Çərşənbə , İyun 17 2026
azfa

İran tərəfi ABŞ ilə sülh razılaşmasının əldə olunmasını təsdiq edib

GADTB: İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə İran arasında anlaşma memorandumunun mətninin yekunlaşdırıldığını və memorandumun rəsmi imzalanma mərasiminin cümə günü İsveçrədə keçiriləcəyini təsdiqləyib.

O bildirib ki, “Livan ətrafında baş verən hadisələr və silahlı qüvvələrin bəyanatları nəzərə alınaraq memorandumla bağlı bəzi düzəlişlər edilib və bu da danışıqlar prosesinin irəliləməsini asanlaşdırıb.”

İranın “Fars” xəbər agentliyi yazır ki, İsrailin Beyrutun Dahiyə bölgəsinə hücumundan sonra İran danışıqları dayandıraraq İsrailə hücuma hazırlaşmışdı. Lakin son anda ABŞ prezidenti tərəfindən təqdim edilən bəzi güzəştlər, o cümlədən Livanın ərazi bütövlüyünün qorunması, İsrailin Livan sərhədindən geri çəkilməsi və blokadanın dərhal aradan qaldırılması İranı hücumdan imtina etməyə razı salıb.

“Fars”ın məlumatına görə, həmçinin Fars körfəzində hərəkət qaydalarının hüquqi mexanizminin İran və Oman əməkdaşlığı ilə tənzimlənməsi barədə razılıq əldə olunub.

Kazım Qəribabadi bildirib ki, cümə günü rəsmi imzalanma mərasimi keçiriləcək və danışıqlar heyətlərinin rəhbərləri növbəti mərhələnin təşkili ilə bağlı məsləhətləşmələr aparacaqlar.

Onun sözlərinə görə, həmin vaxta qədər ABŞ-ın müharibənin dayandırılması, blokadanın ləğvi və İranın maliyyə aktivlərinin azad edilməsi ilə bağlı öhdəlikləri yoxlanılacaq. Altmış günlük danışıqlar mərhələsinə başlanılması isə Vaşinqtonun bu öhdəlikləri yerinə yetirməsindən asılı olacaq.

Xarici işlər nazirinin müavini əlavə edib ki, danışıqlar başlayacağı təqdirdə ABŞ-ın tətbiq etdiyi bütün ilkin və ikinci dərəcəli sanksiyaların ləğvi, həmçinin BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin qərarlarının aradan qaldırılması əsas müzakirə mövzularından olacaq.

Qəribabadinin sözlərinə görə, nüvə proqramı, eləcə də iqtisadi bərpa və inkişaf mexanizmləri də altmış günlük müddət ərzində müzakirə ediləcək və yekun razılaşma əldə olunarsa, bütün sanksiyalar ləğv olunacaq.

Kazım Qəribabadi daha sonra iddia edib ki, ABŞ və İsrail “qarşıya qoyduqları bütün məqsədlərdə uğursuzluğa düçar olub, İran isə müharibədə böyük qələbələr qazanıb”.

İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahı da yaydığı bəyanatda silahlı qüvvələrin “qarşı tərəfin məğlubiyyəti qəbul etməkdən başqa yolunun olmadığını sübut etdiyini” iddia edib.

İran Ali Milli Təhlükəsizlik Şurasının Katibliyinin bəyanatı

Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi müharibənin başa çatması ilə bağlı yaydığı bəyanatda bildirib ki, əldə olunmuş razılaşmalara əsasən, Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar bu gecədən etibarən dərhal və daimi olaraq dayandırılır.

Bəyanatda həmçinin qeyd olunub ki, İrana qarşı tətbiq edilən dəniz blokadası dərhal və tam şəkildə ləğv edilir.

Sənəddə vurğulanır ki, memorandumun rəsmi imzalanması 29 iyun tarixində həyata keçiriləcək, yekun saziş üzrə danışıqlar isə qarşı tərəfin memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən sonra davam etdiriləcək.

Həmçinin yoxlayın

Güney Azərbaycanda vəkil öldürülüb

GADTB: Güney azərbaycandan olan vəkil Məcid Pejumanın cəsədi Qərbi Azərbaycan əyalətindəki Həsənlu bəndi ətrafında aşkar …

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …