
GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, “Bölgədə yaranmış yeni geosiyasi vəziyyətlə əlaqədar İrandan Ermənistana 2 milyard dollarlıq mal ixrac etmək imkanı yaranıb”.
Bu barədə “tehrannews” xəbər ajansı məlumat yayıb.
Məlumatda iddia edildiyinə görə, İranda 13-cü hökumət dünya ölkələri ilə, özəlliklə qonşu dövlətlərlə ticarət və iqtisadi sahələrdə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarıdır.
Habelə qeyd olunub ki, İranın sənaye, mədən və ticarət naziri Seyid Rza Fatemi Əmin bu istiqamətdə daha öncə Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərə səfərlər edib. Rza Fateminin bu məqsədlə növbəti səfəri isə Ermənistana nəzərdə tutulub.
“Tehrannews” saytına görə, Ermənistan İranın Avrasiya ilə münasibətlərində yeganə quru sərhəd ölkəsidir, buna görə rəsmi İrəvanla əlaqələr daha önəmlidir.
Sonda qeyd edilib ki, Ermənistan bazarına çıxarılan heç bir İran malının qarşısı alınmır və bu, İranın bu ölkəyə 2 milyard dollarlıq mal ixracı üçün əlverişli şərait yaradır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülhə, sabitliyə və iqtisadi inkişafa hədəflənən “3+3” planına qarşı çıxan İran rejiminin Azərbaycan dövləti ilə deyil, işğalçı Ermənistan liderləri ilə hərtərəfli əlaqələri inkişaf etdirməsi düşündürücüdür.