GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəalları 9 aya yaxındır qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.
İranın ETTELAAT qüvvələri tərəfindən həbsdə saxlanılan 7 azərbaycanlı fəalın həbsinin üstündən 9 aya yaxın keçib. Tehranın Evin zindanında tutulan məhbuslar arasında Əbdüləziz Əzimi Qədim, Araz Aman, Tahir Nəqəvi, Murtaza Pərvin, Hüseyn Piri, Bağır Hacızadə və Ayaz Seyfxah var.
Fevralın 6-da Güney Azərbaycanın müxtəlif şəhərlərində həbs edilən fəallar vəkillə görüşməkdən, həkim yoxlanışından, habelə girov müqabilində zaminə buraxılmaq kimi qanunu hüquqlardan məhrumdurlar.
Məlumata görə, Hüseyn Piri qanunsuz həbsə görə ikinci dəfə aclıq aksiyasına başlayıb. Bildirilib ki, Qarabağ müharibəsində Azərbaycanı dəstəkləməsinə və Urmu gölünün qurudulmasına etiraz etdiyi üçün ona basqılar edilib və o, habelə “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da günahlandırılıb.