GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı Rusiyanın ölkədəki səfirinə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın RF-yə səfər etməsi ilə əlaqədar XİN-in etiraz notası təqdim edilib.
Notada Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə daxil olması və orada bir sıra rusiyalı ekspertlər və akademik mərkəzlərin təmsilçiləri ilə görüşlərin keçirilməsi Ermənistanın artıq 30 ilə yaxındır ki, işğal olunmuş ərazilərdə status-kvonu möhkəmləndirməyə cəhd edərək, Azərbaycan ərazilərini işğal altında saxlamağa xidmət etdiyi qeyd olunub.
Nazirlik bu kimi səfərlərin dəyişməz olaraq təxribat xarakter daşıdığını və Azərbaycan Respublikasının suverenliyə və ərazi bütövlüyünə qarşı yönəldiyini vurğulayaraq, danışıqlar prosesinə zərbə vurduğu və Azərbaycanla Rusiya arasında mövcud olan səmimiyyət və yüksək etimada kölgə saldığı, habelə 3 iyul 1997-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”nin müddəaları ilə qəti şəkildə uzlaşmadığı barədə mövqeyi Rusiya tərəfinə çatdırıb.
Qeyd olundu ki, Rusiya tərəfinin bu cür səfərlərə çəxsi səfər qismində baxdığını dəfələrlə bəyan etməsinə baxmayaraq, işğal edilmiş ərazilərdəki qeyri-qanuni “hakimiyyət orqanları”nın “nümayəndələri” Rusiya ərazisindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin möhkəmləndirilməsi məqsədilə istifadə etməkdə davam edirlər.
Eyni zamanda, qondarma qurumun “nümayəndələri”nin Rusiya ərazisinə səfər etməsi və orada işğal nəticələrini təbliğ etməsinə imkan yaradılması RF-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü qismində hələ 1993-cü dəstəklədiyi 822, 853, 874 və 884 saylı qətnamələri ilə uzlaşmadığını bildirilib. O da xüsusi vurğulanıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin missiyası münaqişənin sülh yolu ilə həllinə dair bütün məsələlərdə qərəzsiz münasibət bəsləməkdir.
Bununla əlaqədar Azərbaycan tərəfi bu kimi qanunsuz səfərlərin qarşısının alınması istiqamətində Rusiya tərəfindən bütün zəruri tədbirlərin görülməsi gözlədiyini səfir M.Boşarnikovun diqqətinə çatdırdı.