Cümə axşamı , İyul 16 2026
azfa

Qrossi: İran və ABŞ arasında razılaşma agentliyin iştirakı olmadan uğurlu olmayacaq

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İran və ABŞ arasında imzalanacaq istənilən mümkün razılaşma bu qurumun iştirakı olmadan uğurlu olmayacaq.

O, Britaniyanın “Telegraph” qəzetinə müsahibəsində qeyd edib: “Yoxlama olmadan heç bir razılaşma əsl razılaşma deyil, sadəcə razılaşma illüziyası və ya yerinə yetirilib-yetirilməyəcəyi bilinməyən bir vəddir”.

Qrossi əlavə edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bütün nüvə obyektlərini “çox yaxşı” tanıyır və “biz bu işdə tam neytrallığı təmin edə bilən yeganə qurumuq”.

O, mümkün İran–ABŞ razılaşması ilə bağlı proqnozunda bildirib ki, belə bir razılaşma İranın zənginləşdirilmiş uranının bir hissəsinin seyrəldilməsini və qalan hissəsinin üçüncü ölkəyə göndərilməsini əhatə edə bilər.

Agentliyin rəhbəri ABŞ-ın İran ərazisinə daxil olaraq nüvə obyektlərində qalan uranı toplamaq ehtimalını “özünəməxsus çətinliklərlə” müşayiət olunan bir proses kimi qiymətləndirib. O deyib: “ABŞ-ın bunu həyata keçirmək üçün hərbi imkanlara malik olduğuna şübhəm yoxdur, lakin bu, idarə olunması, işlənməsi və daşınması baxımından çox həssas bir məsələdir”.

Son günlər ABŞ prezidenti Donald Tramp dəfələrlə İrandan “nüvə tozunun” çıxarılması barədə danışıb və bu prosesin İran hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyini bildirib.

Məlumata görə, İran ötən il baş vermiş 12 günlük müharibə zamanı nüvə obyektlərinin bombardman edilməsindən sonra agentlik müfəttişlərinin bu obyektlərə tam çıxışını məhdudlaşdırıb və BMT nəzdində fəaliyyət göstərən bu qurumla əməkdaşlığını azaldıb.

Qrossi həmçinin bildirib ki, Ukrayna və Yaxın Şərqdəki münaqişələr Səudiyyə Ərəbistanı, Polşa, Türkiyə, Cənubi Koreya və Yaponiya da daxil olmaqla təxminən 20 ölkənin iştirakı ilə nüvə silahlanma yarışına səbəb ola bilər.

O vurğulayıb: “Nüvə silahlarının ‘dostcasına yayılması’ ilə bağlı müzakirələr aparılır. Bütün bunlar məni narahat edir, çünki 20 nüvə silahına malik ölkənin olduğu bir dünya çox təhlükəli olar”.

Həmçinin yoxlayın

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Tramp: İran İslam Respublikası rəsmiləri 47 il ərzində hamını aldada biliblər

GADTB: ABŞ Prezidenti Donald Tramp Foks Nyus telekanalına müsahibəsində “İŞİD-i məhv etdiyiniz kimi, Sepahı da …