
GADTB: Dünən İran ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölkəyə dəymiş ziyanın ilkin olaraq təxminən 270 milyard dollar tğşkil etdiyini açıqlayıb.
Bununla bağlı, İran hökumətinin sözçüsü Fatimə Mühacirani “RİA Novosti”yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, müharibə dövründə müxtəlif bölgələrdə baş verən hücumlar nəticəsində infrastruktur, sənaye obyektləri və mülki yaşayış sahələri ciddi zərər görüb. Hazırda aidiyyəti qurumlar ziyanın dəqiq hesablanması üçün araşdırmaları davam etdirir.
Xanım Mühacirani bildirib ki, ilkin dəyərləndirmələrə əsasən ümumi təzminat məbləği 270 milyard dollar civarındadır və yekun rəqəm sonradan dəqiqləşdiriləcək.
O, əlavə edib ki, İran rəsmiləri, o cümlədən prezident Məsud Pezeşkian müxtəlif çıxışlarında zərərin kompensasiyası məsələsini əsas tələblərdən biri kimi gündəmə gətirib.
İran həmçinin Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan ona dəyən ziyana görə kompensasiya tələb edir.
Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.
Məktubda qeyd olunur ki, Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Qətər Dövləti, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimilər Krallığı İran İslam Respublikasına beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində dəyən bütün maddi və mənəvi zərərə görə, o cümlədən kompensasiya formasında tam təzminat ödəməlidirlər.
İran tərəfi bu tələbi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı adıçəkilən ölkələrin ərazilərindən istifadə olunması ilə əsaslandırır.
İrəvani vurğulayıb ki, bu dövlətlərin öz ərazilərindən İrana qarşı istifadə edilməsinə icazə verməsi “təcavüz aktı” kimi qiymətləndirilir.
Məktubda həmçinin qeyd edilir ki, sözügedən ölkələr bu addımları ilə İrana qarşı beynəlxalq öhdəliklərini pozublar.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi