Ramazan Siracoğlu: Dünyanın Türklük qorxusu

GADTB: Dünya tarixinin yazılı qaynaqlarının məlumatına görə, indiyə qədər türklər 114 dəfə dövlət qurmuşlar. Maraqlıdır ki, dövlət yaratmaqda çox bacarıqlı olan türklər, həmin dövlətlərini ya öz əlləri ilə dağıtmış, ya da onların yox olmasının başlıca səbəbkarı elə özləri olmuşlar.

Hun türklərinin eramızdan öncə, 1760-cı ildə müstəqil dövlətləri olduğu və bu dövlətin 2 min ildən artıq öz varlığını sürdürdüyü barədə Çin qaynaqlarında bilgilər vardır. Kuman, Saka, Göktürk, Tabqac, Xəzər, Toha, Qarluq, Peçeneq, Bulqar və onlarca digər türk boyları tarixdə iz qoymuşlar. Türklərin 16 imperatorluğunun olması bir gerçəkdir, amma, Səfəvilər, Məmlüklər, Əyyubilər, Baburilər və Qutluq dövlətləri də bu siyahıya əlavə edilsə, imperatorluğun sayı 21-ə yüksələr.

Türklərin hərbi qüdrəti ilk növbədə onlarla qonşu dövlətləri qorxuya salmışdı. Məhz bu səbəbdən İslam Peyğəmbərinin öz tərəfdarlarına söylədiyi “ اتْرُكُوا التُّرْكَ مَا تَرَكُوكُمْ- Utruku turkə ma tərkukum – Türklər sizdən uzaq durduqca, türklərdən uzaq durun” xəbərdarlığı məşhurdur (Bax: http://islamport.com/w/amm/Web/2569/10472.htm الكتاب: أرشيف ملتقى أهل الحديث ).

Türklər tarixdə çox millətlərlə – çinlilərlə, farslarla, ərəblərlə, yunanlarla, ruslarla, italyanlarla, ingilislərlə, fransızlarla, ispanlarla, isveçlərlə və digərləri ilə döyüş meydanlarında dəfələrlə vuruşmuşlar. Demək olar ki, dünya millətlərinin əksəriyyətində türk əsgərlərindən bir ömürlük həzin xatirələr qalmışdır.

Sultan Mehmet Fatihin komandanlığı ilə türk ordusunun 29 may 1453-cü ildə Şərqi Roma – Bizans imperiyasının varlığına son verməsi ilə dünyanın orta əsr çağı tamamlanmışdı. Türklərin hərbi gücünə tab gətirməyən Avropa dövlətləri o zamandan ideoloji anti-türk hərəkatına başlamışlar. Avropa ölkələrinin kilsələrində “missa contra Turcos – Türklər əleyhinə ayinlər” – adlanan tədbirlər keçirilməsinə start verilmişdi. Bu dini mərasimlərdə dinləyicilərə türklərin qəddarlığı haqqında moizələr oxunur və onlara təlqin edilirdi ki, türklərə ancaq xristian biriyi sayəsində qalib gəlmək olar ( Bax: A. Kirkman. The cultural life of the early polyphonic mass. Cambridge University press, 2010, p. 121).

Türklər öz ərazilərini genişləndirdikcə avropalılar da eyni templə anti-türk təbliğatının vüsətini artırırdılar. Məsələn, XVI əsrdə Avropa ölkələrində türklərin əleyhinə təqribən 2500 yazı nəşr olunmuşdu. Bunlardan minə qədəri alman dilində yazılmışdı. Məqsədi türklərə qarşı hamıda kin və nifrət hissi aşılamaq olan bu yazılarda türklər qəddar, mədəniyyət düşməni və cahil olaraq təqdim olunurdular. Məsələn, 1683-cü ildə Avstriyanın paytaxtı Vyana şəhərindəki Müqəddəs Stefan kafedral kilsəsinin (St. Stephen’s Cathedral) girişində türklərə qarşı xaç yürüşündə iştirak etmiş katolik rahibi Covanni Kapistranonun (1386-1456) heykəli qoyulmuşdur. Rahibin ayaqlarının altında cahadda ağır yaralanmış, can verən türk döyüşçüsü var. Heykələ türklər və islam Peyğəmbəri haqqında çox ağır, təhqiramiz yazı da həkk olunmuşdur. Həmin yazı 1945-ci ildən sonra mərmər həykəldən silinmişdir (Bax: Andre, Gingrich (April 2015). “The Nearby Frontier: Structural Analyses of Myths of Orientalism”).

Avropada, xüsusən Almaniyada, kilsə islahatçısı kimi tanınan, lütəryanlığın banisi sayılan Martin Lütər (1483-1546) o dönəmlərdə qızğın şəkildə türklər əleyhinə təbliğat aparanlara başçılıq etmiş, xristianlığı yox etmək işində türkləri “İblisin yardımçısı”, “Dəccalın müttəfiqi” saymışdır ( Bax: Foley Sean. “Muslims and Social Change in the Atlantic Basin”. Journal of World History. 20 (3), 2009, p. 377 ).

Osmanlı sultanı IV Mehmedin zamanında (1642-1687) Avstriya, Venetsiya və Polşa birləşərək Osmanlıya qarşı hücum etmiş, 1683-cü ildə bir sıra yerləri ələ keçirdikdən sonra Avropa xalqları öz karnavallarında geyindikləri qiyafətlərlə türkləri təhqir etməyə başlamışdılar. Məsələn, isveçli keşiş Erland Driseliusun 1694-cü ildə nəşr olunan kitabında türklər xristianlığın qəddar düşməni olaraq təsvir edilmişdi (Bax: Turkey, Sweden and the European Union. Stockholm, April 2006, p. 7). 1795-ci ildə İsveç məktəbliləri üçün nəşr olunan kitablarda türklərin dini etiqadları və Quarani-Kərim haqqında iftiralar əks etdirən məlumatlar verilmişdi.

Avropa dövlətləri Osmanlı dövlətinə qarşı çıxış edən bolqarlar, serblər, xorvatlar, polyaklar, yunanlar, ermənilər, çernoqoriyalılar, albanlar, çexlər və digər etnik qrupları açıq-aşkar dəstəkləyir, bütün mümkün vasitələrlə dünya ictimaiyyətində türklər əleyhinə müntəzəm kampaniya aparırdılar. Bu işdə din xadimləri, ədəbiyyatçılar, rəssamlar və bəstəkarlar fəal mövqe tuturdular. Çarlz Darvin, Cüzeppe Qaribaldi, Vilyam Şekspir, Oskar Vayld, Migel de Servantes, Viktor Hüqo, Fyodr Dostayevski, Corc Bayron, Ernest Heminquey kimi tanınmışlar öz oxucularına türklük qorxusu körükləyənlərdən olublar.

Məsələn, türklər haqqında ağır ifadələr işlətmiş ispan yazıçısı Migel de Servantes (1547-1616) 7 oktyabr 1571-ci ildə baş vermiş İnebahtı dəniz döyüşündə (ispan qaynaqlarında- Batalla de Lepanto) türklərə qarşı vuruşanda sol qolundan yaralanmış və 5 il əsirlik həyatı yaşamışdır. Türklərə qarşı vuruşacaq xaçlı yürüşünə kapitan rütbəsində könüllü olaraq qatılan Migel de Servantes “Don Kixot” əsərində “xunxar türklər”dən qisas almaq fürsəti yaxaladığı üçün taleyinə minnətdar olduğunu yazmışdır. Türklərlə döyüşdə sol qolunu itirən Servantes ömrünün axırınadək “El manço Lepanto- İnebahtı əlili” ayaması daşımışdır.

“Səfillər” əsəri ilə tanınan fransız ədibi Viktor Hüqo (1802-1875), “Uşaq” (“L’Enfant” ) şeirində türklərin, guya, barbar olduğunu isbatlamaq istəmişdir: Türklər keçib ordan, hər yer darmadağın, matəm içində (Les turcs ont passe là. Tout est ruine et deuil).

Fransız ədibi və filosofu Volter (əsl adı: Fransua Mari Arue idi -1694-1778) Rusiya-Osmanlı müharibəsində (1768-1774) rus imperatriçası II Yekaterinaya yazdığı məktubda “Ülya həzrətləri, türkləri öldürərək mənə yenidən həyat verirsiniz. Siz Avropanın gücünü aldınız. Türk dilini və bu dildə danışanları Avropadan sürgün etmək gərəkdir. Türklərin hamısının kökünün qazıldığını görmək istərdim” ifadələri və bundan daha ağır fikirlər bildirmişdir.

Prussiya kralına yazdığı məktubda isə həmin filosof “Yunanıstana zülm edən türklərdən hər zaman nifrət edəcəyəm”, – deyə bəhs etmişdir.

Başqa bir fransız ədibi və filosofu Şarl Lui Monteskyö də (1689-1755) türklərə qarşı həqarət dolu sözlər sərf etməkdən çəkinməmişdir. Onun İsveçrədə imzasız nəşr etdirdiyi “Qanunların ruhu haqqında” (De l’esprit des loix) traktatında türklər barədə böhtan və iftiralar dolu fikirlər əks olunmuş və türkləri “dünyanın ən çirkin insanları” şəklində təsvir etmişdir. İngilis romantizminin öncüllərindən Corc Bayron (1788- 1824) türklərə qarşı vuruşub türk qanı axıtmaq üçün könüllü olaraq yunanlar tərəfdən savaşa qatılmışdı.

Psixi problemləri olan, əyyaş həyat tərzinə düşkün rus yazıçısı F.M.Dostayevski (1821- 1861) “Karamazov qardaşları“ əsərində bir nəfər bolqardan eşitdiyi sözlərə inanaraq türklərin bolqarları yandırdıqlarını, doğradıqlarını, qadınlara və uşaqlara təcavüz etdiklərini, məhbusları qulaqlarından hasara mıxladıqlarını yazmışdır (“Турки жгут, режут, насилуют женщин и детей, прибивают арестантам уши к забору).

Kommunizmin banilərindən sayılan Fridrix Engels (1820-1895) Kiçik Asiyada məskunlaşan türklərə qarşı öz nifrətini açıq şəkildə bildirməyə tənbəllik etməmişdir: “Avropanın ən gözəl torpaqları mədəniyyətsizlərdən qurtulacaqdır”.

Yeri gəlmişkən, I Dünya Müharibəsi zamanı, 11 yanvar 1915-ci ildə Moskvadakı Tver meydanında təşkil olunmuş “Slavyan günü” mitinqində coşan mitinq iştirakçıları çar II Nikolaydan Çarqradı (yəni İstanbulu) ələ keçirməyi, İstanbuldakı Aya Sofyanın qübbəsinə xaç sançılmasını təmənni edirdilər.

Şəkildə “Крест на Святую Софию” transparantı diqqət çəkir. Tver meydandakı heykəl isə 1877-1878 Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı hesab edilən general Mixail Skoblevin heykəli idi. V.İ.Leninin əmri ilə bolşeviklər o heykəli 1 may 1918-ci ildə yıxdılar. Bu gün efirə püskürən Kanareykin də (soyadını qəsdən sinonim sözlə dəyişdirdim), Dumanın qocaman sakini, prezident seçkilərinin əbədi uduzanı da – “долгоиграющий проигрыватель” (ruslar qramofon vallarını səsləndirən cihaza da belə deyirlər ) – elə o yüz il öncəki mitinq iştirakçılarının söylədiklərini təkrarlayırlar.

Avropa ölkələri birmənalı şəkildə türklərin Anadoluda məskunlaşmasını qəbullana bilmir. Hər vəchlə onun başını daxili problemlərlə qarışdırmağa, iqtisadi çətinliklər burulğanında çabalamağa məcbur etməyə, etnik çatışmalarla boğmağa çalışırlar. Avropalıların bir xristian təəssübkeşliyi var, ona görə də xristian birliyi olan Avropa birliyinə Türkiyənin daxil olmasına imkan vermirlər. Təsəvvür edirsinizmi, Moldova və Gürcüstan pasportu olanlar heç bir problem olmadan istədikləri Avropa ölkəsinə vizasız getmək hüququna sahibdirlər. Türkiyə və Azərbaycan pasportu olanların isə belə hüququ yoxdur. Gərək müvafiq səfirliklərə müraciət edib, bəlkə müsbət cavab verdilər ümidi ilə aylarla gözləyəsən. Avropa dövlətləri kimi, fars və ərəblərin də türklərə qarşı münasibətləri soyuqdur.

Uzun zaman aparılmış anti-türk təbliğatı nəticəsində türk kökənli insanların bir qismi öz milli mənsubiyyətini, sözün əsl mənasında, unutmuşdur. Onlar türk adı eşidəndə diksinirlər. Çoxları TÜRK dedikdə yanlışlıqla sadəcə Anadoluda yaşayanları düşünürlər, halbuki türklərin böyük hissəsi Anadoludan kənarda – Orta Asiyada, Sibirdə, Doğu Türküstanda, Çində, Uralda, Volqaboyunda, Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə yaşayır. Siyasət və linqvistika tamam fərqli qavramlardır. Biz qürurla və məntiqlə “Bir millət, iki dövlət” deyirik. Türkiyə və Azərbaycan, həqiqətən də “bir millət, iki dövlət”dirsə və biz də bunu qəbul ediriksə, onda mübahisəyə ehtiyac qalmır. Bir millətin, təbii ki, bir dili olur. O ULU dilin də adı bəllidir.

Millət və milliyyət məfhumlarını isə eyniləşdirmək olmaz. Məsələn, Amerika milləti yoxdur, milliyyəti var, Kanada milləti yoxdur, milliyyəti var, Yəmən, İraq, Suriya, Livan, Liviya, Misir, Əlcəzair, İran milləti yoxdur, milliyyəti var. Deməli, Amerika dili, Kanada dili, Avstriya dili, İsveçrə dili, İraq dili, Yəmən dili, Suriya dili, İran dili də yoxdur. Ləhcə, şivə, ağız, dialekt sinonim sözlər deyil, fərqli xüsusiyyətlərə malik terminlərdir. İstənilən sistemli dilin fonematik və sintaktik quruluşu o dilin qnoseoloji mənsubiyyətini müəyyənləşdirən həlledici amildir.

Azərbaycan Respublikasının bütün vətəndaşları – türklər, talışlar, tatlar, ləzgilər, lahıclar, inqiloylar, saxurlar, avarlar, ruslar, yəhudilər, udinlər və başqaları, istisnasız olaraq, azərbaycanlıdırlar.

Dıldə leksikoloji fərqlilik önəmli deyil, çünki ekstralinqvistik (siyasi, iqtisadi, mədəni, geopolitik səbəblər) faktorlar üzündən bir dildən başqa dilə yüzlərcə söz keçə bilir. Məsələn, dilimizdə çoxsaylı ərəb mənşəli sözlərin olması bizə dilimizin ərəb dili ilə qohum olması barədə düşünməyə əsas vermir. Eləcə də, Anadolu və Azərbaycan türklərinin danışığında eyni anlayışı fərqli sözlərlə ifadə etmək də həmin dilin fərqli dil olduğuna dəlalət etməz: tren-qatar, bavul-çamadan, bekar-subay, yaz-yay, torun-nəvə, tencere-qazan, kepçe-çömçə, sis-duman vs.

Maraq üçün qeyd edək ki, amerikan ingiliscəsi ilə Britaniya ingiliscəsi, Bavariya almancası ilə Saksoniya almancası, Misir ərəbcəsi ilə İraq ərəbcəsi, Paris fransızcası ilə Kvebek fransızcası arasında leksikoloji səviyyədə ciddi fərqlər olsa da, heç kim onları fərqli dil hesab etmir. Məsələn, londonlu bir qadın vaşinqtonlu bir qadına “ I have left my child’s dummy in the pram and his nappy in the boot” söyləsə, vaşinqtonlu onu anlamayacaq və ya bostonlu bir oğlan mançesterli bir xanıma “you have nice pants” desə qız bu ifadəni təhqir kimi qəbul edəcək. Britaniyalıların “dummy” adlandırdıqlarına amerikalılar “pacifier”, “nappies”-“diapers”, “pram”- “baby carriage”, “boot”-“trunk” deyirlər. “İndi səndən kitabımı verməni rica edirəm” cümləsinin ərəb ədəbi dilində qarşılığı “Ərcuu minkə ən tu‘tiyəni kitabi halən” şəklindədir. Suriyalılar həmin cümləni “Bi-trəccaki’tini kitabi həllak”, fələstinlilər “İ‘məl ma‘ruf i‘tini kitibi həl’it”, əlcəzairlilər “İ‘tini iktab inta‘i druk”, tunislilər “Nuhibbək tu‘tini iktabi təvva”, misirlilər isə “Min fadlik iddini il kitab bitai dil va’t” işlədirlər. Misirlilər “qaf” hərfini yazsalar da, onu oxumurlar – “qəlb” sözünü “əlb” tələffüz edirlər, “cim” hərfini “qim” oxuyurlar – cumhuriyyət-qumhuriyyə; cəmal-qəmal, cəmil-qəmil vs; gələcək zamanı “hə” prefiksi ilə, inkarlıq bildirən “lə” yerinə “miş” deyirlər. Çoxsaylı fərqlərə rəğmən misirlilərin ləhcəsinə heç kim Misir dili demir. Oğuz türkcəsi ilə Qıpçaq və Uyğur türkcəsi arasında müəyyən morfoloji ayrılıqlar olsa da, onların ümumi ANA dili TÜRK dilidir.

Özünü Avropa standartlarına uyğun, kosmopolit-liberal düşüncə sahibi zənn edən, xarici dillərin birində və ya bir neçəsində sərbəst danışmaq bacarığı olan bəzi ziyalılarımız öz milli mənsubiyyətini unutsalar da, avropalılar onların milli mənsubiyyətini əsla yaddan çıxartmırlar. Biz çox vaxt sadəlövhlüklə düşünürük ki, problemlərimizi dünyaya yetərincə çatdıra bilmədiyimizdən dünya ictimaiyyəti, Qarabağ məsələsi də daxil olmaqla, bizim problemlərimizə etinasız qalır. Qətiyyən belə deyil.

Yerin altını, üstünü, kosmosu ələk-vələk edən, dünyanı ovucunun içi kimi bilən Qərb dünyası çox gözəl anlayır ki, ermənilər Qarabağa gəlmə etnik qrupdur, İrəvan da türklərin dədə-baba yurdudur. BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələri də gözdən pərdə asmaq idi: “Biz bundan artıq nə edək, ermənilərlə özünüz dil tapın”.

Guya, Rusiya başda olmaqla, Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransa 1992-2020-ci illər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdikləri vandalizmi, cinayətləri, insanlığa sığmayan hərəkətlərini, şəhər və kəndlərimizin yer üzündən silindiyini görmürdülər? Görürdülər, amma nümayişkəranə şəkildə susurdular. Onların düşüncəsinə görə, dil – həqiqətləri gizləmək üçün vasitədir. Xristian təəssübkeşliyi və türklük fobiyası ilə məsələni unutdurulanadək təxirə salmağa, Azərbaycanı mövcud vəziyyətlə barışmağa məcbur etməyə çalışırdılar.

Bu gün ermənilərin əbədi qəyyumu Rusiya, onlara ömrüboyu dayəlik edən Fransa, sözün əsl mənasında, reanimatoloq funksiyasını yerinə yetirirlər: ermənilərə havadan, sudan, qurudan gecə-gündüz hərbi təyinatlı yüklər daşıyırlar. İran İslam Cümhuriyyəti də bu işdə onlardan heç geri qalmır, haylara əlindən gələni əsirgəmir. Bizim zənginlərimizin başı üstüörtülü fərdi, adrenalin dolu macəralara qarışanda erməni zənginləri nüfuzlu senatorları, konqresmenləri ələ alıb ermənilərin xeyrinə fəaliyyətə yönəldirlər: Les autorites françaises semblent de s’incliner devant la pression du puissant loby armenien – Görünür, fransız iqtidarı nüfuzlu erməni lobbisinin basqısına boyun əyir” (Bax: https://fr.linkedin.com/pulse/pourquoi-la-france-e…

Fransa 1187-ci ildə səlib yürüşündə Səlahəddin Əyyubinin (1138-1193) komandanlıq etdiyi türk ordusunun fransızları Fələstin və Şamda darmadağın etməsini, yaxud 1799-cu ildə türk paşası Cəzzar Ahmet Paşanın (1730-1804) qoşunlarının Bonapart Napoleonun ordusunu Akka şəhərində məhv etməsini ya 1919-1922-ci illərdə Qazi Mustafa Kamal Paşanın rəhbərliyi ilə Anadolu türklərinin Fransa da daxil olmaqla, bütün ingilis, italyan, yunan, Avstriya, Kanada və Yeni Zelandiya qoşunlarını Anadoludan qovmasını türklərə, bəlkə, bağışlaya bilmir? Yoxsa, ona nə düşüb ki, gecə-gündüz Türkiyənin və Azərbaycanın əleyhinə işlər çevirsin, Avropa ölkələrini də bu işdə səfərbərliyə çağırsın?

Türk olmaq məsuliyyətli işdir. Türk olsan bütün dünya sənə qarşı gələcəkdir. Bu məsuliyyəti daşımaq, bu çətinliklərə sinə gərmək hər millətin işi deyil. Türk olmamaq isə ondan da çətindir: rəqibin Türk dünyası olacaqdır. “Ne mutlu, TÜRKüm diyene!”

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …