Çərşənbə , Aprel 24 2024
azfa

Professor Ramazan Siracoğlu : Türkmənçayın yaratdığı Ermənistan

GADTB: XIX əsrin birinci rübünədək Cənubi Qafqazda azlıq təşkil edən, demək olar ki, səssiz-səmirsiz şəkildə mövcudiyyətini sürdürən ermənilərin “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra, necə deyərlər, bəxt ulduzu parladı. Rusiya tərəfinin basqısı ilə 10 fevral 1828-ci ildə Qacariyyə iqtidarının İranda “əhdname-ye nəngin” (عهدنامه ننگین – utancverici sözləşmə) adlandırılan “Türkmənçay” müqaviləsini imzalamasından sonra ermənilərin Qarabağa axını başladı. Obrazlı şəkildə belə söyləmək mümkündür ki, rus çarı I Nikolay Ermənistanın xaç atası oldu.

Şərq məsələsini birdəfəlik olaraq öz xeyrinə həll etməkdə qərarlı olan imperator I Nikolay (1825-1855) ələ keçirdiyi məkanda yeni ərazi-inzibati vahidi layihəsini hazırlanmasına göstəriş verdi və bu işin icrası erməni əsilli yüksək vəzifə sahibləri Aqazar Lazaryan, Aleksandr Xudabaşyan və Movses Arqutyana həvalə olundu. Onlar da imperatora ermənilərin Rusiya protektoratlığı altında özünüidarə məlikliyi yaradılması planı hazırladılar. Kimlərinsə tövsiyəsi ilə I Nikolay bu planı bəyənmədi, əvəzində 21 mart 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ləğv edilərək ermənilərin “haykakan marz” adlandırdıqları Ermənistan vilayəti yaradılması haqqında fərman imzaladı (Bax: Акты Кавказской Археографической Комиссии. т. VII, док. № 437).

I Nikolay da, öz sələfləri kimi, ermənilərə xüsusi qayğı ilə yanaşırdı. Xatırladaq ki, hələ I Nikolayadək I Pyotrun cənuba doğru ekspansiya siyasətini davam etdirməyə başlayan II Yekaterina erməni kilsəsinin müstəsna səyi nəticəsində 30 iyun 1768-ci ildə ermənilərə Rusiya imperiyası ərazisində xüsusi imtiyazlar verən fərman imzalamışdı: “Bütün dürüst erməni xalqı bizim imperator mərhəmətimiz və nəvazişimiz altında tutulsun – Весь честный армянский народ в нашей императорской милости и благоволении содержать” (Bax: Полное собрание законов Российской империи с 1649 года по 19 ноябрь 1825 г., т. 18, с. 4)

2 oktyabr 1837-ci ildə I Nikolay Eçmiədzinə (Üç müəzzinə) gələndə, erməni arxiyepiskopu Karapet mütiliklə onun qarşısında diz çökür. İmperator ondan nə arzuladığını soruşanda, Karapet belə deyir: “Böyük Hökmdar, Sən yeni sadiq təbəələrin – erməni xalqının atası və hamisi ol, mən erməni xalqımı Sənə, Səni də ALLAHa tapşırıram”. (Bax: А.Д. Ерицов. Пребывание императора Николая I в Эчмиадзине и Эривани).

Paytaxtı türk şəhəri İrəvan olan yeni vilayətin və Qarabağın etnik tərkibinin ermənilərin lehinə dəyişdirilməsi məqsədilə həm İrəvana, həm də Qarabağa ermənilərin köçürülməsi kampaniyasına start verildi.

Amerikada yaşayan iran əsilli tarixçi Corc Burnutyan İrəvanda və Qarabağda erməni əhalisinin az olmasını özünün də inanmadığı  hipotetik  səbəbə bağlayır: “Ermənilər orta əsrlərdə məruz qaldıqları basqılar səbəbindən öz tarixi məskənlərini tərk etmişdilər.” (Bax: George Bournoutian: “Russian Annexation of Eastern Armenia”. The Armenian People From Ancient to Modern Times, 1997, volume II, p.106  ).

Təəccüblü deyil ki, C. Burnutyanın elmi rəhbəri amerikan tarixçisi Riçard Hovanisyan da eyni fərziyyədən çıxış edir, ermənilərin o vaxtlar ancaq Zəngəzurun və Qarabağın bəzi ucqar dağlıq ərazilərində nisbətən çoxsaylı olduqlarını bildirir: “Only in the mountains regions of Karabakh and Zangezur did the armenian manage to maintain a solid majority” (Bax: The Armenian People From Ancient to Modern Times. Palgrave, USA, 2004, p. 96).

Ermənilərin Rusiyanın yeni ələ keçirdiyi ərazilərə gəlməsini rəsmi dairələr müxtəlif yollarla təşviq edirdilər: ermənilərə ailə başına birdəfəlik 25 rubl ianə verilirdi (rublun alıcılıq qabiliyyəti o illərdə çox yüksək idi), onlardan 6 il ərzində heç bir vergi alınmırdı və onlara ən yaxşı torpaq sahələri paylanılırdı, məhkəmə çəkişmələri, bir qayda olaraq, ermənilərin xeyrinə həll olunurdu.

Qeyd etmək lazımdır ki, gəlmə ermənilər (yerli əhali onları “qonaq” adlandırırdı) elə ilk gündən yerli camaata problemlər yaşatmağa başlamışdılar. (Arabir fikirləşirəm ki, bizimkilər haylara, bəlkə, elə şər-xəta işlərindən dolayı “erməni” deyiblər? Ola bilsin ki, bu söz qədimdə “əhriməni” sözündən törəyib və şər qüvvələrinin başçısı Əhrimənlə bağlıdır; “h” samiti isə bəzi sözlərdə tələffüz zamanı  ixtisar edilə bilir: fəhlə- fəələ, məhəllə- məəllə, pəhləvan- pəəlvan, ehtiram- etiram və s. Bu xüsusda Sabirin məşhur qəzəlindəki bir beyti  xatırlatmamaq mümkün deyil: Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri,/Əhrimənlər maliki- mülki- Süleyman olmasın.)

O zamanlarda Rusiyanın səfiri olmuş A. S. Qriboyedov Peterburqa göndərdiyi məxfi məlumatda ermənilərin törətdiyi fəsadlara da toxunmuşdur: “… Ermənilərin Naxçıvana köçürülməsindən sonra burada  yaranan hərcmərclik və təzyiqlərin daha çox olduğunu gördüm… tatarların düşüncəsində ermənilərdən məmnun qalmadıqları ən yüksək həddə  özünü büruzə verir… onlar (yerli əhali) çarəsizlikdən öz təssərrüfatını və əmlakını buraxıb gedirlər.” (Bax: Грибоедов А. С. Сочинения М.; Л., 1959. — s. 471—477.)

1828-ci ildən sonra İrəvana və Qarabağa 57 min erməni gəlib məskunlaşdı, o ərazilərdən isə 35 mindən çox Azərbaycan türkü köçməyə məcbur oldu.

Qeyd edək ki, 1853-1856-cı illərdə baş vermiş Krım savaşından və 1877-1877-ci illər Rusiya-Osmanlı müharibəsindən sonra da ermənilərin Osmanlı ərazilərindən İrəvan və Qarabağa kompakt köçləri davam etmişdir.

Ermənilər havadarlarının açıq dəstəyi və gizli təlimatları ilə bütün mümkün variantlarla yerliləri sıxışdırmaqla bərabər, məskunlaşdıqları yerlərdə türklərin bütün maddi-mənəvi mədəniyyət nümunələrini yox etməyə, onların bütün izlərini silməyə, məzarlıqları dağıtmağa başlamışdılar. 1828-ci ildə Marağadan Qarabağa gələn ermənilər 1978-ci ildə Ağdərə (Mardakert ) rayonun Marağa kəndinə (1954-cü ildən Leninavan) köçlərinin “şanlı” 150 illik yubileyinə xatirə obeliski də ucaltmışdılar (Bax: George A. Bournoutian. A Brief History of the Aghuank Region. — “Mazda Publishers”, 2009, p. 9).

Ermənilərin İran və Osmanlı ərazilərindən  İrəvana və Qarabağa köçürülüb məskunlaşmasında 1827-1830-cu illərdəki Qafqaz canişini general İ.F. Paskeviçin ( 1782- 1856 ) müstəsna rolu olmuşdur.

Rusiya ilə Osmanlı dövləti arasında  02.09.1829-cu ildə bağlanmış “Edirnə” müqaviləsindən sonra ermənilərin Cənubi Qafqaza köçürülməsinə sərəncam verilməsi üçün çar I Nikolaya məhz o, rəsmi təkliflə müraciət etmişdir: “Həşmətli zati-aliləri, şəfqət və mərhəmət dolu nəzərlərinizi bu bədbəxt və zavallı qurbanlara yetirin;  Rusiyaya göstərdikləri sədaqətə görə  Osmanlı müstəbidinin onlardan intiqam almasını rəva görməyin.”

Rusiya imperatoru I Nikolay da canişin Paskeviçin istəyini qəbul etmişdi: “Əminəm ki, sizə etibar edilmiş diyarda o xalq bu qədər artıb güclənməsinə görə sizin təklifinizə minnətdar və imperiyaya faydalı  olacaqdır.”

A. Xudobaşyanın (rus mənbələrində – Xudobaşev) yazıb ki, 1859-cu ildə Ərzurum, Kars, Bayəzid və Toprakkale ərazilərindən İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağa 90 min erməni gəlmişdi. (Bax: А. Худобашев. Обозрение Армении в географическом, историческом и литературном отношениях. Санкт-Петербург, 1859, c. 396- 397)

Kütləvi halda köçüb gələnlərin yerli camaata qarşı nümayişkarənə surətdə təhdidkar davranmasına, otlaq və əkin sahələrini ələ keçirmələrinə laqeyd qala bilməyənlərin çoxu məcburən öz dədə-baba yerlərindən köçüb getdi. Ermənilərin İrəvan və Qarabağ ərazisinə köçüb gəlməsini onların tarixçiləri çox mütərəqqi bir hadisə kimi qiymətləndirirlər. Məsələn, kanadalı siyasətşünas Razmik Panossyan bu hadisəni ermənilərin öz evlərinə qayıdışı kimi qəbul edir.

Ermənilərin Azərbaycan türklərinə təzyiq, təxribat və terroru müəyyən fasilələrlə davam etmişdir. Məsələn, I Dünya müharibəsi illərini fürsət bilən ermənilər türklərə qarşı etnik təmizləmə işini genişləndirmişdilər. Bu xüsusda 1917-1918-ci illəri xatırlamaq yerinə düşər. Andranik Ozanyanın başçılığı ilə silahlı daşnaksütun dəstələri Şərur- Dərələyəz qəzalarında yaşayan türkləri xüsusi qəddarlıqla qətlə yetirir, onların əmlakını yandırır, zinət əşyalarını və pullarını zorla əllərindən alır, ayaqyalın, başıaçıq qaçmağa məcbur edirdilər.

1897-ci ilin statistik məlumatına görə, Zəngəzurda 71 min 200 türk yaşayırdısa, 1922-ci ildə onların sayı 6 min 500 nəfərə düşmüşdü (Bax:Кавказский Этнографический сборник, IV часть, Институт Этнографии им. Н. Н. Миклухо-Маклая АН СССР, Москва, Наука, 1969, с. 10)

Türklərə qarşı xüsusi qəddarlığı ilə səçilənlərdən biri Njde Qaragün haqqında bir qədər daha ətraflı məlumat vermək lazımdır. Ermənilərin müxtəlif yerlərdə heykəlini ucaltdıqları, əməllərindən qürur duyduqları, Njde Qaragin adıyla tanınan Arakel Arutyunyan (sonralar özünü əsilzadələrdən göstərmək məqsədi ilə familiyasını Ter-Arutyunyan şəklində dəyişdirib) əli silah tutandan bəri, saysız-hesabsız cinayətlərin iştirakçısı və təşkilatçısı olub. Bu “xidmətləri” sayəsində Culfadan Peterburqa qədər müxtəlif həbsxanalarda “dincəlmək” şərəfinə də layiq görülüb. Peterburqda universitetdə oxuduğu zaman törətdiyi növbəti cinayətə görə, 1909-cu ildə  universitetdən qovulan, polis tərəfindən axtarılan və yaxalandığı təqdirdə Sibirə sürgün ediləcəyindən qorxan Njde havadarlarının köməyi ilə gizli şəkildə Bolqarıstana qaçıb. (Sonralar isə o özü bu hadisəni  siyasi fəaliyyəti ilə əlaqələndirib). Balkan savaşı zamanı Andraniklə birlikdə türklərə qarşı vuruşub. I Dünya müharibəsi başlayanda çar hökumətinin vermiş olduğu əfvdən yararlanaraq, geri qayıdıb,  silahlı dəstə yaradaraq Anadolu və Azərbaycan türklərinə xüsusi amansızlıqla divan tutub.

1918-1921-ci illərdə Zəngəzur, Gümrü, Vedi və Qarabağda törətdiyi cinayət əməllərinin bir qismi məhkəmə sənədlərində də təsbit edilib. Məsələn, istintaqda şahid qismində dindirilən Xoylunts Arsen Arutyunoviç adlı şəxs “Njdenin Zəngəzurdakı əməlləri barədə nə bilirsiniz?” sualına belə cavab vermişdi: “1919-1920-ci illərdə Njdenin komandanlıq etdiyi daşnak ordusunun  silahlı birlikləri Qafanda və onun civarında yerləşən ərazilərdə onlarca azərbaycanlı kəndini dağıtmış  və burada yaşayan minlərlə dinc əhalini məhv etmişdir”. (Bax: Протокол допроса свидетеля Хойлунца Арсена Арутюновича от 16-го сентября 1947г.)

1921-ci ilin iyun ayından Zəngəzurda raykom katibi işləmiş həmin şahid Xoylunts bildirib ki, Njde 1920-ci ilin axırı, 1921-ci ilin başlanğıcında təkcə Tatevos ərazisində 400-dən çox azərbaycanlını qayadan uçuruma atıb.

Njde özü istintaq zamanı öz əməllərinə haqq qazandırmaq üçün qətlə yetirilənlərin azərbaycanlı deyil (?), türk olduqlarını söyləmişdi: “Xoylunts və Canunts adlı şahidlər Tatevos qayasından atılanlar və güllələnənlər haqqında bəhs edərkən, Sovet hökumətinin bizə qarşı istifadə etdiyi Zaval Paşanın dəstəsindən olan 200-dək türkü nəzərdə tutmuşlar. Bildirmək istəyirəm ki, Zaval Paşanın dəstəsi mənim tərəfimdən darmadağın edilmişdir”. (Bax: Протокол допроса обвиняемого Тер-Арутюняна Гарегина Егишевича от 19-го сентября 1947 г.)

Njde ömrü boyu Fransada, Amerikada, Rusiyada, Türkiyədə,  İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və Serbiyada türk qanı axıtmaqdan xüsusi ləzzət alıb, hər yerdə Türkiyəni düşmən bilib. Bunu o özü 1954-cü ilin fevral ayının 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri K.Y. Voroşilova ünvanladığı əfv haqqında ərizəsində də ifadə edib: “Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçmişdir”. (Bax: http://www.bvahan.com/armenianway/aw/Njdeh_KGB/Part08.html  s. 145 )

Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə Njdeden türklərə qarşı bir alət kimi istifadə edilib. Məsələn, hələ I Dünya müharibəsi başlayanda Çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı dövlətinə qarşı fəaliyyət göstərsin. Njde bu barədə belə yazıb: “Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərti ilə mən çar hökumətindən əfv olunaraq geri qayıtdım.” (Bax: Архив Министерство Национальной Безопасности Армении, дело N11278, т. 4)

İranda və Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə Amerikaya gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi. Daha sonra məlum qüvvələrin yardımı ilə  Bolqarıstanda vətəndaşlıq statusu qazanan Njde orada da daim türklərə qarşı terror hərəkətləri edib,  II Dünya müharibəsi ərəfəsində könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişib.

Erməni lobbisinin yardımı ilə özünün uydurduğu “tsexakronutyun” ideyası haqqında A. Hitlerə bilgi verib. Bu ideyaya görə, ermənilər ari irqə mənsubdurlar və onların tarixi ərazilərinin bərpasında dünya dövlətləri onlara yardım etməlidirlər. SSRİ-nin, İranın və Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde II Dünya  müharibəsində “SS” (Schutzstaffel) qoşunlarında (Waffen SS) erməni hərbi fərarilərindən və əsirlərindən ibarət xüsusi könüllülər dəstəsi təşkil edib, xeyli müddət təkəbbürlə mundirində “SS” devizi  (“Meine ehre heißt treue”- Şərəfim sədaqətimdir”) daşıyıb. Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla Bolqariya və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı da müzakirə edilib hazırlanmışdı. (Bax: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht, Bundesarchiv, 1944, s.51)

Ermənilərin Azərbaycan türklərinə qarşı düşmən münasibəti, ərazi iddiası, məkrli tutumu SSRİ zamanında da səngiməmişdir. Məsələn, 7 iyun 1945-ci ildə SSRİ Xarici İşlər naziri Vyaçeslav Molotov (1890- 1986) Türkiyə Respublikasının Moskvadakı səfiri Selim Rauf Sarperə ( 1899- 1968 ) Sovet hökumətinin rəsmi notasını təqdim etmişdir. Notada 3 mart 1918-ci ildə imzalanmış “Brest-Litovsk” müqaviləsinin yenidən nəzərdən keçirilməsi, şərqi Anadoludakı bəzi ərazilərin qərbi Ermənistana və Gürcüstana aidliyi məsələsi iddia olunurdu. Erməni katalikosu VI Gevork SSRİ-nin bu “nəcib” təşəbbüsünü alqışlayan təşəkkürnamə yazmağa gecikmədi. (Bax: The Armenians: Past and Present in the Making of National Identity, 2005, p.119).

1946-1948-ci illərdə xaricdən Ermənistan SSR-ə təxminən 100 min erməni köçüb gəldi. İmmiqrasiya edən erməniləri yerləşdirmək üçün 100 mindən çox Azərbaycan türkü Ermənistandan deportasiya edildi. Bu məkrli planın memarı 1937-1953-cü illərdə Ermənistan SSR-in siyasi rəhbəri (Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi) olmuş Qriqor Arutyunyan (1900-1957) idi. Q. Arutyunyanın ağıl verəni isə o vaxtlar Kremldə mühüm vəzifə tutan Mərkəzi Komitənin Siyasi bürosunun üzvü, SSRİ Xarici Ticarət naziri Anastas Mikoyan (1895-1978) hesab olunur. Təəssüf ki, 1947-ci ildə İ.V. Stalin Azərbaycan türklərinin Ermənistan ərazisindən köçürülməsi haqqında 4083 nömrəli planı təsdiqlədi (Bax: A Failed Empire; University of North Carolina Press, 2009, p. 38 ).

SSRİ Nazirlər Sovetinin sərəncamı ilə 1948-ci ildə Ermənistan SSR-də yaşayan 100 mindən çox azərbaycanlı türk  daimi olaraq Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüldü.

Məqsədyönlü şəkildə hakimiyyətə gətirilmiş boşboğaz, intriqan, arvadağız, maymaq M.Qorbaçovun (ömrü boyu xanımı Raisa Maksimovnanın güclü təsirindən çıxa bilmədiyi üçün ona hörmət əlaməti olaraq “Mişa Raykin” də deyirdilər) zamanında (1985-1991) “aşkarlıq”, “demokratiya” və “yenidənqurma” pərdəsi altında ermənilərin Azərbaycana qarşı yeni səlib yürüşü başladı. Xalqı, guya, ağ günə çıxarmaq istəyən Qorbaçov iqtisadi məsələlər üzrə baş məsləhətçisi Abel Aqanbeqyanın sözü ilə Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinə qeyri-rəsmi göstəriş verdi.

1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuş Robert Koçaryanın iştirakı və rəhbərliyi ilə 1989-cu ildə  Xankəndində yaranan “miatsum” (birləşmə- միացում – yəni, Qarabağın Ermənistana birləşdirilməsi) ictimai-siyasi hərəkatı onların ümummilli “dənzdən dənizə” layihəsinin tərkib hissəsidir. Xatırlatmaq lazımdır ki, ermənilər 1923, 1945, 1963, 1977 və 1983-cü illərdə də Qarabağın dağlıq hissəsini müxtəlif bəhanələr altında Ermənistana birləşdirmək təklifi ilə çıxış etsələr də, buna müvəffəq ola bilməmişdilər (Bax: Svante E. Cornell. The Nagorno-Karabakh Conflict. Report No 46, Department of East European Studies, Uppsala University, 1999).

1988-1991-ci illərdə Ermənistan ərazisində yaşayan, təqribən, 300 min soydaşımız öz doğma, tarixi yerlərindən didərgin oldu. 1992-1994-cü illərdə isə Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əsgəran, Hadrut,  Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və  Qubadlı ərazilərindəki soydaşlarımız öz vətənlərində məcburi köçkün durumuna düşdülər. Beynəlxalq ictimaiyyət, dünyanın ən inkişaf etmiş dövlətlərinin başçıları elə hey “dil tapın, güzəşt edin” tipli məsləhətlər verməklə kifayətləndilər. Ermənilər BMT-nin məlum qətnamələrini heç saya da salmadılar. 2019-cu ilin yayında Xankəndinə gəlmiş N.Paşinyan Cıdır düzündə sərxoş olub “Artsaxi Hayastane, ket – Qarabağ Ermənistandır – nöqtə” bağıranda,ermənilərin havadarları ona bir çəki-düzən vermədilər ki, “ara, Nikol, sus!”

Azərbaycanın dəmir yumruğunun təsirindən nokdaun vəziyyətinə düşmüş Ermənistana qahmar çıxanlar bugünlərdə xaç çevirə-çevirə onlara dirçəliş planı hazırlayır, təsbeh şaqqıldada-şaqqıldada məsləhətlər verirlər. Müxtəlif adlar altında qurudan, havadan yenə də ermənilərə xətri sayılır miqdarda yardımlar edilir, müxtəlif hərbi təyinatlı avadanlıqlar, silah-sursatlar ötürülür, yaraları sarınır. Bir ucdan da ordan-burdan “qaçqın” ermənilər tapıb gətirirlər, doldurulur Xankəndinə, Xocavəndə, Əsgərana, Ağdərəyə. Yəqin ki, nə vaxtsa  orada bir “referendum” keçirmək ssenarisi də hazırlayırlar. Əhrimənə xidmət edənlər unudurlar ki, Azərbaycan  bu haqlı mücadiləsində tək deyildir.  Türkiyə Cümhuriyyəti kimi sədaqətli qardaşı, Pakistan kimi etibarlı hərbi müttəfiqi olan Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgərləri mənfur düşmənə hər an sarsıdıcı zərbələr endirməyə qadirdirlər:

Zulmün topu var, güllesi var, kal’ası varsa,

Hakkın da bükülmez kolu, dönmez yüzü vardır;

Göz yumma güneşten, ne kadar nuru kararsa

Sönmez ebedi. Her gecenin gündüzü vardır!

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …