GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsindən olan və iyulun 9-da rejimin məmurları tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal Behnam Zareinin durumu barədə ailəsinə 15 gündür məlumat verilmir.
Fəalın yaxınları bildirir ki, yalnız yaxalanan gün 10 saniyəlik qısa telefon əlaqəsindən sonra Behnam Zarei barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.
Azərbaycanlı fəalın ata və anasının övladları barədə xəbər tutmaq üçün məhkəməyə müraciətləri zamanı rejimin məmurları onlara qarşı kobudluq edib və onlar zorla məhkəmə binasından çıxarılıblar.
Azərbaycanlı fəalın nə səbəbə görə yaxalanması barədə məlumat verilmir. Lakin onun “Vərziğansəsi” sosial şəbəkəsi vasitəsilə bölgənin problemləri, ətraf mühitin məhv edilməsi barədə paylaşımları ilə bağlı yaxalandığı günam edilir.
Qeyd edək ki, Güney Azərbaycan Vərziğan bölgəsindən olan və Təbriz Universitetində nəşr olunan “Ərk” nəşrinin baş redaktoru olmuş azərbaycanlı milli-mədəni fəal Behnam Zarei iyulun 9-da Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində həbs olunub.
Azərbaycanlı milli fəalın mobil telefon, kompüter və başqa şəxsi əşyalarının da rejimin məmurları tətəfindən müsadirə edilmişdir.
Behnam Zarei kənd təsərrüfatı üzrə bakalavr mərhələsində təhsilini bitirib və siyasi elmlər üzrə magistratura mərhələsində isə təhsilini dayandırmışdır.