv siyasi qrup və ictimai populist birləşmələrdən yararlandığı bildirilib.

Qeyd edək ki, Moskvanın Gürcüstanda müxtəlif millətlərdən istifadəyə cəhdi olub. Belə ki, Moskva bundan öncə bir neçə dəfə bu planını sınaqdan keçirib. Abxaziya və Cənubi Osetiyada uğur qazanan Moskva Acariyada məğlubiyyətə düçar olub. Təsadüfi deyil ki, bir müddət öncə Rusiya mətbuatı Gürcüstanın şərqində yaşayan etnik azərbaycanlıların Tiflisdən narazı olduğu haqqında informasiya yayıb və daha sonra buradakı azərbaycanlılar arasında separatçı fikirlərin yayılması fikri ictimaiyyətə aşılanıb. Bunun üçün əsas nümunə kimi azərbaycanlılarla svanlar arasındakı toqquşmalar göstərilib. Lakin sonradan bu təbliğatın qarşısı həm Tiflis, həm də Azərbaycan tərəfindən alınıb.

Lakin Moskvanın Gürcüstanla bağlı əlindəki kartlar bitməyib. Moskva ermənilərin aktiv yaşadığı Cavaxetiyada aktivləşib. Digər tərəfdən bu bölgə daimi olaraq Gürcüstan üçün yeni Cənubi Osetiya və Abxaziya təhdidi olaraq qalıb. Bölgədə Rusiyanın keçmiş bazasının yerləşməsi və ərazinin Ermənistanla sıx əlaqəsi Tiflisi müəyyən qədər ehtiyatlı davranmağa məcbur edib. Cavaxetiyada Daşnaksütyun kimi qrupların daim aktiv olması və erməni liderlərinin İrəvanla, eləcə də Moskva ilə sıx əlaqələri gələcəkdə bu bölgənin maşa kimi istifadə ediləcəyini düşünməyə vadar edir.

Bu hesabatla Gürcüstan kəşfiyyatı Rusiyanın əliylə Ermənistanın bu ərazidə aktivləşməsinə də diqqət çəkib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın