
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər uzun müddət məlumatsızlıqdan sonra ailəsilə qısa telefon əlaqəsində rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsində saxlandığını bildirib.
Azərbaycanlı fəal özü barədə xəbər vermək məqsədilə dekabrın 11-də saat 18:00-da ailəsinə 1 dəqiqəlik zəng etmişdir.
Qeyd edək ki, Azərbaycan rəqsi müəllimi və “Pəyame Nur” Universitetinin hüquq fakültəsinin tələbəsi olan Şahin Bərzgər noyabrın 19-da Təbirzdə, atasının evində rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdı.
Şahin Bərzgər bundan öncə də dəfələrlə mədəni fəaliyyətinə görə həbs edilmişdi. O, ötən il mərhum Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyi üçün 3 aylıq həbs edilmişdi.
Həmçinin oktyabrın 26-da təhlükəsizlik qüvvələri fəalın evinə hücum etmiş, mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 10-cu il dönümündə iştirak etdiyinə görə, onu və qardaşı Şəhruz Bərzgəri yaxalamışdılar. O, 5 gün həbsxanada saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə ilə zaminə buraxılmışdı.