Çərşənbə , Aprel 24 2024
azfa

Rus knyazı İqoru məğlub etmiş Azərbaycan Qaraman türkləri

GADTB: 944-cü ildə vikinqlərin Azərbaycana ən böyük yürüşlərindən biri baş verdi. Həmin vaxt Azərbaycanı Deyləmdən olan Salarilər sülaləsi idarə edirdi. Bu sülalənin digər adı Kəngərilər idi. Ehtimala görə, konunq İnqvarın başçılıq etdiyi, təxminən 3–4 min vikinq gəmilərlə Xəzər dənizindən Kür çayına keçib ölkənin içərilərinə doğru üzdü. Onların hədəfi Bərdə idi. Şəhər 300 nəfəri deyləmi olan 600 hərbçi tərəfindən qorunurdu. Düşmənin yaxınlaşması barədə xəbər alınan kimi qarnizonun döyüşçüləri və 5 min könüllü “çağrılmamış qonaqları” qarşılamağa çıxdı. Amma qeyri-nizami dəstələr vikinqlərin ilk həmləsi qarşısında duruş gətirməyib qaçdılar. Yalnız deyləmi döyüşçüləri sonadək vuruşub həlak oldular. Bərdə skandinaviyalıların əlinə keçdi. Salari hökmdarı Mərzban ibn Muhəmməd öz deyləmiləri ilə gəlib vikinqləri mühasirəyə aldı.

Yunan tarixçisi Deakon yazır: “Bizans imperatoru İohann I Tzimiskes konunq İnqvarın (Kiyev Rus dövlətinin üçüncü rəhbəri knyaz İqor) oğlu konunq Svietoslava (Kiyev Rus dövlətinin dördüncü rəhbəri knyaz Svyatoslav) məktubunda ona xatırlatmışdı ki, İnqvar Bizansla uğursuz müharibədən sonra hansısa germanların üzərinə yürüş etmiş, lakin bu dəfə də məğlub olmuş və əsir düşmüşdü. Onun ayaqlarını tarım dartılmış iki ağaca bağlayıb, sonra ağacları buraxaraq konunqu iki yerə parçalamışdılar (cərcənək etmişdilər)”.

İmperatorun haqqında məlumat verdiyi həmin germanların hansı xalq olduğu bugünədək müəyyən edilməmişdir. Rus tarixçilərinin ehtimalına görə, yunan salnaməçiləri onlara tanış olmayan “drevlyan” sözünü səhvən “german” kimi anlamışdılar. Amma drevlyan və german adları bir-birinə qətiyyən bənzəmədiyi üçün bu fikir inandırıcı görünmür. Digər tərəfdən, Skandinaviya və Xəzər mənbələrinin məlumatları birmənalıdır: “Konunq İnqvar (knyaz İqor) Xəzər xaqanının əmri ilə Serklanda (İslam məmləkətinə) yürüş etdi və döyüşçüləri ilə birlikdə orada həlak oldu”.

Haşiyə. Deyləmilərin etnik mənşəyinə gəlincə, sözsüz ki, onlar bugün Xəzər dənizinin cənub sahillərində yaşayan həm irandilli, həm də türkdilli insanların əcdadlarıdır. Zənnimizcə, deyləmilərin hamısını birmənalı olaraq irandilli və ya türkdilli elan etmək düzgün deyil. Görünür, deyləmi ittifaqlarında həm irandilli (məsələn, Buveyhilər), həm də türkdilli qəbilələr iştirak etmişlər. Belə ki, deyləmilərin ən məşhur sülalələrindən birinin adı Kəngəri və ya Salari idi. Hər iki ad qədim türk tayfalarına – kəngərlərə və salarlara aiddir. X əsrdə salarlar Deyləmə yaxın ərazilərdə yaşamışlar. Salar tayfasının iki ən böyük qolunun biri ağman, digəri isə qaraman adlanırdı.

P.S. Tarixi faktların müqayisəli və sistemli təhlili göstərir ki, imperator İohannın məktubunda adı çəkilən “german” xalqı 944-cü ildə Bərdə ətrafında konunq İnqvara qalib gəlmiş deyləmi əmiri Mərzban ibn Muhəmmədin mənsub olduğu salar tayfasının qaraman boyudur. Salar tayfasının ən böyük qolu qaraman nəsli olduğuna görə bu iki ad çox vaxt eyni məfhumu ifadə etmiş, salar deyiləndə qaraman, qaraman deyiləndə salar başa düşülmüşdür. Salquri (1148-1282) və Qaraman (1250-1487) dövlətləri bu tayfa tərəfindən qurulmuşdur. Anadoluda türk dilinə rəsmi dövlət dili statusu ilk dəfə Qaraman bəyliyində verilmişdir.

Müəllif: Araşdırmaçı, jurnalist Araz Şəhrili

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …