Cümə axşamı , May 28 2026
azfa

İranda yoxsulluq həddindən aşağı yaşayanların sayının bu il 40 milyonu keçə biləcəyi bildirilir

GADTB: İranın bir neçə iqtisadçısı və universitet müəllimi keçirdikləri ixtisaslaşmış toplantıda son müharibədən sonra ölkə iqtisadiyyatında “10 faizlik mənfi artım” ehtimalının yarandığını bildirərək, bu il ərzində təxminən “4,5 milyon nəfərin” yoxsul əhali sırasına qoşulacağını proqnozlaşdırıblar.

“Dünya İqtisadiyyatı” qəzeti 7 xordad tarixli sayında yazıb ki, iqtisadiyyat və sosial siyasət sahəsində çalışan dörd iqtisadçı və tədqiqatçı ölkənin iqtisadi vəziyyəti ilə bağlı “narahatedici mənzərə” təqdim ediblər.

Əllamə Təbatəbai Universitetinin iqtisadiyyat fakültəsinin müəllimi Hüccət Mirzayi bildirib ki, dəniz mühasirəsi və İranın neft ixracının demək olar ki, sıfıra enməsi səbəbindən 1405-ci ildə ölkə iqtisadiyyatında artımın mənfi 8,8 faizdən mənfi 10 faizə qədər olacağı gözlənilir.

Onun sözlərinə görə, müharibənin təsirləri nəzərə alınarsa, 1405-ci ildə daha 3,5–4,5 milyon nəfərin yoxsul əhali sırasına əlavə olunacağı və yoxsulluq həddindən aşağı yaşayanların sayının 40 milyonu keçəcəyi ehtimal edilir.

“Səba” Araşdırmalar İnstitutunun rəhbəri Hüseyn Rəcəbpur isə bildirib ki, 1403-cü ildə İranda cəmi 57 min yeni iş yeri yaradılıb. O qeyd edib ki, 1404-cü ilin yazında əmək bazarında vəziyyət qismən yaxşılaşsa da, “12 günlük müharibə”dən sonra bu proses yenidən mənfi istiqamətə dəyişib.

Ali İdarəetmə və Planlaşdırma Təhsil və Araşdırma İnstitutunun müəllimi Kövsər Yusifi də İranda “işləyən yoxsullar” probleminə diqqət çəkərək bildirib ki, çoxlu sayda insan işləməsinə baxmayaraq yenə də yoxsulluq həddindən aşağı yaşayır.

O vurğulayıb ki, inkişaf etmiş ölkələrdə işsizlik müddəti orta hesabla 3–4 ay olduğu halda, İranda 3–4 il davam edən işsizlik halları müşahidə olunur.

Şərif Texnologiya Universitetinin iqtisadiyyat fakültəsinin müəllimi Qulamrza Keşavərz Həddad isə qeyd edib ki, müharibə baş verməsə belə, İran iqtisadiyyatının vəziyyəti artıq böhran həddinə yaxın idi.

İran Kəşfiyyat Nazirliyi də 6 xordad tarixində xəbərdarlıq edib ki, son müharibədən sonra ABŞ-ın iqtisadi təzyiqləri nəticəsində yaranan bahalaşma və bəzi məhsul çatışmazlıqları ölkədə yeni iğtişaşlara səbəb ola bilər.

Bu xəbərdarlıq yüksək inflyasiya, ərzaq və məhsul qiymətlərində ciddi artım, həmçinin ABŞ-ın həftələrlə davam edən dəniz mühasirəsi və İranın neft ixracındakı kəskin azalma səbəbindən hökumət gəlirlərinin aşağı düşməsi barədə yayılan məlumatlar fonunda səsləndirilib.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Yasir Rəncbərin vəziyyəti ilə bağlı məlumat verilmir

GADTB: Azərbaycanlı fəal Yasir Rəncbər 1405-ci ilin 29 ordibehişt tarixində Təbrizdə molla rejimin qüvvələri tərəfindən …

Molla rejimin valyuta ehtiyatları üç aylıq idxala yetməyə bilər

GADTB: “The Wall Street Journal” qəzeti Capital Economics İnstitutunun araşdırmasına istinadən yazıb ki, İranın mövcud …