GADTB; İrana bağlı onlarla silahlının Suriyadan İordaniyaya keçmək cəhdinin qarşısı alınıb.
Terrorçularda reaktiv yaylım atəşi qurğuları, partlayıcı maddələr və piyada əleyhinə minalar olub.
İordaniya ordusunun onlara qarşı keçirdiyi əməliyyat zamanı partlayıcı maddə daşıyan avtomobillərdən biri məhv edilib. Bildirilib ki, İrana bağlı qanunsuz silahlı qruplaşma üzvləri İordaniya ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirməyə səy göstəriblər.
Tərəflər arasında qarşıdurma zamanı bir İordaniya əsgəri həlak olub, İrana bağlı 10 silahlı məhv edilib.
Həmçinin İsrail və HƏMAS arasında davam edən müharibə Qırmızı dənizdə də vəziyyəti gərginləşdirib.
Bəhreynə səfər edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin Qırmızı dənizdə və Əsən körfəzində ticarət gəmilərini Yəməndəki İran tərəfindən dəstəklənən husi qiyamçılarının hücumlarından qorumaq üçün yeni koalisiya yaradılmasına çağırış edib.
O bildirib ki, koalisiyanın tərkibində müxtəlif ölkələrdən ibarət hərbçilər olmalıdır.
“Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Buna görə də bu gün mən mühüm yeni çoxmillətli təhlükəsizlik təşəbbüsü olan Rifah Qoruyucusu Əməliyyatının yaradılmasını elan edirəm”, – Ostin deyib.
Pentaqon rəhbəri Birləşmiş Ştatların başçılıq edəcəyi koalisiyaya Bəhreyn, Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Norveç, Seyşel adaları və İspaniyanın daxil olacağını açıqlayıb.
Qeyd edək ki, son günlər Qırmızı dənizdə və Əsən körfəzində üzən ticarət gəmiləri pilotsuz uçuş aparatları və raketlərlə hücuma məruz qalır. Hücumlar Yəməndə beynəlxalq aləm tərəfindən tanınmayan, ancaq ölkə ərazisinin böyük bir hissəsinə nəzarət edən husi qiyamçıları tərəfindən həyata keçirilir. İranın dəstəklədiyi husilər Yəmənin paytaxtı Sənadan 1000 mildən çox məsafədə yerləşən həyati əhəmiyyətli ticarət yollarındakı gəmilərə hücum edir. Qruplaşma hətta İsrailə pilotsuz uçuş aparatları və raketlərlə hücum edərək İsrail-HƏMAS qarşıdurmasına daxil olublar.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir ki, husilər bazar ertəsi Qırmızı dənizin cənubunda iki ticarət gəmisinə hücum ediblər. Kimyəvi məhsul və neft daşıyan “Swan Atlantic” tankeri pilotsuz uçuş aparatları və gəmi əleyhinə ballistik raketlə hücuma məruz qalıb. CENTCOM-un verdiyi məlumata görə, təxminən eyni vaxtda və fərqli yerdə “MSC Clara” yük gəmisi yaxınlığında partlayış baş verib. Hər iki gəmidə xəsarət alan olmayıb.
Husi qiyamçılarının sözçüsü Yəhya Sari bazar ertəsi günü gəmilərin hücuma məruz qaldığını təsdiqləyib. O bildirib ki, gəmi ekipajları zənglərə cavab vermədiyi üçün pilotsuz uçuş aparatlarından istifadə edilib.
Husilər milliyyətindən asılı olmayaraq İsrailə gedən bütün gəmiləri hədəf alacaqlarını bildiriblər və beynəlxalq gəmiçilik şirkətlərinə İsrail limanlarından istifadə etməmələri barədə xəbərdarlıq ediblər.
Husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Buxaiti “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, qruplaşma Qırmızı dənizə yerləşdiriləcək ABŞ-ın rəhbərlik etdiyi istənilən koalisiyaya qarşı çıxa biləcək.
ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan ilə telefon danışığında Husilərin ticarət gəmilərinə hücumlarını pisləyib.